“Xarici dil bilmə tələb kimi qoyulmamalıdır”

Sahib Məmmədov: “Bu, qanunla tənzimlənmir”



İşəgötürmə zamanı CV-də xarici dilin əsas şərt kimi irəli sürülməsinə Milli Məclisin Sosial siyasət komitəsindən sərt reaksiya gəlib.

Komitənin sədri Hadi Rəcəbli deyib ki, gənclərin xarici dil bilməsi onların üstünlüyüdür. Lakin onlardan yeri gəldi-gəlmədi xarici dilin tələbi doğru deyil: "Yaxşı olar ki, gənclərimiz kibertexnologiyanı, xarici dili yaxşı öyrənsinlər. Bu, onların üstünlüyüdür. Hesab edirəm ki, bunlar vacib məsələlərdir. Amma işə qəbul zamanı peşəkarlıq, icra intizamı, təşəbbüskarlıq, mənəvi saflıq, sədaqət əsas göstəricilər olmalıdır. Bunlarla bərabər, xarici dil bilmək müsbət haldır. Amma bunun şərtlərin ən başında sadalanması doğru deyil”.

Komitə sədrinin fikirlərinə münasibət bildirən Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov "Şərq”ə bildirib ki, dövlət qulluğuna qəbulda xarici dil bilmə şərtlərdən biri kimi qoyulur: "Amma əmək münasibətlərində dil tələbi qanunla tənzimlənmir. Hesab edirəm ki, işə götürəni də sıxışdırmalı deyilik. Məsələn, hansısa sahibkar müasir ticarət mərkəzi açıbsa, ora gələn müştərilərin içərisində əcnəbilər varsa, həmin sahibkar satıcısına dil tələbi qoymalıdır. Doğrudur, bu, qanunla tənzimlənmir. Amma ədalət prinsipi baxımından işə götürəni də başa

düşmək lazımdır. Bu məsələləri qanunla tənzimləmək lazımdır. Məsələn, dil tələbatı olan iş yerlərinin siyahısı hazırlana bilər. Ən yaxşısı odur ki, işə götürənə dil bilən işçi lazımdırsa, ona maneə olmaq lazım deyil”.

Aydın Baxış