Xəbər saytlarının istinad problemi...

Media kapitanlarının hamısı narazıdır, ancaq vəziyyətdən çıxış yolu görünmür




Bu gün yerli xəbər saytlarında ən ciddi problemlərdən biri istinad mədəniyyətinin formalaşmamasıdır. Portalların dünya praktikası ilə ayaqlaşmaq cəhdi təqdirəlayiq hal olsa da, istifadə olunan informasiyalara istinad olunmaması xəbər yayıcısının peşəkarlığını kölgə altına salır. Hazırda gündəlik xəbər yayan informasiya saytlarında məlumatların əksəriyyəti istinadsız göstərilir. Ən mənfi cəhət isə odur ki, bu sahədə problem ötən illərdə necə idisə, bu gün də eyni vəziyyət hökm sürür.

Eyni məlumatın müxtəlif saytlarda istinadsız yayılması isə mübahisələrə səbəb olur. Həmin xəbərin ilk dəfə hansı saytda və ya qəzetdə dərc olunduğu ətrafında söz-söhbət sosial şəbəkələrdə qarşılıqlı ittihamlara yol açır, hətta bəzən təhqirlərə də yol verilir. Ancaq bu, təkcə şəbəkə söhbəti deyil, həm də peşəkarlıq məsələsi və müəllif hüququnun pozulmasıdır. Xüsusən son vaxtlar bəzi həmkarlarımız "istinad mədəniyyəti” ifadəsindən geninə-boluna istifadə edirlər. Səbəb aydındır, sayt və ya hər hansı mətbu orqan tirajladığı informasiyanı başqa bir mənbədən götürdükləri halda, xəbəri yayımlayan mənbəyə istinad etməyi ya özlərinə sığışdırmır, ya da görməməzlikdən gəlirlər. İstinad mədəniyyətinin pozulması problemi ilə əksər hallarda cəmiyyətdə nüfuzu olan, geniş oxucu auditoriyası ilə sayılıb-seçilən agentliklər, xəbər portalları üzləşirlər. Dünya mətbuatında qəbul olunmuş təcrübə isə belədir: - Hər hansı KİV digərindən məlumat götürərək, bu məlumatı öz qəzetində, jurnalında, internet saytında və s. yerləşdirirsə, mütləq məlumatın ilkin mənbəyinə istinad edir. Bu normaldır və çox yaxşı təcrübədir. Əlbəttə, insanlara lazım olan informasiyanın daha sürətlə çatdırılması mühüm amildir. Amma bu, o demək deyil ki, başqa bir mətbu orqanın informasiyasını özününküləşdirib, nöqtə, vergülünə belə dəymədən öz adına çıxasan. Auditoriya kimin nə söylədiyi, informasiya və fikirlərin haradan qaynaqlandığı barədə açıq siqnal almalıdır. Əks halda, auditoriyada fakt, şərh və rəy arasında çaşqınlıq yarana bilər. Hətta ekspertlərə görə, jurnalist heç vaxt xəbərlərə öz şəxsi baxışlarını qatmamalıdır.

"İstinad xəbərin şayiə olmadığını sübut edir”

BDU-nun professoru Zeynal Məmmədli hesab edir ki, jurnalist məlumat əldə etdiyi qaynağı dəqiq şəkildə göstərməlidir: "Jurnalist əlindəki məlumatı təsdiqləyən fakta, açıqlamaya sahib olmalıdır. Yaxud yaydığı informasiyanı hardansa götürübsə, həmin mənbəni qeyd eləməlidir. Bunlar oxucunu məlumatın doğruluğuna inandırmaq məqsədi güdür. Əks halda, mediaya inam itər, həmin xəbər isə şayiə təsiri bağışlayar. İnformasiyaya, yazıya jurnalistin imzası da qoyulmalıdır. Mənbəsiz yazı dərc etmək qayda pozuntusudur. Bu zaman müəllif hüquqları, mülkiyyət hüquqları problemi ortaya çıxır. Ən başlıcası, mediaya inanıb-inanmamaq problemi yaranır”. Z.Məmmədlinin sözlərinə görə, xəbər mənbəyi açıqlanan zaman qaynağın özünün xarakteri də aşkarlanır: "Bəlkə bu, milliyyətçi bir saytdır, bəlkə, konkret siyasi mənsubiyyəti olan mətbuatdır? Anonim qaynaqlı yazılar verən saytın, qəzetin xarakterinə daha geniş diqqət ayrılmalıdır. Məsələn, deyirlər ki, mötəbər mənbədən aldığımız məlumata görə... Bu, yolverilməzdir! O qaynağın mötəbər olub-olmadığını biz necə müəyyənləşdirək? Ümumiyyətlə, mötəbər qaynaq kimə deyilir?”.

