Vəziyyətdən çıxış yolu mütləq var

İşbazlar, süni qiymət artımı yaradanlar məsuliyyətdən yayına bilməyəcək
Vətəndaşlar ilk növbədə dövlətə inanmalı və əmin olmalıdırlar ki, dövlətin qəbul etdiyi qərarlar yaxın zamanlarda öz effektini verəcək




Prezident İlham Əliyev Nazirlər Kabinetinin yanvarın 10-da keçirilən iclasında süni qiymət artımı ilə bağlı sərt tapşırıqlar verib. Ölkə başçısı bildirib ki, manatın məzənnəsinin dəyişməsi ilə əlaqədər bəzi işbazlar qiymətləri süni şəkildə qaldırmağa cəhd edirlər. Bu baxımdan istehlak qiymətlərinə çox ciddi nəzarət etmək lazımdır. Prezident süni qiymət artımının qarşısını almaq üçün aidiyyəti qurumlara və prokurorluq orqanlarına ciddi tapşırıqlar verib:

"Azərbaycanda istehsal olunan məhsullarda qiymət artımı olmamalıdır. Ancaq mənə məlumat gəlir ki, natəmiz insanlar, işbazlar yaranmış vəziyyətdən sui istifadə etmək istəyirlər. Süni bahalaşmaya son qoyulmalıdır və burada çox ciddi cəza tədbirləri görülməlidir”. Dövlət başçısı bəyan edib ki, qurumlar sadəcə cərimələrlə kifayətlənməməlidir, eyni zamanda prokurorluq orqanları vəziyyətdən öz şəxsi maraqları üçün istifadə etmək istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görməlidir. Həmçinin, Prezident mətbuatın da bu məsələni işıqlandırmalı olduğunu vurğulayıb. Ekspertlərə görə, bahalaşmanın qarşısını almaq üçün iqtisadi metodlardan istifadə edilməli və Dövlət Gömrük Komitəsində olan inhisarçılıq aradan qalxmalıdır. Artıq bu istiqamətdə mühüm addımlar atılmağa başlayıb.

Təəssüflər olsun ki, yaranmış vəziyyətdən həm kənar qüvvələr və həm də Azərbaycanda stabilliyin pozulmasını istəyən dairələr faydalanmağa çalışırlar. Onlar insanların narazılığını başqa istiqamətə yönəltməyə cəhd edirlər. Ona görə də vətəndaşlar ilk növbədə dövlətə inanmalı və əmin olmalıdırlar ki, dövlətin qəbul etdiyi qərarlar yaxın zamanlarda öz effektini verəcək. Ancaq nəticələrin meydana çıxması üçün müəyyən vaxta ehtiyac var. Problemlərin olduğu doğrudur, amma iqtisadi çətinliklər heç bir halda dövlətçiliyimizin fövqündə durmamalıdır. Unutmayaq ki, Azərbaycan 1990-cı illərin əvvəlində hərc-mərclik nəticəsində torpaqlarının 20 faizini itirib. Bu gün ölkəmizdə ictimai-siyasi sabitliyin pozulması bütövlükdə Azərbaycan dövlətçiliyinə ən böyük zərbə ola bilər. Siyasi-ictimai sabitliyi pozmağa çalışanlarla yanaşı, mövcud durumdan sui-istifadə edən işbazlar da meydana çıxıb. Onlar da öz mənfəətləri üçün süni bahalaşma yaratmaqla məşğul olurlar. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev deyib ki, hazırda süni qiymət artıranlara qarşı sərt cəza tədbirləri görülür və bu proses davamlı olacaq: "Ölkə başçısının tapşırıqlarına uyğun olaraq istehlak bazarına nəzarət daha da gücləndirilib. Süni qiymət artımına və manatın kursunun dəyişməsi ilə bağlı yaranmış vəziyyətdən sui-istifadə edənlərə qarşı ciddi tədbirlər görüləcək. Hazırda bazara nəzarət daha da gücləndirilib”.

Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında süni bahalaşma ilə bağlı mövqeyini birmənalı şəkildə ortaya qoydu: "Azərbaycanda bu mövqeni bölüşməyən çox az adam tapılar. Bu, çox ciddi, obyektiv, eyni zamanda düşündürücü münasibətdir. Azərbaycan vətəndaşlarının az zərərlə ötüşməsini təmin etmək üçün aidiyyəti qurumlar fəaliyyətlərini məqbul tələblərə uyğun qurmalıdır. Eyni zamanda dövlətin yaratdığı imkanlardan və faydalı mühitdən bəhrələnərək həyatını quran şəxslər bugünkü durumu, problemləri də bölüşməlidir. Hər kəs problemlərin həllinə öz töhfəsini verməlidir. Hər bir Azərbaycan vətəndaşının qarşısında vəzifə durur”.

Millət vəkili, iqtisadçı-alim Aydın Hüseynov da deyib ki, yaranmış vəziyyət Azərbaycan iqtisadiyyatı ilə bağlı məsələ deyil. Dünya bazarında neftin qiymətinin aşağı düşməsi də iqtisadi qanunlara söykənmir. Neftin qiymətinin aşağı düşməsində siyasi amillər daha çox rol oynayır: "Neftin qiymətinin aşağı düşməsi iqtisadiyyatımıza təsir edən amillərdən biridir. Eyni zamanda devalvasiya ticarət dövriyyəmiz olan dövlətlərdə də baş verib. Azərbaycan dünya iqtisadiyyatının bir hissəsi olduğu üçün ölkəmizdə də devalvasiya qaçılmaz idi. Bu devalvasiyadan istifadə edərək süni qiymət artımı isə yolverilməzdir. Prezident Nazirlər Kabinetinin iclasında da belə halların qarşısının alınması ilə bağlı öz tapşırıqlarını verdi. Çünki qiymət artımına səbəb olacaq, məhsulun maya dəyərini formalaşdıracaq amillər var. Elektrik enerjisi, qaz, kommunal xidmətlər və vergi dərəcələrindən heç biri qalxmayıbsa, qiymət artımı baş verməyibsə, deməli, məhsulun maya dəyərinə təsir edəcək amillərdə artım olmayıb. Xüsusən yerli istehsalçıların qiymətləri artırması birbaşa möhtəkirlikdir. Ona görə də heç bir narahatlıq keçirməyə dəyməz. Çünki prezident öz tapşırıqlarını verib və bu tapşırıqlar yerlərdə həyata keçiriləcək. Dövlət başçısının həyata keçirdiyi siyasətin başlıca hədəfi Azərbaycan vətəndaşının sosial rifah halının yüksəldilməsidir. Prezidentin nəzarətində olan məsələlər həmişə öz bəhrəsini verib, indi də öz bəhrəsini verəcək”. Millət vəkili Rövşən Rzayev da açıqlamasında bildirib ki, Azərbaycan dünyaya açıq dövlət olduğu üçün dünyada gedən proseslərin də ölkəmizə təsiri var: "Son dövrlərdə gedən proseslər, neftin sürətlə ucuzlaşması Azərbaycan üçün də müəyyən problemlər yaradıb. Bu cür problemlərdən çıxış yolu hər hansı qaydada mütləq var. Azərbaycan xalqının lideri, Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında öz mövqeyini açıqladı. Çox vacibdir ki, yerlərdəki qurumlar, komitələr, nazirliklər prezidentin tövsiyələrinə uyğun hərəkət etsinlər. Bu qurumlar bacardıqlarından artıq iş ortaya qoymalıdırlar. Bir tərəfdən hökumət bu istiqamətdə çalışmalı, digər tərəfdən isə iş adamları dövlətə və xalqa dəstək verməlidirlər, öz şəxsi mənafelərini güdməməlidirlər”.

İsmayıl