"Xarici tələbələr ali məktəblərin plan yerlərində göstərilmir"

Hamlet İsaxanlı: "Xəzər” Universitetində həm magistratura, həm bakalavr, həm də doktorantura səviyyəsində xeyli xarici tələbə var. Onlar yalnız Təhsil Nazirliyinin hesabatında göstərilir"


"Özəl ali məktəblərdə plan yerlərinin boş qalması bu planın böyük götürülməsi ilə əlaqədardır”.

Bunu "Sherg.az”a özəl ali məktəblərdə 2579 (14,30 faiz) vakant yer qalmasının səbəblərini izah edərkən "Xəzər” Universitetinin rektoru Hamlet İsaxanlı deyib. 

O bildirib ki, özəl ali məktəblər plan yerlərini ala biləcəkləri tələbədən çox müəyyən edirlər:

"Dövlət ali məktəblərində yerlərin çoxu dövlət hesabına olur. Ona görə, keyfiyyətə baxmadan abituriyentlər onları daha çox seçir. Hətta bölgələrdə dövlət universitetləri var ki, paytaxtdakı özəl ali məktəblər onlardan daha yaxşı təhsil verir. Amma abituriyentlər dövlət ali məktəblərinə gedirlər ki, orada pulsuz oxumaq olur, yerləri yaxındır və s. Ona görə, özəl ali məktəblər də plan yerlərini çox müəyyən edirlər.

İkinci tura tək zəif tələbələr qalmayıb, kifayət qədər yüksək bal toplamış tələbələr də var. Elə abituriyent var ki, ancaq pulsuza yaxud bir ixtisasa qəbul olmaq istəyib, alınmayıb. Onlar da ikinci turda yerləşəcəklər. Bir hissəsi dövlət universitetlərinə, daha çoxu isə özəl universitetlərə gedəcək. Bu mənada ikinci turun nəticələrini gözləmək lazımdır”.

Bəzi ali məktəblərdə xarici tələbələrin olduğunu da diqqətə çatdıran H.İsaxanlı deyib ki, bu tələbələr plan yerində göstərilmir:

"Elan edilən plan yeri ancaq Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub. Məsələn, "Xəzər” Universitetində həm magistratura, həm bakalavr, həm də doktorantura səviyyəsində xeyli xarici tələbə var. Onlar yalnız Təhsil Nazirliyinin hesabatında göstərilir. Bu məlumatlar mətbuatda da yerləşdirilmir”.

Qeyd edək ki, bu il özəl ali məktəblərə qəbul olma faizi 58,70 faiz olub.

Aysel Aslan