Xatun “mənəm-mənəm” deyir...

Başqa hansı şou-biznes nümayəndələrini seriala çəkmək olar?
Seriallar ciddi ekran əsəri kimi qəbul olunmasalar da, bir həqiqət də danılmazdır ki, hər bir evdə, ailədə serial izləyən var. Əvvəllər seriallara ancaq evdar xanımların baxdığı deyilirdisə, bu gün işgüzar insanlar, hətta bəzən ciddi peşə sahibləri, hətta siyasətçilər arasında da serial izləmək vərdişi yaranıb. Təbii ki, bu hər seriala şamil olunmasa da, hər halda elə seriallar var ki, onları izləmək istəyənlərin sayı çoxdu.
Bu gün dünyada Braziliya seriallarından sonra, türk serialları reytinqdə öndə durur ki, onları izləyənlərin sayı həddindən artıq böyükdü. Misal üçün, "Möhtəşəm yüz il” və ya "Kurtlar vadisi” seriallarının izləyiciləri sırasında sıradan tamaşaçıdan tutmuş dövlət məmuruna qədər olan təbəqə yer alırdı. Deməli, seriallara maraq ekran əsərinin ssenarisindən və həmin serialda yer alan aktyorların simasından da asılı olur. Bəs görən, milli seriallarımız tamaşaçıları nə vaxt ekranlara bağlaya bilər? Etiraf edək ki, bu gün milli seriallarımıza maraq kifayət qədər aşağıdır. Təbii ki, bunun bir çox səbəbləri var.
Türk seriallarında tanınmış müğənnilərdən də zaman-zaman istifadə olunub. Onlar da bir çox seriallarda maraqlı obrazlar yarada biliblər. Özcan Dəniz, Mahsun Kırmızıgül, Sibel Can, Kutsi və bir çox digər tanınmış türk müğənnilərinin adını çəkmək olar ki, onlar həm də serial qəhrəmanları olaraq yadda qalıblar. Təbii ki, bu da onların yer aldığı serialın baxımlı olmasına təsirini göstərib.
Bəs rejissorlarımız tanınmış müğənniləri seriallara dəvət etməyi düşünürlərmi? Seriallarda tanınmış müğənnilərin çəkilməsi reytinqə nə qədər təsir edə bilər? Seriallarda sima məsələsi ekran əsərinin baxımlı olmasına təsir göstərə bilirmi? Rejissorlarımız obrazları seçərkən simanın nə qədər tanınmış olmasını nəzərə alırlarmı?
Türkiyədə Hürrəm Sultanı yaradan Məryəm Üzerli bir serialla məşhurlaşdı. Hətta, məhz o simaya görə seriala baxanların sayı çox idi. Bu, serialın baxımlılığına da təsirini göstərirdi. Azərbaycan müğənniləri arasında da filmə çəkilmək arzusunda olanlar, özlərini aktirsa kimi də sınamaq istəyənlər az deyil. Azərbaycanın Hürrəm Sultanı kimi də müğənni Xatun özünü görür. Əslində həqiqətən müğənni filmlərdə maraqlı sima olaraq istifadə oluna bilər.
Bu günlərdə Xatunun açıqlaması da diqqət çəkdi.
Müğənni son dönəmlər həmkarlarını parodiya etməklə gündəmdə qala bilirdi. Sənətçinin aktyorluq qabiliyyəti bununla özünü az-çox göstərdi. Hərçənd sənətçi kliplərində də maraqlı obrazları ilə diqqət çəkirdi. Xatun seriallarda çəkilmək istəyirmi? Hətta bəzilərinin fikrincə, Xatun aktrisa kimi daha böyük uğur əldə edə bilər.
