Zığ, Masazır, Əhmədli, Günəşli zonalarında sürüşmə təhlükəsi qalır
Ötən ilin oktyabr ayında cənub bölgəsinə yağan intensiv yağışlar bir neçə yaşayış məntəqəsində sürüşmə ərazilərinin aktivləşməsinə səbəb olub. Torpaq sürüşməsi nəticəsində Lənkəran rayonunun Dağlıq Bəliton kəndində 20-yə yaxın fərdi yaşayış evi qəzalı vəziyyətə düşüb. Əksər evlərin divarlarında dərin çatlar əmələ gəlib.
Kənd sakini Əfqan Heydərova məxsus fərdi ev yaşayış üçün xüsusilə təhlükəli sayıldığından onun ailəsi müvəqqəti olaraq çadıra köçürülüb. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Bəliton ərazi vahidliyi üzrə nümayəndəsi Ağayar Yusifov bildirib ki, mövcud vəziyyət barədə müvafiq qurumlara müraciət olunub. Fövqəladə Hallar və Ekologiya və təbii sərvətlər nazirliklərinin mütəxəssisləri kənddə qəzalı evlərə baxış keçirərək, müvafiq akt tərtib ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev sürüşmə aktivləşən zaman Ekspedisiya əməkdaşlarının həmin ərazidə müvafiq monitorinqlər keçirdiklərini deyib: "Həmin nəticələrə baxılıb və arayış yazılaraq müvafiq təşkilatlara təqdim olunub. Eyni zamanda biz hadisənin sürüşmə olduğunu qeyd edərək mətbuata da məlumat vermişik. Bir sözlə, biz öz üzərimizə düşən işi görmüşük. Qaldı ki, evlərin qəzalı vəziyyətdə olmasına, onların köçürülməsi ilə bağlı müvafiq addımların atılması bizim səlahiyyətimiz daxilində deyil”.
Azərbaycanda təhlükəli sürüşmə zonalarının adlarını açıqlayan baş geoloqun sözlərinə görə, hazırda həmin ərazilərdə sabitlikdir. Ancaq yağıntılar intensivləşərsə, bu sürüşmə sahələrinin təhlükəliliyi arta bilər: "Əsas sürüşmə sahəsi Gədəbəy, Zığ, Masazır, Əhmədli və Günəşli qəsəbəsidir. Bir balaca aktivlik olan kimi bu sahələrdə sürüşmə qeydə alınır. Eyni zamanda Bakı-Şamaxı, Bakı-İsmayıllı, Bakı-Ağsu yolu da sürüşmə sahələri hesab olunur. Elə indi Bakı Beynəlxalq Avtovağzal Kompleksindən gəlirəm. Kompleksin qarşısında baş verən sürüşmə sahəsində də sabitlikdir. Demək olar ki, çökmə-oturma prosesi tam dayanıb. Heç bir sürüşmə təhlükəsi yoxdur. Ancaq yol asfaltlanmadığı üçün quyular qazılır və məhlul sementlər vurulur. Divarların Avtovağzal Kompleksi istiqamətinə hərəkəti də tam dayanıb”.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov da Lənkərandakı mövcud vəziyyətlə bağlı FHN-lik iş qalmadığını vurğulayıb: "Lənkərandakı sürüşmə zonasındakı aktivləşmə ilə əlaqədar FHN əməkdaşları hadisə yerinə baxış keçirib və akt tərtib ediblər. Həmin akt isə müvafiq İcra Hakimiyyətinə göndəriləcək. İcra hakimi də öz növbəsində aktı Nazirlər Kabinetinə ünvanlayacaq. Bundan sonra isə qəzalı vəziyyətdə olan evlərin sığorta və təmir məsələsinə baxılacaq. FHN-in funksiyası əraziyə baxıb, oradakı evlərdə yaşanıb-yaşanmayacağına dair rəy verməkdən ibarətdir. Sonrakı proseslərin heç biri bizim səlahiyyətlərimizə aid deyil”.
Şəymən