Yağmurlu Trabzon...


Bu hava şəraiti şəhərin tarixi yerlərini dolaşan turistlərin istəyinə mane olmurdu
(Əvvəli ötən sayımızda)
Trabzon tarixi baxımından turistlərin marağını cəlb edən bir şəhərdir. Roma imperatorluğu və Osmanlı dönəmində əyalət mərkəzi olmuş, orta əsrlərdə Rum imperatorluğunun paytaxtı olan Trabzon bir çox tarixi əraziləri ilə məşhurdur. Sumela monastrı, Ayasofiya muzeyi ən məşhur tarixi abidələr sayılsa da, orta əsrlərdən qalan monastrların, tarixi şəxsiyyətlərin ev muzeyləri də turistlərin sıx ziyarət etdiyi məkanlardır.
Sumela monastrında və Ayasofya muzeyində olarkən də buraların turistlərin marağını çəkdiyini müşahidə etdim. Bu monastr və muzey imperatorluq zamanından inşa edilib, günümüzdə ziyarət məkanlarına çevrilib. Şəhərin yüksəkliyində yerləşən abidələr tarixin bir dönəmini özündə ehtiva edir.
Ucuz qiymətə "balık-əkmək”
Qara dəniz sahilində isə böyük osmanlı hökmdarı Qanuni Sultan Süleymanın abidəsi və onun şərəfinə adlandırılan "Qanuni bulvarı” insanların dəniz havasını içinə çəkməsi, istirahət etməsi üçün ən gözəl məkan sayılır. Qeyd edim ki böyük türk hökmdar məhz Trabzonda doğulub. Atası, böyük türk padşahı Yavuz Sultan Səlimin 1489-1511-ci illər arasında, tam 22 il Trabzona sancaq bəyliyi etməsi zamanı Qanuni dünyaya gəlib. Sultan Süleyman kimi bir şəxsiyyətin, şəhərlərində doğulmasından trabzonlular məmnun görünürlər. Amma müşahidələrim onu göstərdi ki, şəhər əhalisi dəniz kənarında gəzməyə, orada istirahət etməyə o qədər də maraqlı deyillər. Çünki bulvarda gəzişdiyim zaman sanki əraziyə illərdir ayaq dəymədiyini müşahidə etdim. İllər öncə yerə döşənmiş daşların aralarından ot çıxması da bunu söyləməyə əsas verir. Parkdan bir qədər kənarda isə "balık-əkmək” verilən xırda, bir qədər nimdaş kafelər sıxlığı ilə seçilir. Çox ucuz qiymətə, trabzonluların məşhur "balık-əkmək”lərindən dadmaq mümkündür. Həmçinin dənizin içərilərinə doğru irəliləmiş sal qaya daşların yanlarında nadir hallarda sevgili cütlüklərin istirahət etdiklərinə şahid olmaq olar. Bakıdan fərqli olaraq sevgililərə Trabzonun dəniz sahilində polislər maneə yaratmırlar. Mən hansısa asayiş keşikçisinin cütlüklərə nəinki yaxınlaşmasının hətta baxmasının belə şahidi olmadım.
Trabzon qalası və iki böyük hökmdarın evi...
Trabzonun imperatorluq zamanından qalmış qala divarları da turistləri cəlb edən məkandır. Üzərində əsrlərin sirləri olan bu qala divarlarını keçib, içərisini ziyarət etmək imkanımız olmadı. Amma çöl tərəfdən möhtəşəmliyi ilə seçilən qala böyük bir ərazini əhatə edib. Buraya nəzər salanda Bakının İçəri Şəhərini, Şirvanşahlar sarayını xatırlamamaq mümkünsüzdür. Sarayın yaxınlığında isə "Qanuni” ev muzeyi fəaliyyət göstərir. Ətrafdakı insanlardan soruşduqda, "Sultan Süleyman bu evdə anadan olub” - məlumatını aldım. Təəssüf ki, muzeylə də tanış olmaq imkanı tapa bilmədik. Trabzon sarayı kimi Qanuni muzeyinin də qapıları bağlı idi. Bunun səbəbini bir qədər sonra öyrəndik. Məlum oldu ki, muzeylər, tarixi yerlər Trabzonda əsasən şənbə-bazar günləri açıq olur. Bir də yay aylarında, turistlərin bol olduğu dönəmlər fəaliyyət göstərirlər. "Qanuni” muzeyinin qarşısında isə balaca bir park, iki heykəl gözümə sataşdı. Bu heykəllər Osmanlının iki böyük hökmdarına, ata-oğul sultanlara aiddir.
Bura ticarət mərkəzidir, yoxsa parlament binası?
