"Xeyli yeni iş yeri açılıb, əhalinin gəlirləri artıb" - Ekspert

"Dünyanın bir çox ölkələrində böhran hökm sürdüyü, qonşu ölkələrin valyutasının dəyərdən düşdüyü, inflyasiyanın baş alıb getdiyi bir vaxtda Azərbaycanda sosial iqtisadi vəziyyət normal oldu”.
Bunu "Sherg.az”a açıqlamasında "Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib.
İqtisadçı - ekspert bildirib ki, əldə olunan uğurlar son illərdə həyata keçirilən sosial-iqtisadi siyasətin nəticəsidir:
"Həyata keçirilmiş dövlət proqramnları nəticəsində qeyri-neft sektorunda inkişaf tempi və məhsul həcmi artıb. Buna müvafiq olaraq ixrac artıb, idxal da azalıb. Neft sektorundan asılılığımız xeyli azalıb. Bir sıra beynəlxalq və regional layihələr başa çatdırılıb, müasir infrastrukturun qurulması davam edib, nəqliyyat dəhlizləri işə salınıb. Biznesin fəaliyyət imkanlarının artmasını, sahibkarlığa maneələrin götürülməsini beynəlxalq təşkilatlar da qeyd ediblər. 
Regionların inkişafı və Özünüməşğulluq proqramları qarşıya qoyulan vəzifələrin həyata keçməsi üçün çox əhəmiyyətlidir. Nəticədə xeyli yeni iş yeri açılıb, əhalinin gəlirləri artıb. Bu ildən başlayaraq vergi və gömrük sistemində inqilabi islahatlar başlayıb ki, bu da son nəticədə ölkədə iqtisadi fəallığı artıracaq, korrupsiyanı azaldacaq, əhalinin iş və dolanışıq problemlərinin həllində böyük irəlləyiş əldə ediləcək”.
E.Bayramlının sözlərinə görə, kiçik sahibkarlığa dəstək davam etməli, vergilər və gömrük rüsumları bir qədər də yüngülləşdirilməli, yerli istehsalın artması üçün dövlət dəstəyi daha da artırılmalıdır: 
"Bu proqramlar və layihələr yaxın illərdə ölkəmizin iqtisadi inkişafını və sosial rifahını tam təmin edə bilər. Ölkədə bahalaşmanın qarşısının alınması və eyni zamanda yerli istehsalı qorumaq üçün respublikanın özündə istehsalı olmayan və ya çox az istehsal olunan məhsullara gömrük rüsumları azaldılmalıdır. Daxili tələbatı tam və ya böyük həcmdə ödəyən məhsullar üzrə isə artırılmalıdır. Bu islahatlar yaxın illərdə respublikamızın sosial-iqtisadi mənzərəsini tamamilə dəyişə bilər”.
Qeyd edək ki, Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Dövlət başçısı 2018-ci ilin ölkəmizüçün uğurlu olduğunu, dünyada və bölgədə gedən mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik inkişaf etdiyini bildirib. Dövlət başçısı 2018-ci ildə üçüncü peykimizin orbitə buraxıldığını, Cənub Qaz Dəhlizinin rəsmi açılışını, TANAP layihəsinin işə düşdüyünü, Ələt Beynəlxalq Ticarət Limanının fəaliyyətə başldığını deyib. 2018-ci ili həm də dərin islahatlar dövrü kimi xarakterizə edən dövlət başçısı əsas iqtisadi göstəricilərdən danışarkən bildirbi ki, ötən il ümumi daxili məhsul 1,4 faiz olub. Qeyri-neft sektoru 1,8, sənaye istehsalı 1,5, kənd təsərrüfatı isə 4,6 faiz artıb. Valyuta ehtiyatları 45 milyard dollara çatıb, ölkədə 118 min daimi iş yeri yaradılıb.
İsmayıl