
Xarici qüvvələrin izi var
Nardaranda terrorçu dəstə əfv edilməyəcək

Ötən gün hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində Nardaran qəsəbəsində başda Taleh Bağırov olmaqla, radikal dini terrorçu dəstənin 14 üzvü saxlanılaraq, istintaqa təqdim edilib. Təəssüf ki, qanun keşikçilərinin əməliyyatı nəticəsində iki polis əməkdaşı da şəhid olub. Əməliyyatın keçirildiyi ərazidə silahlı cinayətkar dəstənin tərəfdarlarının çoxalmasına baxmayaraq, polis işçiləri öz xidməti vəzifələrini sonadək yerinə yetirə biliblər. Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar götürülüb.
Baş Prokurorluğun bəyanatına görə, hadisə zamanı Taleh Bağırovun tərəfdaşları ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında atışma da olub. Nəticədə cinayətkar dəstənin dörd üzvü öldürülüb. Hazırda Nardaran qəsəbəsində bir sıra yerli dinc sakinin Taleh Bağırovun dəstəsinin tərəfdarlarının təzyiqinə məruz qaldığı da bildirilir. Nardaranda isə vəziyyət ürəkaçan deyil. Yaranmış vəziyyətin mürəkkəbliyini nəzərə alan bir qrup nardaranlı hüquq-mühafizə orqanları ilə danışığa hazır olduğunu bildiriblər. Nardaran Ağsaqqallar Şurasının sədri Məşədi Natiq Kərimov bildirib ki, yaranmış vəziyyətlə əlaqədar hüquq-mühafizə orqanları ilə danışıqlar aparmağa hazırdırlar: "Biz bir daha bəyan edirik ki, Nardaran camaatını təxribata çəkmək istəyirlər. Biz bu məsələnin şişirdilməsinin əleyhinəyik. Nardaran camaatı heç vaxt dövlətə qarşı çıxmayıb, çıxmayacaq”.
"Cinayətkarla danışıq aparmaq olmaz”
Baş Prokurorluq Məşədi Natiq Kərimovun danışıq təklifinə rədd cavabı verib. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov açıqlamasında bildirib ki, Nardaran qəsəbəsində baş vermiş ölümlə nəticələnən silahlı insidentlə bağlı cinayət işi başlanıb: "Baş
Prokurorluq olaraq silahlı ekstremist cinayətkar dəstə ilə hər hansı bir danışıqlar aparmaq niyyətində deyilik”. E.Sultanov deyib ki, hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayətin bütün iştirakçılarının, həmçinin, silahlı cinayətkar dəstəyə köməklik etmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Gəncədə cinayətkarlara dəstək aksiyası...
Noyabrın 26-da Gəncə şəhər sakini Sabir Əliyev Nardaran qəsəbəsində baş vermiş hadisə ilə əlaqədar şəhərin Təbriz və Ə.Məmmədov küçələrinin kəsişməsində "Müsəlman Birliyi” adlı hərəkata dəstək məqsədi ilə çağırışlar ediblər. Polis tərəfindən saxlanılan şəxslərin üstündən "TT” markalı tapança, 8 ədəd patron, 1 ədəd patron darağı və heroin götürülüb. Daxili İşlər Nazirliyinin digər məlumatına görə, noyabrın 26-da Gəncə şəhər sakini Ruzi İsmayılov Nardaran hadisələri ilə əlaqədar "Müsəlman Birliyi” adlı hərəkatın üzvlərinə dəstək məqsədi ilə Şah Abbas məscidinin qarşısına gəlib. Bununla əlaqədar R.İsmayılov evinin qarşısında tutularkən üzərində olan qumbara ilə Gəncə ŞBPİ-nin əməkdaşı, polis mayoru Oqtay Orucovun baş nahiyəsindən xəsarət yetirərək qumbaranı partlatmağa cəhd göstərib. R.İsmayılov tutulub və ondan 1 ədəd "F-1”, 1 ədəd "RQD-5” qumbaraları və 14 qram heroin götürülüb.
Nardaran qaranlığa qərq oldu...
"Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Tanrıverdi Mustafayev bildirib ki, Nardaranda elektrik enerjisinin verilişi abonentlərin borcuna görə dayandırılıb. T.Mustafayevin sözlərinə görə, təmsil etdiyi qurum bununla bağlı bir müddət əvvəl kənd sakinlərinə xəbərdarlıq edib: "Biz bir neçə gün əvvəl bütün borclu abonentlərə xəbərdarlıq etmişdik. Bir daha qeyd edirik ki, borcu olan abonentlərə elektrik enerjisinin verilişi dayandırılacaq”.