Trabzonun ən qaynar nöqtəsi Meydandan sonra şəhərdə olan 4 böyük ticarət mərkəzidir. Maraqlı məqam ticarət mərkəzlərinə girişdə insanların təhlükəsizlik baxımından yoxlanılmasıdır. Sanki insan alış-veriş mərkəzinə deyil, parlament binasına daxil olur. Bunun səbəbini hər an terror təhlükəsinin ola bilməsi ilə izah edirlər. Ticarət obyektlərində, əsasən paltar satışı təşkil edilib. Hər birində də eyni malın dəyəri təxminən eyni qiymətədir. Amma keyfiyyətli mallar üstünlük təşkil edir. Fabrik paltarları isə əsasən "çarşı”lardadır. Brend firmaların paltarlarını mağazalar bizdəki mağazalarla müqayisədə "su qiyməti”nə satırlar. Form, Varlıbaş, Cəvahir, Baumaks kimi alış-veriş mərkəzlərində bizim pulla 50 manatlıq malın eynisi, Bakının məşhur ticarət mərkəzlərində 100-150 manata satılır. Qiymətlərdən görünür ki, iqtisadiyyatı əsasən sintetik məhsullar istehsalı ilə formalaşan Türkiyədə, paltar kimi tələbat malları çox ucuzdur. Keyfiyyət isə, öz yerində.
Trabzonluların sevimlisi - "Trabzonspor”
Trabzonda səfərdə olduğum zaman sonuncu getdiyim məkan şəhərin futbol klubuna məxsus Hüseyn Avni Aker stadionu oldu. Futbol azarkeşi olduğum üçün, burada stadiona baş çəkmədən şəhəri tərk etmək günah olardı. Qeyd edim ki, "Trabzonspor” futbol klubu Türkiyə futbol liqasının ən böyük 5 komandasından biridir. Dəfələrlə Türkiyədə və Avropanın yaşıl meydanlarında uğur nümayiş etdirən "Trabzonspor” trabzonluların sevimlisidir. Kluba məxsus Avni Aker stadionu şəhərin dağ yamacı hissəsində yerləşir. Böyük bir ərazini əhatə edən stadion təxminən 40 min azarkeş tutumuna malikdir. Stadionun içərisinə keçib, orada şəkil çəkdirməyimizə razı olan gözətçi, bir qədər də klub haqqında məlumat verdi. Trabzon səfərimiz ərəfəsində hansısa matç keçirilmədiyinə görə, stadionda canlı oyunu seyr etmək arzumuza çata bilmədik.
Üzü Vətənə doğru...
Səfərimizin sonuncu günündə yenə də narın yağmur Trabzon küçələrini yuyurdu. Qaldığımız otelin gözətçisi ilə sağollaşdıqdan sonra birbaşa şəhərin avtovağzalına gəldik. Türkiyə saatı ilə 18:00-da bizi yenidən Tibilisiyə gətirəcək avtobus avtovağzaldan tərpəndi. Artıq gecə saat 12 radələrində Türkiyə-Gürcüstan sərhəddində, Sarp Gömrük Keçid Məntəqəsində idik. Sərhəd keçənlərin sayı o qədər də çox olmadığına görə, qısa zamanda pasport kontrolu həyata keçirildikdən sonra artıq Gürcüstanda idik. Gecə Batuminin, Kabuletinin, Zastafoninin dolanbac yolları ilə hərəkət edən avtobus səhər saatlarında bizi Tibilisinin Orta Çala deyilən mərkəzi ərazisində endirdi. Bir az Qafqazın mədəniyyət mərkəzi olan Tibilisidə dolaşdıqdan sonra, Gürcüstan-Azərbaycan sərhədinə, Sınıq Körpü Gömrük Keçid Məntəqəsinə yol aldıq. Qırmızı Körpüdə deyilən sərhəd keçid məntəqəsinə yaxınlaşdıqda, xeyli maşının gözlədiyinin şahidi oldum. Azərbaycana keçmək istəyən TIR markalı böyük maşınlarla yanaşı, Gürcüstana və yaxud da Türkiyəyə istirahətə gedənlərin şəxsi maşınları da keçid növbəsini gözləyirdi. Sarpdan fərqli olaraq Sınıq Körpüdə insan sıxlığı müşahidə edilirdi. Təxminən bir saata yaxın növbə gözlədikdən sonra pasport qeydiyyatından keçib Vətən torpağına ayaq basdıq. 5 günlük xaricə səfəri, həm Tibilisi həm də Trabzon, iki başqa ölkələrin, fərqli şəhərlərini yaddaşımın dərinliklərinə həkk etdim desəm yanılmaram. Ən əsası, gəzmək üçün qardaş ölkənin əyalət şəhərini, Trabzonu seçdiyimdə yanılmadığımı anladım. Azərbaycana yaxın olan iki ölkənin, Gürcüstanın paytaxtı və Türkiyənin 29-cu yerdə qərarlaşan şəhərinin müqayisəsi ilə ümumilikdə bu iki ölkənin vəziyyətini düşüncəmdə fərqləndirdim. Fikrimcə, Gürcüstan təxminən 50 il Türkiyəyə nisbətdə geridə qalıb.
Anar Bayramoğlu,
Bakı-Tibilisi-Trabzon-Bakı