"Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə "Sosial sahə ən çətin və məsuliyyətli sahələrdəndir. Ona görə də bu sahədə yaranan problemlər, məncə insan durduqca olacaq. Əsas odur ki, bu problemləri görəsən, düzgün qiymətləndirəsən və onların ədalətli həllinə səy göstərəsən. Bu mənada mən Əmək və Əhalinin sosial müdafiəsi nazirliyinin fəaliyyətini, xüsusən cəmiyyətdə geniş rezonans doğuran yeni iş prinsiplərini, DOST kimi dəyərli layihələrin həyata keçirilməsini dəstəkləyir, Sahil Babayev və onun komandasına yeni uğurlar arzulayıram".
"Sherg.az"ın xəbərinə görə, bu sözləri bu gün Milli Məclisin iclasında millət vəkili, xalq yazıçısı Elmira Axundova deyib.
Xanım parlamentarinin fikrincə, əhali ilə işləyən, pensiya, müavinətlər və sair ödənişlərə nəzarət edən insanların vəzifə maaşları daha yüksək olmalıdır, çünki hazırda Əmək nazirliyinin xüsusən də rayonlarda işləyən əməkdaşlarının məvacibləri 250-300 manat civarındadır:
"Bu da istər-istəməz neqativ hallara,yəni rüşvətxorluq, korrupsiya və başqa arzuolunmaz hallara yol aça bilən amildir. Ona görə bu çətin sahələrdə işləyən insanların vəzifə maaşlarının əhəmiyyətli dərəcədə yüksəldilməsini istərdim ki, həmin sahəyə bilikli, kreativ, sağlam cavanların axını güclənsin".
Prezidentin bu yardımı bütün şəhid ailələrinə edilməlidir
Bundan başqa şəhid ailələrinə veriləcək ödənişlərə diqqət çəkən millət vəkili hesab edir ki, ədalət prinsipini saxlayaraq Prezidentin bu yardımı bütün şəhid ailələrinə edilməlidir:
"Lakin bəzi vərəsələrin əvvəlki illərdə müəyyən məbləğdə sığorta pulları aldıqları halda, bu pullar hesablanmalı və inflyasiya nəzərə alınaraq 11 min manat məbləğindən çıxılmalıdır. Məsələn: kimsə 10 il qabaq 100 dollar ya da 50 min manat ( 5 şirvan) pul alıbsa, hal hazırda bu məbləğ təkrar hesablansın və ümumi məbləğdən çıxarılsın. Qalan vəsait vərəsəyə verilməlidir. Qoy bu proses uzadılsın, kimsə bu pulları nisbətən gec alsın, lakin sosial ədalət prinsipi saxlanılaraq, ictimai narazılıq aradan qaldırılacaq".
Doğuş əvvəlki illərə nisbətən aşağı səviyyəyə düşüb
Həmçinin E.Axundova uşağın anadan olmasına görə, birdəfəlik müavinət məsələsinə də toxunub:
"Gördüyümüz kimi bu müavinət 2018-ci ilin səviyyəsindədir, bu bizi qətiyyən razı sala bilməz, çünki real tələbat o müavinətdən ən azı 10 dəfə çoxdur. Mən təklif edərdim ki, 2-ci, 3-cü və sonrakı doğuşa görə müavinətlər proqressiv şəkildə ödənilsin, yəni 1-ci uşağa görə müavinət 100 manatdırsa, 2-ci uşağa görə 200, 3-cü uşağa görə 300 və s olsun. Çünki, statistikaya görə, respublikada doğum əvvəlki illərə nisbətən aşağı səviyyəyə düşüb və gənc ailələri stimullaşdırmaq lazımdır".
I qrup əlilə qulluq edən insanlara əmək stajı və məvacib...
Sonda xanım parlamentari maraqlı bir təkliflə çıxış edib:
"Söhbət ondan gedir kic. Çünki məlumdur ki, belə insanlar yalnız xəstənin qeydinə qalmalı olduğundan başqa işlə məşğul ola bilmirlər. Əlil dünyasını dəyişəndə isə ona uzun illər fədakarcasına qulluq edən yoldaşı, bacısı ya anası maddi dəstəkdən tamamilə məhrum olurlar, yeni iş axtarmaq, işə çıxmaq çoxu üçün artıq gec olur.
Xahiş edirəm təkliflərimi nəzərdən keçirərək bu məsələlərə diqqətlə yanaşasınız, ümumiyyətlə 2019-cu ilə planlaşdırılan Sosial büdcə ciddi düşünülmüş bir sənəddir və onları deputatların müəyyən dəyərli fikirləri nəzərə alınmaqla 1-ci oxunuşda qəbul etmək olar".
Ayyət Əhməd