Xəyanət...

İran düşmən dəyirmanına su tökür
Fars rejissorlar Azərbaycanın tarixi torpaqlarında müştərək film çəkir

Son illər İran filmləri dünya film bazarında kifayət qədər diqqət çəkir. Xüsusilə də İranın gənc rejissorlarından sayılan Möhsün Mahməmadafa və Məcid Məcidinin filmləri dünya kino tarixinə qızıl hərflərlə yazılıb. Təbii ki, cənublu qonşumuzun kino sahəsində əldə etdikləri uğurlara biz də sevinirik. Nəzərə alsaq ki, eyni zamanda bəzi İran-Azərbaycan müştərək filmləri də çəkilib və bu filmlər də kifayft qədər dünya kino bazarında, böyük film festivallarında maraqla izlənib, onda onların uğurlarında bizim də payımız var desək, səhv etmərik.

Müştərək çəkilən filmlərin hər biri uğurlu alınmasa da, son iki filmin adını çəkmək olar ki, onlar beynəlxalq kino festivallarında qalib olub, seçilənlər sırasında sayılır. Elçin Musaoğlunun "40-cı qapı” filmi uğurlu filmlərimizdən sayıla bilər.

Niyə İran filmlərindən danışmaq istədik? Çünki İran kinosu dünya kino bazarında özünü bir daha tanıtmaq üçün Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında, yəni Dağlıq Qarabağda çəkilişlər aparmağa başlayıb. Zəbt edilmiş torpaqlarımızda Azərbaycanın icazəsi olmadan İran və Ermənistan kino xadimləri müştərək film çəkməyə qərar veriblər.

Separatçı rejimin hökm sürdüyü Qarabağ torpaqlarında Ermənistanın da müştərək olduğu ekran əsərində tarixi saxtalaşdıraraq sənədli-bədii film çəkilməsi bir daha tarixin saxtalaşdırılmasına hesablanmış bir layihə olduğundan xəbər verir.

İlkin adı "Həvva” olan sənədli-bədii film öz növbəsində ilk İran-Ermənistan müştərək ekran əsəri kimi də diqqət çəkir.

Rejissor Anait Abadın ekranlaşdırdığı sənədli-bədii film insani münasibətlərdən və həyatın yaranışından bəhs edəcək.

Filmin prodüsseri Beyruz Paxnaxadın sözlərinə görə, ümumbəşəri mövzunu əhatə etdiyindən və insanlıq münasibətlərindən bəhs edir. Prodüserin sözlərinə görə, filmin rejissoru və ümumilikdə filmin yaradıcı heyəti bu sənədli-bədii filmin təkcə İranda və reginonda deyil, dünya bazarında nümayiş olunmasına çalışırlar. Bunun üçün bütün imkanlarından istifadə edəcəklərini deyən filmin prodüsseri "Həvva” filminin beynəlxalq film bazarında və festivallarında da nümayiş olunmasına çalışacaqlarını iddia edirlər.

Filmin prodüsseri onu da bildirib ki, filmin çəkilişləri üçün hazırlığına iki ay vaxt gedib. Bu müddətdə Ermənistan onlar üçün lazım olan şəraiti yaradıb, bütün texniki problemlər həllini tapıb. Filmin çəkilişləri üçün qondarma Dağlıq Qarabağ Respublikasının rəsmiləri və orada məskunlaşan əhali də filmin yaradıcı heyətinə lazım olan köməyi göstəriblər. Əslində başadüşüləndi. Ermənistanla müştərək çəkilən bu filmdə ermənilər yenə tarixi məqamları istədikləri kimi saxtalaşdırıb bunu ekran əsəri şəklində təqdim etməklə bir daha oğurluğa meyilli millət olduqlarını nümayiş etdirmiş olurlar. Amma bir reallıq var ki, zəbt olunmuş Azərbaycan ərazilərində Azərbaycan dövlətinin icazəsi olmadan başqa ölkələrin kino çəkənləri film çəkir. Həm də Azərbaycan əleyhinə.

Adıçəkilən filmdə peşəkar aktyorlarla yanaşı, həvəskar aktyorlar da çəkilib. Məlumat üçün qeyd edək ki, filmdə baş rollardan birini Ermənistanın Əməkdar artisti Elin Aqamyan canlandırır.
Filmdə kütləvi səhnələr və digər kadrlarda çəkilən məktəblilər də keçirilən kastinqlərdən sonra seçilib.
Film Dağlıq Qarabağda, yəni zəbt edilmiş Azərbaycan torpaqlarında Xankəndində, Şuşada və Ağdərədə aparılacaq.
Filmin çəkilişlərinin iki aya bitməsi nəzərdə tutulub.
Məlumat üçün onu da xatırladaq ki, hələ 2014-cü ildə İran rejissorları erməni separatçıları ilə əməkdaşlıq edərək ermənilər üçün "Karvacar” adlı film çəkməyə kömək edəcəklərini bildirmişdilər. Bəlkə az insanlar bilir ki, söhbət əslində "Karvacar” deyiləndə ermənilər tərəfindən işğal olunmuş Azərbaycan torpağı olan Kəlbəcərdən gedir.

