Yalan yazıblar

Elçin Behbudovun komitəsinə sədr həyat yoldaşı təyin olunmayıb




İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin (İQAK) sabiq mərhum sədri Elçin Behbudovun həyat yoldaşı Elmira Behbudova bu təşkilatın sədri seçilməsinə dair yayılan xəbərləri təkzib edib.

O, "Şərq”ə bildirib ki, bu, yanlış məlumatdır: "Onu kim yazıbsa, səhvdir. "Mən komitənin sədri seçilmişəm” ifadəsini işlətməmişəm. Yalan yazıblar. Bir onu deyə bilərəm ki, qurum fəaliyyətini dayandırmayacaq. İşlərini davam etdirəcək. Amma fəaliyyət istiqamətləri və qurumun yeni sədrinin kimliyi rəhmətliyin 40 mərasimindən sonra məlum olacaq. Hələ ki onu düşünməyin zamanı deyil. Elçinin ölümünün şokundan hələ də ayıla bilmirəm.

Məlumat üçün bildirək ki, Elmira Behbudova buna qədər sədrin müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, (İQAK) 2002-ci ildə tanınmış alimlər və hüquqşünaslar tərəfindən təsis olunub. 2005-ci ildə Ədliyyə Nazirliyindən qeydiyyatdan keçən təşkilatın məqsədi insan hüquqlarının müdafiəsini təşkil etmək, işgəncə qurbanlarını aşkar etmək, onları müəyyənləşdirdikdən sonra hüquqi yardım göstərərək işgəncə verən güc strukturlarının əməkdaşlarını ifşa etmək, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin və Müdafiə Nazirliyinin tabeçiliyində olan müəssisələrini və orada saxlanılan şəxslərin vəziyyətini monitorinq etməkdir.

Ayyət Əhməd