Vəziyyətə tam nəzarət edilir

Rayonlarda mal-qara arasında brüselyoz xəstəliyinin yayılması xəbəri doğru çıxmadı



Saatlı rayonunda heyvanlar və ev quşları arasında brüselyoz xəstəliyinin yayılmasına dair xəbərlər rəsmi təsdiqini tapmayıb. Xatırladaq ki, dünən yerli KİV-də Saatlı rayonunda heyvanlar arasında brüselyoz xəstəliyinin yayılması barədə xəbər verilmişdi.

Xəbərdə qeyd olunurdu ki, rayonda brüselyoz xəstəliyindən ev quşları kütləvi şəkildə qırılır. Rayon sakinlərinin apteklərdən aldığı dərmanlar isə keyfiyyətsizdir, vurulan iynələr heç bir müsbət nəticə vermir, əksinə, tələfat daha da artır.

Kənd Təsərrüfatı Nazirliyi Dövlət Baytarlıq Nəzarəti Xidməti isə yayılan məlumatların əsassız olduğunu bildirib. DBNX-nin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli "Şərq”ə açıqlamasında qeyd etdi ki, Saatlı rayonunda heyvanlar və ev quşları arasında brüselyoz xəstəliyinin yayılmasına dair verilən informasiya doğru deyil:

- Saatlı rayonunda ayrı-ayrı məntəqələrdə araşdırma aparılmasına göstəriş verildi və araşdırmaların nəticəsində heyvanlar arasında heç bir yoluxucu xəstəliyin olmadığı aşkarlandı. Nə iribuynuzlu, nə xırdabuynuzlu heyvanlar, nə də ev quşlarında brüselyoz xəstəliyinin əlamətləri var. Xəbər əsassız olduğu üçün yayımçı mətbuat orqanı tərəfindən saytdan da çıxarılıb.

Y.Xanvəli bölgələrdə epizootik vəziyyətə daim nəzarət edildiyini də vurğuladı.

Onu da bildirək ki, bir neçə gün öncə Şabran rayonunda heyvanlar arasında brüselyoz xəstəliyinin yayılması xəbəri verilmişdi. DBNX Şabran rayonunda yoluxma şübhəsi olan heyvanlardan diaqnostik məqsədlə qan nümunələri alındığını və ayrı-ayrı təsərrüfatlarda cəmi 9 baş heyvanda adıçəkilən virusun aşkarlandığını bildirmişdi. DBNX-nin məlumatında qeyd edilirdi ki, analizləri virusa qarşı müsbət reaksiya vermiş heyvanlar xəstəliyin təlimatına uyğun olaraq vaxtında təsərrüfatdan təcrid edilərək, zərərsizləşdirilib. Bu da onu göstərir ki, Şabran rayonunda heyvanlar arasında brüselyoz xəstəliyinin kütləvi şəkildə yayılmasından söhbət belə gedə bilməz və bu məlumatın heç bir əsası yoxdur.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, baytarlıq şəhadətnaməsi olmadan başqa rayonlardan və yaşayış məntəqələrindən təsərrüfata heyvan gətirilməsinə icazə verilmir. Heyvan sahibləri əraziyə xidmət və nəzarət edən baytarlıq mütəxəssislərinin tələblərinə ciddi əməl etməli, heyvanlara baxış keçirilməsinə, müayinə edilməsinə, peyvəndləmə aparılmasına və onlardan qan nümunələrinin götürülməsinə xüsusi şərait yaratmalıdırlar. Qeyd edilir ki, bütün bu tələblər profilaktik xarakter daşıyır və təsərrüfatların sağlamlığına xidmət edir.

Dövlət Baytarlıq Nəzarəti Xidməti bu istiqamətdə lazımi tədbirlərini davam etdirir.

Məlahət