XİN başçıları Tbilisidə “İpək Yolu”nu ciddi müzakirə edəcək

Bunu Rusiyadan yan keçən yeni kommunikasiya xətti kimi də dəyərləndirmək lazımdır



Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü dekabrın 21-22-də Tbilisidə keçiriləcək. Bu barədə Gürcüstanın xarici işlər naziri Georgi Kvirikaşvili bildirib. Onun sözlərinə görə, üç ölkənin nazirləri görüş çərçivəsində bir çox istiqamətlərdə günün aktual və vacib məsələlərini müzakirə edəcəklər.

XİN rəhbərlərinin üçlü görüşü ilə bağlı "Şərq”ə danışan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Natiq Miri deyib ki, nazirlərin Tbilisi görüşündə siyasi məsələlərdən daha çox iqtisadi mövzular müzakirə olunacaq: "Xarici işlər nazirlərinin görüşünə Azərbaycan Prezidenti İlham Əliyevin Çin səfəri kontekstindən yanaşmaq lazımdır. Məlumdur ki, həmin səfərin əsas motivi "İpək Yolu”nun bərpası və Çindən Avropaya qədər uzanacaq ticarət xəttinin fəaliyyətə başlaması ilə bağlıdır. Bilirsiz ki, bu istiqamətdə Çindən yola çıxan yük qatarları artıq Gürcüstana çatıb. Hesab edirəm ki, nazirlərin görüşündə "İpək Yolu” çox ciddi müzakirə mövzusu olacaq. Bunu Rusiyadan yan keçən yeni kommunikasiya xətti kimi də dəyərləndirmək lazımdır. Bu həm də ən yaxın və daha ucuz başa gələn bir yoldur”. Politoloq bildirib ki, Türkiyə-Rusiya münasibətləri kontekstində Türkiyənin öz məhsullarını yaxın qonşu ölkələrə satmaq ehtiyacı yaranıb: "Bu yöndə müəyyən danışıqlar olacaq. Ən nəhayət, Gürcüstandan Türkiyəyə enerjinin verilməsi məsələsi çox ciddi müzakirə obyektinə çevriləcək. Tbilisi görüşündə təhlükəsizlik məsələsi də masaya yatırılacaq. Təyyarənin vurulmasından sonra Rusiya aqressiv siyasətini həyata keçirməkdə davam edir. Onu da nəzərə almaq lazımdır ki, Rusiya Ermənistandakı hərbi bazasını gücləndirir. Bu da region dövlətlərini ciddi narahat edir. XİN rəhbərləri region ölkələrinin təhlükəsizlik məsələsini də müzakirə edəcəklər”.

İsmayıl