Jurnalistlərə hücum etmək qəbuledilməzdir
ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç Nardaranda bir qrup radikal şəxsə qarşı keçirilən polis reydi zamanı jurnalistlərə hücum faktını pisləyib. Miyatoviç deyib ki, bu, media nümayəndələrinə qarşı qəbuledilməz zorakılıq hallarıdır: "Jurnalistlər ictimai çəkisi mühüm olan hadisələr barədə azad və təhlükəsiz şəkildə məlumat çatdıra bilməlidir. Onların təhlükəsizliyi təmin edilməlidir. Mən inanıram ki, hakimiyyət nümayəndələri hücumun hərtərəfli araşdırılması üçün əllərindən gələni edəcək və hücum edən şəxsləri məsuliyyətə cəlb edəcəklər”.
Xatırladaq ki, naməlum şəxslər Nardaranda keçirilən əməliyyat zamanı jurnalistlərə hücum ediblər. Operatorlar döyülüb, audio-video texnikaları zədələnib. ATV-nin çəkiliş qrupu da reyd zamanı hücuma məruz qalıb. Telekanalın avtomobilinə hücum edilib, sürücü döyülüb.
"Nardaranda baş verənlər narahatlıq doğurur”
Milli Məclisin vitse-spikeri Bahar Muradova Nardaranda baş verən hadisələrə qiymət verib. O deyib ki, Azərbaycanda heç kim öz gizli məqsədlərini nə din, nə də siyasi pərdələr altında gizlədərək həyata keçirməməlidir: "Gizli məqsədlər əvvəl-axır aşkarlanır və qiymət verilir. Ona görə də hər bir kəsə Azərbaycandakı demokratik ab-havadan, sərbəst toplaşmaq azadlığından istifadə edərkən qanunun tələblərini unutmamağı tövsiyə edirəm”. Nardaranda baş verənləri narahatlıq doğuran hadisə sayan B.Muradova bunları hüquqa zidd hərəkətlər sayıb: "Hüquqa zidd hərəkətin isə hüquqi qiyməti verilməlidir. Hesab edirəm ki, müvafiq dövlət qurumları öz vəzifələrini zamanında və uyğun şəkildə yerinə yetirməkdədirlər”.
"Nardaran hadisəsində xarici qüvvələrin rolu var”
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib ki, bir qrup insan Azərbaycanda dövlət quruluşunu dəyişmək, dini dövlət qurmaq, dövlət nümayəndələrinə qarşı terror aktlarını törətməklə məşğul olublar: "Bu əməl ayrı-ayrı dövlətlərin sifarişlərini yerinə yetirmək məqsədi daşıyırdı. Məsələ hüquq-mühafizə orqanlarına bəlli olduqdan sonra o insanlar dəfələrlə izahat vermək üçün dəvət olunmalarına baxmayaraq, gəlməyiblər. Hüquq-mühafizə orqanları əməliyyat keçirərkən polisə silahlı müqavimət və tabesizlik göstərilib. Nəticədə iki polisimiz qəhrəmancasına şəhid olub”.
S.Novruzovun sözlərinə görə, bütün ölçülər götürülməlidir ki, bu cür qanunazidd hərəkətlərin qarşısı qətiyyətlə alınsın: "Azərbaycanda bugünkü ictimai-siyasi sabitliyin yaranması üçün böyük əziyyət çəkilib. Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra bir neçə il Azərbaycanda qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsi və ictimai-siyasi sabitliyin yaranıb, möhkəmlənməsi üçün böyük işlər görüb, addımlar atıb. Bu gün Prezident İlham Əliyev tərəfindən də bu yol davam etdirilir. Ona görə də kim Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa, ayrı-ayrı dövlətlərin təhriki ilə Azərbaycan dövlətinə, dövlət quruluşuna və xalqına qarşı addımlar atmaq istəyəcəksə, onların qarşısı qətiyyətlə alınacaq”.
"Nardaran hadisəsində dinlə bağlı heç bir məsələ yoxdur”
Deputat bildirib ki, hər zaman Azərbaycanda dövlət tərəfindən dini sahəyə diqqət və qayğının şahidi olmuşuq: "Azərbaycanda bir dənə də məscid təmirsiz qalmayıb, ən yüksək səviyyədə təmir olunaraq insanların istifadəsinə verilib. Buna misal olaraq Qafqazda ən qədim məscid olan Şamaxı məscidini, Gəncədə İmamzadə kompleksini göstərmək olar. Qafqazda və dünyada ən böyük məscidlərdən biri olan Heydər Əliyev məscidi tikilib, insanların istifadəsinə verilib. Hər bir kəs dini ayinləri azad şəkildə yerinə yetirə bilər. Biz hansısa dövləti təkrar edə bilmərik, öz adət-ənənələrimiz, dinə öz baxışımız var. İslam Azərbaycanda olduğu qədər heç bir yerdə yoxdur və ən düzgün forması da Azərbaycandadır. Hansısa xarici kəşfiyyat orqanları Azərbaycanda nə isə etmək, nələri isə qarışdırmağa cəhd etmək istəyəcəklərsə, bunların qarşısı alınacaq”.
İsmayıl