Vüsalə: “Samirin özünə də demişəm ki, mən əvvəllər dolu bədənli insanları sevmirdim”




"Ondan danışırıq”:
Tahirə Məmmədqızının təqdimatında



Samir Cəfərovun həyat yoldaşı da ondan danışdı...

- Salam Vüsalə xanım. Samirlə tanışlığınız necə olub?
- Samirlə sevərək ailə qurmuşuq. Amma o müddətə qədər də 2-3 il biri-birimizi tanımışıq.
- Necə insandı Samir. Axı tamaşaçı onu daha təmkinli insan kimi tanıyır. Bəs ailədə necə?
- Əslində evdə də kübardı, mədəni insandı. Amma bəzən haqsızlığı görəndə səbrdən çıxır.
- Samirin evdə "kapriz”ləri olurmu?
- Düzünü desəm, elə böyük "kapriz”ləri yoxdu. Bizdə qarşılıqlı hörmət var. Yemək üstə heç vaxt söz-söhbət etməz. Evdə nə bişirilirsə, şükr edib yeyəndi.
- Samirlə söhbətimizdə öyrəndim ki, geyimlərdə sizin zövqünüzə arxayın olur...
- Əvvəllər öz zövqü ilə geyinərdi. Düzünü desəm, bəzən irad bildirirdim. Sonralar yavaş-yavaş mənim zövqümlə geyim almağa başladı. Gördü ki, mənim dediyim tərzdə geyimləri daha çox bəyənirlər. İndi artıq mənim zövqümə tam arxayındı. Hətta olur ki, ölçüsünü bildiyim üçün özüm də alıram.
- Bəs qadağaları varmı ailədə, evdə?
- Mənə olan qadağalardan söhbət gedirsə, mən onun xasiyyətinə bələd olduğum üçün bilirəm ki, nəyi sevir, nəyi sevmir. Ona görə də bizim evdə belə çətinliklər yaşanmır.
- Qısqanclığı olurmu?
- Hər bir azərbaycanlı kişisi kimi qısqanclıq olur. Amma aşırı qısqanclıq olmur.
- Bəs siz necə, onu qısqanırsız. Üzdə olan, tanınmış insandı.
- Yəni xəstəlik həddində bir qısqanclığım yoxdu. Az-çox olur. Sevgi varsa, bu, təbiidir. Yəni sənət aləmində olduğunu bilirəm deyə, bəzi məqamlarda onu anlaya bilirəm.
- Maddiyyat Samir üçün nə qədər önəmlidi sizcə?
- Samir maddiyyata görə şəxsiyyətə dəyər verən insan deyil. Amma təbii ki, ailə üçün çalışır ki, rahat olsun, uşaqların təhsilinə, ailəyə lazım olan bütün ehtiyaclarımızı ödəyə bilir. Bir də ailə quran illərin ilk vaxtları hamı kimi bizim də çətinliyimiz olub, sıxıntımız olub. Az olanda aza qane olmağı bacarmışıq. Mənim üçün Samirin insanlığı onun maddiyyatından daha çox dəyərlidir. Samirin özünə də demişəm ki, mən əvvəllər dolu bədənli insanları sevmirdim. Amma səni tanıyandan sonra, sənin şəxsiyyətinə olan hörmət məni dolu insanları sevməyə kömək etdi. Mən hər bir qadına bu gün yaşadığım qadın səadətini arzulayıram.
- Samir ata kimi necə, çoxmu tələbkardı?
- Samir mükəmməl atadı. Övladlarına qayğı, diqqət göstərən, onların gələcəyini düşünən bir atadı. Təbii ki, bir ata olaraq övladlarına qoyduğu müəyyən qadağalar var. Amma əsas odur ki, qayğıkeş atadı. Bir də ki bizim ailədə uşaqların tərbiyəsi əsasən mənim üzərimə düşüb. Uşaqların təhsili, məktəbi ilə daha çox mən maraqlanıb, nəzarət edirəm. Samir yaradıcı insandı, qastrol səfərləri, səhnə, bütün bunları bir arada yürütmək çox çətindi. Ona görə də çalışıram ailə içində olan müəyyən işləri özüm görüm ki, ona yük olmasın. Təbii ki, onun diqqəti var. Sadəcə mən onu yükləməyi sevmirəm. Boş vaxtlarında isə Samir yalnız ailəsi ilə vaxt keçirir. Gəzintilərə aparır, yayda uşaqlarla bir yerdə dincəlirik, səfərlərə gedirik. Əgər Samirin bir gün də vaxtı varsa, onu mütləq ailəsinə sərf edir.