Xüsusi maraq axtarmağa ehtiyac yoxdur

İran gəmiləri Azərbaycan sularına rəsmi Bakının razılığı ilə daxil olub




İran Hərbi Dəniz Qüvvələrinə məxsus Xəzər dəniz donanmasının üç hərbi gəmisi Bakıya gələcək. Bu barədə İranın "Fars” agentliyinə müsahibəsində eskadra komandiri kapitan Əhməd Rza Baqiri məlumat verib. Onun sözlərinə görə, səfər əvvəlcədən planlaşdırılıb. "Mehr” agentliyinə istinadən aldığımız məlumata görə, səfər dostluq xarakteri daşıyacaq. Eskadra Bakı limanına bu gün səfər edəcəyi Rusiyanın Həştərxan vilayətindən yollanacaq. Səfər iki həftə davam edəcək. Məlumata görə, artıq "İran HHQ-nin gəmiləri - "Damavand” esminesi, həmçinin iki raket kateri "Cuşan” və "Peykan” bu gün Rusiyanın Həştərxan limanına yola düşüb. "Damavand”, "Cuşan” və "Peykan” isə İranın şimalındakı Bəndər-Ənzəli şəhərindən yola düzəlib”.

İran Hərbi gəmilərinin Azərbaycan səfərini dəyərləndirən Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, bu səfərin arxasında xüsusi maraq axtarmağa ehtiyac yoxdur, çünki İran gəmiləri Azərbaycan sularına rəsmi Bakının razılığı ilə daxil olub: "Bu səfər sırf dostluq xarakteri daşıyır və hərbi əməkdaşlığın bir formasıdır. Hərbi gəmilər Həştərxan portuna səfər etdikdən sonra Bakıya gələcəklər. Bu səfər hər iki ölkənin hərbi dəniz qüvvələrinin biri-birinin təcrübəsindən yararlanmağa hesablanıb. Məqsəd tərəflərin biri-birinin fəaliyyəti ilə tanış olmaq, birgə hərbi təlimlərin keçirilməsi, hərbi kadrların hazırlanması və ümumilikdə hərbi təcrübənin bölüşdürülməsindən ibarətdir. Hesab edirəm ki, bu cür hərbi səfərlər uzunmüddətli nəzərdə tutulub və qarşılıqlıdır. Növbəti dəfə Azərbaycanın hərbi gəmiləri Rusiya və İran portlarına səfər edəcəklər. Belə səfərlər iki ölkə arasında inam mühitinin, dostluq əlaqələrinin möhkəmlənməsinə, Xəzərin sülh məkanına çevrilməsinə və ölkələr arasında hərbi inamsızlığın aradan qaldırılmasına çox böyük töhfə verəcək”.

Rusiya hərbi gəmilərinin arxasınca İran gəmilərinin Bakıya gəlməsinin milli təhlükəsizliyimiz üçün təhdid olması ilə bağlı iddiaların əsassız olduğunu vurğulayan millət vəkili deyib ki, Azərbaycanla İran sərhəd dövlətlərdir və onlar arasında yaxın qonşuluq əlaqələri var: "Yuxarıda da qeyd etdiyim kimi, bu səfərlər əvvəlcədən rəsmi Bakı ilə razılaşdırılıb, gəmilərin marşrut xətti, proqramları müəyyənləşdirilib. Xarici hərbi gəmilər Azərbaycanın qanunvericiliyinə tam riayət etməklə Azərbaycan sularına daxil olurlar”.

Şəymən