“Yalanları Təranəyə kömək edə bilməyəcək”

Nazənin: “Məhkəmədə həyat yoldaşımla onun arasında intim münasibətin olduğu dəlillərlə sübut olunub”



Müğənnilər Təranə Qumralla Nazənin arasındakı məhkəmə prosesi davam edir. Ötən gün növbəti məhkəmə prosesi baş tutub. Prosesdə zərərçəkənlər Nazənin, həyat yoldaşı Məhəbbət Həsənov və prodüseri Pərviz Abbasov iştirak ediblər.

Zərərçəkənlərin vəkili "Atler eqo” hüquq şirkətinin baş direktoru Heyrət Qarayev saytımıza açıqlamasında məhkəmə prosesindən danışıb. O bildirib ki, təqsirləndirilən Təranə Qumral da məhkəməyə gəlib: 

"Məhkəmədə yenə də hər iki tərəf iştirak edib. Təranə Qumral hakimə açıq-aşkar bildirib ki, məhkəmə qərarını icra etməyəcək. Hakim isə ona bu halda veriləcək ağır cəzadan bəhs edib. Bu halda Təranəni 3 il həbs gözləyir. Başqa bir cəzadan söz belə gedə bilməz.

Zərərçəkmiş Məhəbbət Həsənov məhkəmədə Təranə Qumralla aralarında olan intim əlaqədən danışıb, hətta görüşdükləri kafenin ünvanını, vaxtları deyib. Qarşı tərəf bu iddiaları rədd edib, etirazını bildirib. Məhkəmə bir neçə prosesdən sonra yekunlaşmalıdır. Növbəti iclas isə iyunun 25-nə təyin edilib”.
Qeyd edək ki, Nazəninin vəkili bir müddət əvvəl açıqlamasında bildirmişdi ki, qarşı tərəf məhkəmə qərarını icra etmədiyi üçün iş Ədliyyə Nazirliyinə göndərilib.

Təranə ilə Nazənin arasındakı qalmaqal uzun illərdir davam edir. Qalmaqal "ANS”in "Bazar səhəri” verilişindən başlayıb. Belə ki, Nazənin canlı efirə zəng edərək, Təranə Qumrala "Səni ərimlə tutdum” demişdi. T.Qumral isə öz növbəsində Nazənin barəsində bir çox xoş olmayan ifadələr işlətmişdi. Buna görə də Nazənin məhkəməyə müraciət etmişdi.

Məhkəmə prosesi ilə bağlı müğənni Nazənin hələ ki, danışmağa ehtiyac olmadığını söylədi: "Qanun hər kəs üçün alidir. Məhkəmə proseslərinin hər birini udmuşam. Mən dövlətin qanununa söykənib həqiqətin sübutuna çalışıram. Məhkəmə bitənə qədər isə danışmağa ehtiyac yoxdu. Əslində hər şey sübut olunub. Təranə bundan sonra nə sübut etməyə çalışır? 

Məhkəmədə həyat yoldaşımla onun arasında intim münasibətin olduğu dəlillərlə sübut olunub. Məhkəmə bitənə qədər isə vəkilim bütün suallara cavab verəcək. Görəsən Təranə Qumral sübutların qarşısında nə vaxta qədər özünü haqlı göstərməyə çalışar. O özünü təmiz göstərməklə təmiz olan deyil axı”.

Məhkəmədə şahid və zərərçəkmiş qismində Nazəninin prodüseri Pərviz Fəqan da iştirak edib. Yeri gəlmişkən, bu söz-söhbətlər zamanı Pərviz Fəqanla Təranə Qumralın həyat yoldaşı Musa Musayev arasında da insident yaşanıb. 

Məhkəmə prosesi barədə "Şərq”ə açıqlama verən Pərviz Fəqan "Bilirsiz, yalanın da bir qədəri olur. Təranə Qumral bu yalanları ilə nə vaxta qədər məhkəmə prosesini uzada biləcək gücə sahibdir görən? Deyir böhtan atılır. 

Biz böhtan atırıq, bəs qanun və məhkəmə sübutları da böhtan üstündə qurulubmu? Nazənin xanımın həyat yoldaşı məhkəmə prosesində şəxsən iştirak edib, Təranə ilə hansı məkanlarda, hansı vaxtda görüşləri olduğunu sübut edib. Mobil operator vasitəsilə o müddətlərdə həqiqətən onların bir yerdə olduğunu sübut edən sənədlər var. Yəqin Musa Musayev bu həqiqətləri eşitmək istəmir, Təranənin yalanları ilə yatmağa üstünlük verir. 

Ona görə də efirlərdə bərk-bərk danışan Musa Musayev məhkəməyə gəlmədi. Əslində bir kişinin o sübutları eşitməyə gücü yetməzdi. Təranə Qumral bilərəkdən məhkəmənin qərarını yerinə yetirmədiyini məhkəmədə də açıq şəkildə bildirdi. 

Hakim də öz növbəsində onu xəbərdar etdi ki, buna görə 3 il azadlıqdan məhrum olacaq. Təranə hələ də yalanlarının məhkəmədə də ona kömək edəcəyinə özünü inandırmağa çalışır. Amma qanun hər kəs üçün alidir. O da qanun qarşısında cəzasını çəkəcək”.

Tahirə