Yeri gəlmişkən onu da qeyd edək ki, İran İslam Respublikası olduğu üçün onların kino mədəniyyəti birbaşa İran İslam Respublikasının Mədəniyyət Nazirliyinə tabedir. Eyni zamanda bir məqamı da unutmaq lazım deyil ki, İranın Mədəniyyət Nazirliyi də birbaşa İran Ali Dini liderinə tabedir.

Bəllidir ki, ermənilər bu filmdə olan süjet xəttini, hadisələri erməniləşdirərək meydana çıxarmağa çalışırlar. Bunun üçün də peşəkar İran rejissorlarından istifadə etmək məntiqi baxımdan daha əlverişlidir. Çünki İran həmin regionun tarixi ölkələrindən sayılır və onların rejissorları tərəfindən təqdim edilən ekran əsəri də daha dəqiq mənbəyə söykənən sənədli ekran əsəri kimi qəbul oluna bilər.

Başqa bir tərəfdən nəzərə alsaq ki, İranda yaşayan azərbaycanlıların sayı Azərbaycanda yaşayan azərbaycanlıların sayından qat-qat çoxdur, onda məhz İran kimi ölkənin rejissorları tərəfindən belə bir ekran əsərinin dünya bazarına çıxarılması da hesablanmamış deyil. Deməli, İran kimi böyük bir tarixi ölkədə çəkilən filmin erməniləşdirilməsi daha inandırıcı görünmüş olar.

Əgər İran separatçılara dəstək olmaq və separatizmi dünya arenasında təbliğ etməklə Ermənistana kömək etməyi düşünürsə, onda gərək ilk növbədə İran-Azərbaycan münasibətlərinə rəsmi şəkildə son qoyulsun. Artıq bundan sonra separatçı Ermənistana qarşı İranın rəsmi dəstəyi görünmüş olar.

İndi sadəcə bir sual meydana çıxır. Cənablar, təyin edin, siz bizimləsiz, ya düşmənlərimizlə?

Bununla bağlı Azərbaycanın İncəsənət xadimi, rejissor və aktyoru Şeyx Əbdül Mahmudbəyovdan münasibət öyrəndik: "Tarixən İran-Turan münasibətlərində gərginlik yaşanıb. Biz İran deməyək. Farslarla ermənilərin müştərək filmi deyək. Çünki İran deyəndə daha böyük səslənir və İranda 30 milyondan çox azərbaycanlı yaşayır. Deməli, söhbət İrandan deyil, farslardan gedir. Sizə bir məlumatı da çatdırım ki, hazırda farslar dincəlmək üçün İrandan İrəvana gəlirlər, Göyçə gölünə. Bu gün İranın Ermənistana qarşı xoş, bizə qarşı tarixi cinayətin, tarixi xəyanətin davamıdır. Farsların türklərə qarşı düşmənçiliyi heç vaxt bitməyib, tükənməyib və bitməyəcək də. Özünə arxayınlaşmaq, özünə əmin olmaq milləti uçuruma aparır. Ona görə də gözümüzü açıb bu gün dostumuzla-düşmənimizi ayırmalıyıq. Bilməliyik ki, kim dost, kim düşməndir. Yaxşıdır ki, bizə qarşı bu cür təxribatlar, düşmənçiliklər özünü göstərir, biz də dostumuzla düşmənimizi tanıyırıq. Bu kimi dırnaqarası layihələr, əslində erməni ilə farsın dostluğuna yox, bizim ayılmağımıza xidmət etməlidir. Biz genetik düşmənlərimizi bəzən unuduruq, tanımırıq. Bu gün ermənilərin İranla bir yerdə bizim torpaqlarımızda film çəkməkləri, tarixi həqiqətləri təhrif etmələri bir daha dünya tarixində növbəti cəfəngiyyatları göstərməkdir. Bunun heç bir tarixi əsası yoxdur, İran belə bunu çəksə, tarixi faktları dəyişmək mümkün deyil. Əgər belə bir film çəkilirsə, bu bizə qarşı aparılan tarixi xəyanətin davamı kimi qəbul olunmalıdır.

Tahirə Məmmədqızı