Vurma məni...

Cəzaları artırmaqla mümkün cinayət hallarını azaltmaq olar



Azərbaycanda adam döymə faktı üçün müəyyən olunmuş cəza tədbirləri və həbs müddəti artırılır. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif olunur.

Hazırda mövcud qanunvericilikdə döymə və digər zorakı hərəkətlərlə qəsdən fiziki zərər yetirməyə görə nəzərdə tutulmuş cərimə 500 manatdan 1000 manata qədər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 gün müddətində inzibati həbs tətbiq olunur. Təklif olunan dəyişikliklərdə isə bu müddətin 2 ayadək uzadılması nəzərdə tutulur... 

"İnsan Hüquqları üzrə Maarifləndirmə” İctimai Birliyinin sədri, vəkil İradə Cavadova məsələ ilə bağlı "Şərq”ə müsahibəsində bu cəzaların artırılmasının müəyyən qədər effekti olacağını vurğulayıb: "İnzibati xəta kimi qiymətləndirilən döymə və digər zorakı hərəkətlərlə qəsdən fiziki zərər yetirmə halları barədə məhsuliyyətə cəlb olunma cəzalarının artırılması nəticəsində mümkün cinayət hallarını azaltmaq olar. Qəsdən fiziki zərər yetirməyə görə cəmi 15 gün həbs cəzası o qədər də ağır cəza olmadığına görə vətəndaşlar bundan bir növ sui istifadə edirdilər. Bu dəyişiklik tətbiq olunarsa, insanların bu "arxayınçılığı” məhdulaşar”.

İ.Cavadova bu xətalara görə məhsuliyyətin ciddiləşdirilməsinin insanların təhlükəsizliyi və sakitliyi baxımından da xeyirli olduğunu deyib: "Qeyd etməliyik ki, ailə münaqişələri zamanı daha çox sağlamlığa zərər vurma hallarına rast gəlinir. Bu kimi mənfi situasiyalar üçün inzibati cəzaların ağırlaşdırılması ilə yanaşı profilaktik maarifləndirmə tədbirləri də həyata keçirilməlidir. Mediada və ictimaiyyətdə bu barədə insanlara zəruri məlumatlar çatdırılmalıdır”.

Aysel Aslan