Xarici İşlər Nazirliyində islahatlar aparılmalıdır

Qabil Hüseynli: “Tofiq Zülfüqarovun dediklərinin bir qismi ilə razılaşıram”
Elxan Şahinoğlu: “Nazir hər il geniş mətbuat konfransı keçirməli, jurnalistlərin müxtəlif suallarına cavab verməklə şayiələrin qarşısını almalıdır”


Azərbaycanın keçmiş xarici işlər naziri, bu yaxınlarda Latviyada səfir postundan geri çağırılan Tofiq Zülfüqarov Xarici İşlər Nazirliyinin fəaliyyətini tənqid edib. O, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son 10 ildə aparılan danışıqlar haqda cəmiyyətə çox az informasiya verildiyini deyib:

"Təəssüf ki, danışıqlar barədə informasiyalar çox məhduddur. Təsəvvür edin ki, mən danışıqlar barədə informasiyanı öz Xarici İşlər Nazirliyimizdən deyil, hansısa qərb diplomatlarından alırdım. Bizim XİN-dəki problemlər adi gözlə görünür. Başa düşmək lazımdır ki, Xarici İşlər Nazirliyinin avtoriteti toxunulmaz olmalıdır. Bu nazirlik milli və dövlət maraqlarını qoruyur. XİN ictimaiyyətin müzakirəsinə açıla bilməz. Əgər nazirlik haqda çox danışırlarsa və yazırlarsa, deməli, bu strukturda problemlər var”. XİN-in mətbuat rəhbəri Hikmət Hacıyev isə mediaya açıqlamasında ittihamları Tofiq Zülfüqarovun şəxsi mülahizələri adlandırıb: "Biz onun şəxsi mülahizələrini şərh etmirik”. T.Zülfüqarovun hazırkı statusuna gəldikdə isə XİN rəsmisi deyib ki, diplomat səfir vəzifəsindən geri çağırılıb və konstitusiyaya görə, ölkə prezidentinin sərəncamındadır.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli "Şərq”ə açıqlamasında deyib ki, Tofiq Zülfüqarov xarici siyasət sahəsində böyük təcrübəsi olan bir diplomatdır. Bu baxımdan onun XİN barədə dediklərinin böyük bir qismi ilə razılaşmaq olar: "T.Zülfüqarov Dağlıq Qarabağ münaqişəsi üzrə Prezidentin xüsusi nümayəndəsi olub və müəyyən müddət nazir işləyib. O, xarici siyasət sahəsində kifayət qədər səriştəli adamdır və söylədiklərində həqiqət çoxdur. Çünki son dövrlərdə səfirlik işçilərinin istefa verərək ölkələrinə gəlməkdən imtina etməsi, səfirliklərdəki rüşvətxorluq barədə ittihamlar irəli sürməsi göstərdi ki, XİN hələ rəvan işləyən, dövlətin maraqlarını peşəkarlıqla müdafiə edən işçi bir orqana çevirə bilməyib. Düzdür, bu sahədə müəyyən uğurlar var. XİN bir qədər təşəkkül tapıb, strukturlaşıb, amma hələlik qurumun ciddi qüsurları mövcuddur”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da bəyan edib ki, T.Zülfüqarov XİN-i tənqid etməkdə haqlıdır: "Xarici İşlər Nazirliyinin fəaliyyətində həqiqətən də qüsurlar var. Ancaq XİN-dəki vəziyyət Azərbaycanın imicinə təsir edir. İl ərzində xaricdə çalışan nə qədər diplomatımız geri qayıtmaq istəmədi. Bəli, bunun bir səbəbi onların siyasi baxışlarının dəyişməsi ilə bağlıdır. Ancaq başqa səbəbi də var. Onlar geri qayıdıb işsiz qalmaq istəmirlər. Məsələ burasındadır ki, XİN-də diplomatların rotasiya prinsipi tanışlığa və "dayday” sisteminə əsaslanır. Neçə diplomat tanıyıram ki, gəncdir, enerjilidir, xarici dil bilir, ancaq arxa-dayağı olmadığına görə işsiz qalıblar. Nazir hər il geniş mətbuat konfransı keçirməli, jurnalistlərin müxtəlif suallarına cavab verməklə şayiələrin qarşısını almalıdır. Vilayət Quliyev xarici işlər naziri olanda ondan ən azı 3 dəfə müsahibə aldığımı xatırlayıram. Tofiq Zülfüqarov da mətbuata açıq idi. O da aktual məsələlərlə bağlı mütəmadi müsahibələr verir, ictimaiyyəti bilgiləndirirdi. Amma indi bu prinsiplər işləmir.

İsmayıl