“Xalqı düşünməliyik, məmurları yox”

Araz Əlizadə: “Vətəndaşları talayan insanlara qarşı amansız olmaq lazımdır”
“Ərzaq müstəqilliyi varsa, siyasi müstəqillik də olacaq”


"Monopolizmə son qoyulmalı, inhisarçılıq dağıdılmalıdır. Əks halda, Azərbaycanda normal inkişaf olmayacaq”. Bunu mövcud iqtisadi problemlər və digər ictimai-siyasi hadisələrlə bağlı "Şərq”in suallarını cavablandıran Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, ASDP sədri Araz Əlizadə deyib. Deputat vəziyyətdən çıxış yollarını da açıqlayıb.

- Araz bəy, yaranmış vəziyyətlə əlaqədar çoxsaylı təkliflər gündəmə gətirilir. Millət vəkili və siyasi partiya rəhbəri kimi durumdan çıxış yolunu nədə görürsüz?

- Gəlin, bir az realist olaq. Belə bir vəziyyətdə büdcəyə yenidən baxılmalı və neftin bir barelinin qiyməti 20-22 dollardan götürülməlidir. Yoxsa büdcəmiz çox böyük kəsirlə başa çatacaq. Digər tərəfdən yaxşı olar ki, sosial, səhiyyə, təhsil, kənd təsərrüfatı və hərbi sahələrdən başqa digər bütün sahələrdə büdcə xətti ilə həyata keçirilən layihələr dayandırılsın. Ancaq ilk növbədə məmurlarımız, biznesmenlərimiz öz acgözlüklərindən əl çəkməlidirlər. Hamımız dərk etməliyik ki, bu gün Azərbaycan ağır vəziyyətdədir, hətta müharibə şəraitindədir. Azərbaycanı daxildən də, xaricdən də tarımar etmək istəyən qüvvələr var. Biz bu qüvvələrə qarşı amansız mübarizə aparmalıyıq. Bunu da hansısa partiya edə bilməz. Ancaq və ancaq xalqa istinadən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev edə bilər. Eyni zamanda qiymətlərə nəzarət edilməlidir. Əks halda, indeksasiyanın, yəni əmək haqqı və pensiyaların artırılmasının xeyri olmayacaq. Hər hansı indeksasiyadan öncə qiymətlər, heç olmasa, bir illik dondurulmalıdır. Bizdə tənzimlənən bazar və bazar iqtisadiyyatı üçün müəyyən mədəniyyət olmalıdır. Bu mədəniyyət bizim biznesmenlərdə yoxdur. Biznesmenlər elə bilirlər ki, nə qədər çox qiymət artırsalar və xalqın hesabına varlansalar, bir o qədər yaxşıdır. Halbuki onlar ucuz qiymətə çox mal satsalar, daha artıq mənfəət götürərlər.

- Neçənci dəfədir məmurlara şəffaf işləmələri və mənimsəmələrə yol verməmələri barədə ciddi xəbərdarlıq edilir...

- Artıq xəbərdarlığın vaxtı keçib. Məmurlara, biznesmenlərə, xalqı talayan insanlara qarşı amansız olmaq lazımdır. İşləyə bilməyənlər əvəzlənməli, oğrular həbs edilməlidir. Ölkə olaraq tam qənaət sisteminə keçməliyik. Təbii ki, uzunmüddətli strateji layihələri davam etdirmək məcburiyyətindəyik. Amma qalan şeylərdən imtina etməliyik. Hər şeydən əvvəl Azərbaycan xalqını və dövlətimizin gələcəyini düşünməliyik. Əgər belə etməsək, ölkəmiz böyük faciələrlə üzləşə bilər.

- "Siyasi sabitlik iqtisadi durumdan önəmlidir” fikri ilə razısızmı?

