Xanım deputat rusiyalı həmkarlarına səsləndi: “Qarabağa səfərlərdən çəkinin”




Milli Məclisin bu gün keçirilən iclasında deputat, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Sevinc Hüseynova ölkəmizlə Rusiya ilə münasibətlərdən danışıb.

Sherg.az xəbər verir ki, xanım deputatın sözlərinə görə, Azərbaycan-Rusiya münasibətləri yüksək səviyyədədir: "Prezident İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin də görüşü bunu bir daha göstərir. Amma təəssüflə deməliyəm ki, oktyabrın 7-də bir qrup rusiyalı qadın Azərbaycanın işğal olunmuş ərazisinə - Dağlıq Qarabağa qanunsuz səfər edib".


Millət vəkili qeyd edib ki, həmin qrupda Rusiya Dövlət Dumasının Beynəlxalq komitəsinin sədr müavini Svetlana Jurova da olub:

"Onlar səfərlərinin məqsədini sülhlə bağlayırlar. Amma bütün dünya ictimaiyyəti bilir ki, Qarabağ müharibəsini erməni separatçılar başlayıblar. Məgər onlara ermənilər tərəfindən Xocalı soyqırımında 106 qadın, 63 uşağın qətlə yetirildiyi məlum deyilmi? Qarabağ müharibəsi zamanı erməni separatçılar tərəfindən qətlə yetirilən insanlar arasında yalnız azərbaycanlılar deyil, Rusiya millətinin nümayəndələri də olub. Bu terrorçu əməlləri ilə ermənilər rus analarını da gözüyaşlı qoyublar. Jurovanın bu aksiyaya qoşulması Rusiyanın Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçi ölkə kimi mövqeyi və rolu haqqında Azərbaycan ictimaiyyətində xoşagəlməz təsəvvür yarada bilər. Ona görə də mən onları bu qanunsuz səfərlərdən çəkinməyə çağırıram”.

Anar