Xaricdəki azərbaycanlılar bəzən kəşfiyyata işləyir

Elçin Behbudov deyir ki, onlara diaspor təşkilatları ciddi nəzarət etməlidir



Ötən gün ABŞ-ın Nyu-York şəhərində Rusiyaya qanunsuz yolla mikroelektronika aparan qruplaşmanın növbəti məhkəmə prosesi baş tutub. Məhkəmədə Texasda fəaliyyət göstərən "Art Electronics İnc” şirkətinin 3 keçmiş əməkdaşı Rusiya kəşfiyyatının gizli casusları kimi təqsirkar biliniblər. Amerikalı istintaqçılar casuslar tərəfindən qaçırılan texniki avadanlıqların Rusiya kəşfiyyatı üçün nəzərdə tutulduğunu müəyyən ediblər. Maraqlı məqam isə odur ki, şirkət əməkdaşları arasında azərbaycanlılar da var. Onlardan biri, - Şövkət Abdullayev Rusiya, 35 yaşlı Sevinc Tağıyeva isə Azərbaycan vətəndaşıdır.

ABŞ-ın kəşfiyyat orqanı iddia edib ki, ölkənin mikroelektronika sahəsindəki nailiyyətlərini oğurlamaq üçün rusiyalı casuslar yaratdıqları "Art Electronics İnc” şirkətini işıqfor istehsalçısı kimi təqdim ediblər. Əslində isə şirkət heç nə istehsal etmirmiş, sadəcə satın aldığı texnologiyaları gizli yollarla Rusiyaya ötürürmüş. Azərbaycanlı casuslarla bağlı məsələni "Şərq”ə şərh edən tanınmış hüquq müdafiəçisi Elçin Behbudov deyib ki, Azərbaycandan xaricdə yaşayan insanlarımıza diaspor təşkilatları ciddi nəzarət etməlidir: "Əgər kimsə hansısa xarici dövlətə "işləyirsə”, lap milliyətcə azərbaycanlı olsa belə, onlar gec-tez öz əməllərinə görə cavab verməlidir. Məlumdur ki, Rusiya ilə yanaşı, bir çox xarici ölkələrdə azərbaycanlılar yaşayırlar. Ancaq onların çoxu yaşadıqları ölkənin vətəndaşlarıdır. Ona görə də həmin şəxslərin Azərbaycan dövlətinə heç bir aidiyyəti yoxdur. Milliyətcə azərbaycanlı olsalar belə, onların törətdikləri cinayətlərə görə məsuliyyət daşıya bilmərik”. Ekspert bildirib ki, xaricdə yaşayan azərbaycanlılarla bağlı ara-sıra ciddi problemlərin olduğunu müşahidə edirik: "Bəzən onlar gedirlər hansısa xarici ölkəyə və başlayırlar Azərbaycanın əleyhinə ağızlarına gələni danışmağa. Hətta ölkəmizə qarşı əməli işlərə də imza atırlar. Dövlətimizin milli maraqlarına zərbə vururlar. Məndə belə faktlar çoxdur. Təbii ki, bunlar yolverilməzdir. Hesab edirəm ki, xaricdə fəaliyyət göstərən dövlət qurumlarımız həmin şəxslərə nəzarəti gücləndirməlidir”.

E.Behbudov azərbaycanlıların hansı səbəblərdən xarici kəşfiyyat orqanlarının təsiri altına düşməsinə də aydınlıq gətirib: "Öz ölkəsi əleyhinə danışan şəxslər istənilən işi görə bilərlər. Belə xarakterli insanlar çox hallarda müxtəlif xarici kəşfiyyat orqanlarının "caynağına” düşürlər. O adamları ələ alan kəşfiyyat qurumları onlardan maksimum faydalanırlar. Xarici kəşfiyyat orqanları həmin adamlardan çox "səmərəli” istifadə edirlər. Hər halda nəsə bilirəm ki, bunları deyirəm”.

Hüquq müdafiəçisi Azərbaycanın kifayət qədər güclü dövlət olduğunu vurğulayıb: "Bizim çox savadlı və güclü Prezidentimiz var. Əmin olun, hər şey nəzarət altındadır. Azərbaycan dövləti elə-belə dövlət deyil. Qurumlarımız bütün gedişatlardan, ətrafda yaşanan olaylardan xəbərdardır”.

İsmayıl