- Əgər siyasi sabitlik istəyiriksə, ilk növbədə insanları, xalqı düşünməliyik, məmurları yox. Elə etməliyik ki, insanlar məmurlardan asılı vəziyyətə düşməsinlər. Təəssüflər olsun ki, Azərbaycanda çox harınlamış məmurlar var. Prezident onların hamısına qapazı elə qoymalıdır ki, gözləri ovuclarına tökülsün. Bütün məmurlar anlamalıdır ki, onları xalqa xidmət etmək üçün vəzifəyə qoyublar. Xalqla qul kimi davranan məmurlar vəzifədən uzaqlaşdırılmalıdır.

- Kənd təsərrüfatı ilə məşğul olanlar, daha doğrusu, kənd camaatı yaxşı işləməməkdə, tənbəllik etməkdə ittiham edilir. Sizin bu məsələyə münasibətiniz necədir?

- Qətiyyən belə düşünmürəm. Kənd təsərrüfatı ilə məşğul olanlar çox gözəl işləyirlər. Onlar elə bir sistem qurublar ki, hazırda Azərbaycanın yeyinti məhsullarına, yəni taxıla, meyvə-tərəvəzə və ərzağa o qədər də böyük ehtiyacı yoxdur. Yəni fermerlər öz işini görürlər. Ancaq təbii ki, bununla kifayətlənməməliyik. Biz gələcəkdə neftdən əldə etdiyimiz gəlirləri aqrar təsərrüfatın inkişafına xərcləməliyik. Özümüzü tam təmin edənə qədər bu sahəni inkişaf etdirməliyik. Çünki ərzaq müstəqilliyi varsa, siyasi müstəqillik də olacaq. Biz kənd insanlarına yuxarıdan aşağı baxmamalı, onları qınamamalıyıq. Kənd təsərrüfatı ilə məşğul olan kəndlilər bütün respublikanı yedirdir, ən ağır yükü çiyinlərində daşıyırlar.

- İqtisadiyyatımızı zəiflədən əsas amillərdən biri neftin qiymətinin sürətlə aşağı düşməsidir. Ekspertlərə görə, bu bilərəkdən həyata keçirilir. Sizcə, nefti ucuzlaşdıran hansı amillərdir?

- Dünya bazarında neftin qiymətinin kəskin düşməsi ABŞ-la Rusiya arasında gedən mübarizənin nəticəsidir. Bunun da obyektiv və subyektiv səbəbləri var. ABŞ birmənalı olaraq Rusiyanı çökdürmək istəyir. Rusiya isə diz çökmək istəmir. Digər səbəb isə ümumiyyətlə dünyadakı iqtisadi böhranla bağlıdır. Son illər dünya iqtisadiyyatı öz stabilliyini qoruya bilmir. Dünya iqtisadiyyatının aparıcı qüvvəsi olan Çin hazırda ciddi problemlər yaşayır. Ona görə də neftə olan ümumi tələbat azalıb. Həmçinin, yaxında neft bazarına İran adlı daha güclü bir oyunçu daxil olur. Burada iqtidarlıq bir şey yoxdur. Çünki dünyada neftin qiymətini Azərbaycan hökuməti müəyyən etmir. Yenə deyirəm, bu məsələdə əsas tərəf ABŞ və onun "qulu” olan Səudiyyə Ərəbistanıdır. Amma hesab edirəm ki, bu siyasətin özü Səudiyyə Ərəbistanına çox baha başa gələcək.

- Azərbaycana qonşu ölkələrdə baş verən siyasi və iqtisadi proseslərə münasibətiniz necədir?

- Məni nə Rusiya, nə Gürcüstan, nə də İran maraqlandırır. Sadəcə, Azərbaycanı düşünürəm. Əgər biz xalq olaraq birləşsək və dərk etsək ki, Vətənimiz təhlükədədir, onda hamımız bir nöqtəyə vuraraq, bütün xarici və daxili düşmənlərimizə qalib gələrik.

- İranın üzərindən sanksiyaların qalxması Azərbaycana nə vəd edir?

- İrana qarşı sanksiyaların götürülməsi neftin qiymətinin bir az da düşməsinə gətirib çıxaracaq. Bu isə Azərbaycana mənfi təsir edəcək.

İsmayıl