Professorun sözlərinə görə, "istinad mədəniyyətsizliyi” Azərbaycanda jurnalistikanın ümumi vəziyyətini mənfi xarakterizə edir: "Oğru qəzet, sayt cəzalandırılmalıdır. Burada Mətbuat Şurasının da üzərinə böyük yük düşür. Hər həftə və ya hər ay mətbuatda bu cür orqanların siyahısı açıqlanmalı, tanıdılmalıdır. Siyahı reklam agentliklərinin diqqətinə çatdırmalıdır ki, həmin orqanlara reklam verilməsin. Amma reklam bazarının yoxluğu ucbatından bu da həll yolu olmur. Bazar sərbəstləşsəydi, bütün problemli məsələlər qaydasına düşərdi”.

"Xəbər portalları informasiyanı özü istehsal etməlidir”

Məsələ ilə bağlı "Şərq”ə danışan "Teleqraf Media Holdind”in rəhbəri Aynur Camalqızı deyib ki, hansısa media orqanının xəbərləri istifadə olunursa, mütləq istinad edilməlidir. Özü də istinad mütləq hiper linklə olmalıdır: "Ümumiyyətlə, dünyada bir xəbər portalının digərindən, bir qəzetin başqa yazılı media orqanından istinadlı və ya istinadsız xəbər götürmək praktikası demək olar ki, yoxdur. Yalnız xəbər agentliklərindən istifadə oluna bilər. Bu zaman da mütləq hiper link vasitəsi ilə həmin xəbər agentliyinə istinad edilir. Dünya praktikasında vəziyyət belədir. Bir misal çəkim, siz heç vaxt görə bilməzsiniz ki, Türkiyənin tanınmış media qurumu olan "Hürriyət” digərlərinin, məsələn, "Milliyət”in hansısa bir yazısını götürüb olduğu kimi öz saytında yerləşdirsin. Bu, mümkün olan şey deyil. Yəni özünə hörmət edən media orqanı ilk növbədə çalışmalıdır ki, xəbəri özü istehsal etsin və digər saytlar ilk mənbə kimi ona istinad etsinlər. Yox, əgər hansısa xəbər portalı bu məsələdə gecikibsə, o zaman xəbərdən sonra yaranmış vəziyyətin arxasınca düşərək onu analiz etməyə başlayır və oxucularını məsələdən agah edir”.

"Problemin arxasınca gedəndə o qədər eybəcərliklərlə rastlaşırsan ki...”

Baş redaktorun sözlərinə görə, çox təəssüflər olsun ki, Azərbaycanda bu sahədə çox ciddi problemlər var: "Bunun qarşısını almaq üçün əlimizdə heç bir hüquqi prosedur yoxdur. Çünki jurnalistikada həddindən ziyadə qeyri-peşəkarlar çalışır. Sadəcə bir "notebook”u olan istənilən adam hansısa domen adını qeydiyyatdan keçirərək özünə sayt yarada bilir. Belə şəxslər heç bir kollektivə ehtiyac duymadan, redaksiyanın ünvanı və əlaqə nömrəsi olmadan "fəaliyyət” göstərirlər. Onlar böyük media holdinqlərin, xəbər portalların min bir əziyyətlə yazdığı, istehsal etdiyi xəbərləri öz ata malları kimi saytlarında paylaşırlar. Faktiki olaraq bunun qarşısını almaq mümkün deyil. Heç kəsə də sübut etmək olmur ki, bu xəbərin sahibi mənəm, informasiyanı ilk olaraq mən yazmışam. Problemin arxasınca gedəndə də o qədər eybəcərliklərlə rastlaşırsan ki, adam "ayıb” iş gördüyünü zənn edir. O baxımdan mən də hesab edirəm ki, indiki reallıqda xəbər oğurluğunun həlli ancaq vicdanın və əxlaqın ümidinə qalıb. Çünki biz bunun qarşısını ala bilmirik. Sadəcə çalışmaq lazımdır ki, peşəkarlar qeyri-peşəkarların etdiyi bu çirkin hərəkətdən istifadə etməsinlər”. A.Camalqızı bildirib ki, rəhbərlik etdiyi media orqanlarında kifayət qədər əməkdaşlar, jurnalistlər çalışırlar və onlar mümkün qədər başqa saytların materiallarına istinad etmirlər: "Xəbərləri özümüz istehsal edirik. Bir çox hallarda isə sadəcə xəbər agentliklərinin materiallarından istifadə edirik”.