Bu barədə "Şərq”ə danışan müğənni: "Mənim içimdə bir istedad var. Parodiya da edərkən heç kimi tənqid etmək niyyətim olmayıb. Sadəcə, içimdə bir istək yaranır, edirəm. Müğənni olaraq artıq tanınsam da, aktrisa kimi də özümü göstərmək istərdim. Düzdü, bəzi seriallara da rejissorlar tərəfindən dəvət almışam. Amma ürəyimcə bir ssenari, xarakterik bir obraz olsa, baş rolda oynayardım. Mənə elə gəlir ki, çəkildiyim istənilən serial reytinq qazanacaq. Çünki özümə o qədər əminəm”.
Rejissor Kənan M.M-lə də seriallarımızın bugünkü keyfiyyətindən danışdıq. Tanınmış rejissor "Şərq”ə açıqlamasında sərt fikirlər səsləndirdi: "Yerli seriallar əvvəlki illərlə müqayisədə inkişaf edir. Əvvəlki seriallarla indikilər arasında 50 faiz fərq var. Qaldı tanınmış simaların, müğənnilərin seriala dəvət olunması, bəli, Türkiyədə bu ənənə var. Ola bilsin, zamanla bizdə də buna ehtiyac yaranacaq. Səhv etmirəmsə, Xatun bir bölümdə komediya janrında olan obraz yaradıb. İnsanları güldürməyə nə var ki? İki gülməli söz deyirsən, tamaşaçının üzü gülür. Amma dramatik bir janrda obraz yaratmaq çox çətindi. İnsanları həyəcanlandırmaq, qəlblərinə toxunmaq, onların ruhunu tərpətmək daha çətindi. Tamaşaçını o dərdə, o dramatik məqama inandırmaq üçün ssenari ilə yanaşı, aktyor oyunu da güclü olmalıdır ki, tamaşaçı serialı maraqla izləsin. Qaldı Xatunun aktrisa kimi seriala dəvət olunmasına, bu onun şəxsi işidir. Qaldı mənə, mən heç vaxt çəkmərəm. Nəinki Xatunu, ümumiyyətlə, şou-biznesin heç bir nümayəndəsini serialımda çəkmərəm. Mən onların hər üzünü görmüşəm. Əvvəllər serial çəkməyə imkanımız yox idi, klip çəkirdik. Onları tanımışam yetərincə. Serial bəlkə bir çoxları üçün ciddi kino məhsulu hesab olunmur. Amma bu bir ekran əsəridir və bir nəfərin əməyi ilə meydana çıxmır. Ona görə də peşəkar yanaşma ilə baxsaq, mən seriallarda peşəkar aktyorlardan istifadə etməyi məsləhət görürəm. Əgər filmə, seriala dəvət etdiyim tanınmışın aktyorluq qabiliyyəti yoxdursa, o nə qədər tanınmış olsa da, tamaşaçı bu ekran əsərini maraqla izləməyəcək. Mənim Azərbaycan şou-biznesində filmə çəkmək istədiyim müğənni yoxdu”. Kənan M.M söhbət əsnasında onu da qeyd etdi ki, çəkdiyi ekran əsərlərində əsasən gənc, tanınmamış simalardan istifadə etməyə üstünlük verir: "Mən daha çox yeni simalardan istifadə etməyə çalışıram. Çalışıram ki, öz tapıntılarım olsun. Hazır məhsullardan istifadə etmək istəmirəm. Rejissor həm də obrazı üçün yeni simanı düzgün şəkildə tapmağı bacarmalıdır”. Rejissor yenilikləri barədə də danışanda qeyd etdi ki, hazırda yeni bir bədii film üzərində çalışır. Növbəti çəkiliş serial yox, bədii film olacaq.
Xalq artisti Ramiz Novruz bildirdi ki, "Pərvanələrin rəqsi” serialını çəkilib: "Hətta serialın gecə təkrarına da baxırdım. Bir neçə yerdə qeyd etmişəm ki, seriallara çəkilmək istəmirəm, çəkilsəm də, yalnız Rövşən İsaxın çəkdiyi seriallara çəkiləcəm. Onun işi məni qane edir. "Pərvanələrin rəqsi”ndən sonra "Sonuncu fəsil”də çəkildim. Hazırda müxtəlif seriallardan təklif gəlir, amma qəbul etmirəm. Açığını deyim ki, onlar məni təmin etmirlər. Mən hərdən məəttəl qalıram ki, bəzi serialların rejissorları şirkət sahiblərini, sponsorları serialların çəkilişinə maddi dəstək üçün necə inandıra bilir. Mən, Fuad Poladov kimi təcrübəli aktyorlar desək ki, film çəkmək istəyirik, deyərlər ki, get, işinlə məşğul ol. Amma peşəkar olmayanların sponsorları və ya iş adamlarını necə inandırdığı mənim üçün böyük sirr olaraq qalır. Qaldı seriallara Türkiyədəki kimi müğənnilərin dəvət olunmasına, demirəm ki, mümkün deyil, amma bu, serialların keyfiyyətinə müsbət mənada təsirini o qədər də göstərməyəck. Çünki bizim müğənnilərin bir neçəsini çıxsaq, digərlərində o qədər də aktyorluq qabiliyyəti yoxdur. Bizim müğənnilər özlərini o qədər ulduz hesab edirlər ki, serial çəkilişlərində də "kapriz”lərini mütləq göstərəcəklər”.
R.Novruz seriallardan təklif gələrkən ilk əvvəl rejissora üstünlük verdiyini qeyd etdi: "Çox yaxşı ssenarini qeyri-peşəkar rejissor pis günə qoya bilər. Tam ssenarini oxuya bilmirsən, çünki hadisələrin gedişinə uyğun olaraq mövzu dəyişə bilir. İlk öncə serialın rejissoruna fikir verirəm - bu işin öhdəsindən gələ biləcəkmi? Bununla yanaşı, düşünürəm ki, rolum nədən ibarətdir, bu rolu oynamalıyam, ya yox. Əsas odur ki, tutarlı material və onu ekranlaşdıra biləcək rejissor olsun. Eləcə də rejissor işinə inandırmağı bacarmalıdır. Rövşən İsaxla söhbət edən kimi bilirəm ki, bu insan peşəkardı, işini bilir və onun arxasınca getmək olar”.
Yaradıcılıq planlarından danışan Xalq artisti dedi ki, Rövşən İsax ssenari yazır: "Rövşən İsax yeni serial çəkilişinə hazırlaşır və əgər təklif etsə, təbii ki, razı olacam.
Rejissor Fuad Əlişov da milli seriallarımızın keyfiyyətindən qətiyyən razı deyil: "Seriallar kino industriyasının bir hissəsi sayılsa da, onu ciddi sənət əsəri adlandırmaq düzgün deyil. Amma istənilən halda bu sahədə də peşəkar işi olmalıdır. Braziliya, türk serialları ona görə məşhurdur ki, serialları peşəkarlar istehsal edir. Türk serillarında aktyorların səmimiliyi özünü göstərir. Bizim aktyorların bir çoxu hələ də sovet dönəmində qalıblar sanki. Serialların da əksəriyyəti peşəkarlar tərəfindən çəkilmir deyə, milli seriallara maraq azdı. Tanınmış simalardan seriallarda istifadə etməyə gəlincə isə bizim tanınmışlar, yəni müğənnilər arasında bir neçə müğənni var ki, onların seriallarda aktyor kimi dəvət olunması serialın reytinqinə müsbət təsirini göstərir. Klip çəkilişlərindən bilirəm ki, aktyorluq qabiliyyəti olan müğənnilər az da olsa var. Xalq artisti Faiq Ağayev, Nura Suri və bir neçə müğənninin adını çəkə bilərəm ki, onlar təkcə serialda deyil, filmlərdə də maraqlı obrazlar yarada bilərlər”.
Tahirə