"Sayt açmaq istəyən şəxslərin maliyyə durumu araşdırılmalıdır”

Media rəhbəri bəyan edib ki, problemin qarşısını almağın yolları var: "Məsələn, Azərbaycanda televiziya təsis etmək çox çətindir. Düşünürəm ki, sayt yaratmaq məsələsində də televiziya üçün tələb olunan ağır şərtlər qoyulmalıdır. Səhv etmirəmsə, televiziya yaratmaq üçün müraciət edən şəxslər qurumu saxlamaq üçün bir illik büdcəni təqdim etməlidir. Fikrimcə, qəzet və sayt təsis edən şəxslərin maliyyə durumu da bu cür araşdırılmalıdır. Yalnız o halda jurnalistikanı qeyri-peşəkarlardan təmizləmək mümkün olar. Əminəm ki, sayt açmaq istəyənlərin yarıdan çoxu maliyyə resurslarını ortaya qoya bilməyəcəklər. Mediaya aid qanunvericilikdə bir sıra müddəalar da salmaq, qaydaları sərtləşdirmək də mümkündür. Eyni zamanda Mətbuat Şurası xəbər oğurluğu ilə məşğul olan saytların ifşa edilməsində daha çox təşəbbüs göstərməlidir. Məncə, əlbir olsaq, müəyyən qədər təmizləmə apara bilərik”.

"Xəbəri istehsal edən mənbənin kimliyi oxucu üçün maraqlı deyil”

"Modern.az” portalının baş redaktoru Elşad Eyvazlı deyir ki, əksər saytlar bu yolla öz mövcudluqlarını qorumağa çalışırlar: "Bu gün min manat xərc çəkib, sayt yaratmaq mümkündür. Amma bu saytı ayaqda saxlamaq, ictimai rəyə təsir edə bilmək üçün böyük enerji və maliyyə tələb olunur. Bunu edə bilmədiklərinə görə, başqa saytların xəbərlərini "kopyalayır” və gündəmdə qalmağa çalışırlar. Təbii ki, başa düşürlər ki, ucdantutma bütün xəbərlərə istinad edilsə, o halda onların fəaliyyətinə maraq olmayacaq. Bu səbəbdən bəzi hallarda digər portalların xəbərlərini öz adlarına çıxmağa çalışırlar. Amma unudurlar ki, bu yolla uğur qazanmaq və oxucuları aldatmaq mümkün deyil”. Baş redaktorun sözlərinə görə, xəbəri istehsal edən mənbənin kimliyi oxucu üçün qətiyyən maraqlı deyil. Ona görə də problemə qarşı mübarizə ciddi nəticə verməyəcək: "Bəzən bir şirkət digər şirkətin istehsal etdiyi məhsulun üzərindəki etiketi dəyişərək, bunu öz adına çıxır. Dəfələrlə görmüşük ki, bu məsələ məhkəmə predmeti olur. Amma xəbər portalları arasında belə ənənə yoxdur. Digər tərəfdən, bu, bir vicdan məsələsidir. "Modern.az” portalında belə hal olmayıb. Biz hansı istinad xəbəri veririksə, həmin xəbəri hansı mənbədən aldığımızı qeyd edirik. Pessimist olmağa əsas yoxdur. Onsuz da, bu cür saytlar sürətlə zəifləyir və bir müddətdən sonra sıradan çıxırlar. Yaxşı olar ki, aparıcı xəbər agentliklərinin rəhbərləri bir araya gələrək, buna qarşı ictimai qınaq yaradacaq tədbirlər barədə düşünsünlər”.

"Hər kəsin öz vicdanına buraxmaq lazımdır...”

"Azadinform.az”ın baş redaktoru Niyaz Niftiyev də bildirib ki, son aylar bu məsələdə vəziyyət daha pis forma alıb: "Xəbər istehsalına deyil, daha çox "kopyalama” prinsipi ilə işləyən internet resurslarının əksəriyyəti bu ənənədən belə mədəni istifadə edə bilmirlər. Daha doğrusu, xəbər istehsal edən saytların xəbərlərini istinadsız verərək, onların məhsullarına sahib çıxırlar. Əlbəttə, bu, xoşagələn hal deyil və ciddi problemdir. Bir ara bu məsələ aktuallaşdı və problemlər nisbətən yoluna qoyuldu. Amma son zamanlar yenə də əvvəlki vəziyyət yaranıb. Çıxış yolu mütləqdir. Bunu hər kəsin öz vicdanına buraxmaq lazımdır”.

(davamı var)

İsmayıl