Yalnız bir məsələ aydın deyil

Vətəndaşlar ildə neçə dəfə sərhəddən keçib özünə lazım olan məhsulları gətirə bilər?
Azərbaycan Prezidenti İlham Əliyev gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında fərman imzalayıb. Fərmanda göstərilir ki, fiziki şəxslər tərəfindən ölkəmizə gətirilən və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ümumi gömrük dəyəri 10000 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan mallar (aksizli mallar, avtonəqliyyat vasitələri və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalar istisna olmaqla) gömrük ödənişi ödənilmədən gömrük sərhədindən keçirilir.
Qeyd edək ki, fərmanda nəzərdə tutulan məsələlərin icrasına dair göstərişlər verilsə də, həmin prosesin hansı şərtlər daxilində icra olunacağı hələ ki, məlum deyil. Əlbəttə, bu hal ölkə ictimaiyyətini maraqlandırır. İqtisadçı-ekspert Natiq Cəfərlinin fikirlərini öyrəndik. Ekspert "Şərq”ə açıqlamasında söylədi ki, fərman özü fiziki şəxslərin tələbatını ödəmək baxımından çox pozitivdir. Onun sözlərinə görə, bir çox fiziki şəxslər bundan istifadə etməyi düşünür və istifadə də edəcəklər də: "Bu, kommersiya məqsədi daşımayan qərardır. Orta və kiçik sahibkarlar ondan yararlana bilməyəcəklər. Əvvəllər şəxsi istifadə üçün xaricdən 1500 dollarlıq mal gətirməyə icazə verilirdi. İndi bu, 10 min dollara qədər qaldırılıb. Söhbət şəxsi istifadədə olan mallardan gedir. Kimsə evinə məişət avadanlığı almaq istəyəcəksə, bunu heç bir rüsum ödəmədən gömrükdən keçirərək ölkəmizə gətirə biləcək. Əlbəttə, bu da fiziki şəxslərin öz ehtiyaclarını ödəməsi üçün çox əlverişli olacaq. Çünki Azərbaycanda texniki avadanlıqların qiyməti qonşu ölkələrdən bahadır. Bəzi insanlar bu fürsətdən istifadə edərək xarici ölkələrdən öz istifadəsi üçün məhsullar gətirəcək ki, bu da onun üçün səmərəli olacaq”.
Ekspert prosesin qaranlıq tərəflərinə toxunub: "Aydın olmayan məsələ odur ki, bir vətəndaş il ərzində neçə dəfə bu hüququndan istifadə edə bilər? Bu haqda heç bir məlumat yoxdur. Eyni zamanda hansı məhsulların şəxsi istifadə üçün gətirilə bilməsinə dair da heç bir xəbər verilməyib. Yəni mən bir vətəndaş olaraq Türkiyədən özüm üçün 10 min dollarlıq mebel gətirmişəmsə, bir aydan sonra yenidən həmin məbləğə mebel gətirə bilərəmmi? Gömrükdən soruşmayacaqlarmı ki, bunu hara aparırsan? Bax, bu sualların cavabı hələ ki açıq qalır. Fərmandan görünən budur ki, dövlət başçısı Nazirlər Kabinetinə və əlaqədar quruma tapşırıq verib ki, buna dair əsasnamə hazırlasınlar. Gömrük Komitəsindən (GK) hələ ki, bir məlumat verilməyib. İnsanlar da çaşqınlıq içərisindədir ki, bu fərman necə yerinə yetiriləcək?”.
Gömrük komitəsinin sədri Aydın Əliyevin avtomobillərə qoyulan rüsumlara dair verdiyi açıqlamasına münasibət bildirən ekspert deyib ki, sözügedən qayda maşınların ölkəmizə gətirilməsinə şamil olunmayıb: "Yəni şəxsi istifadə üçün kimsə 10 min dollarlıq avtomaşın alıb gətirsə belə, onu ölkəyə rüsumsuz keçirə bilməyəcək. Fərman avtomobillərə şamil olunmur. GK sədrinin avtomaşınların gömrük rüsumu ilə bağlı dedikləri isə ondan ibarətdir ki, guya, insanlar avtomobil alarkən oradakı hesab fakturasına daha az qiymət yazdırırlar ki, az vergi ödəsinlər. Bu da GK-ni qane etmir və qurumun ekspertləri o avtomaşına özlərindən qiymət qoyub, ona uyğun da vergi və rüsum hesablayırlar. Əslində belə bir təcrübə dünyanın heç bir yerində mövcud deyil. Məsələn, mən Almaniyadan maşın alıramsa, heç bir alman o hesab fakturasına aşağı qiymət yazmaz. Çünki belə olan halda özü cinayət işləmiş olur. Heç bir alman, türk və ya gürcü buna getməz. Onlar rəsmi hesab fakturası ilə iş görürlər. Rəsmi hesab fakturada isə heç bir saxtakarlıq ola bilməz. Yəni xaricdən maşın gətirən azərbaycanlılar həmin hesab fakturaya uyğun gömrük rüsumu ödəməlidir. Lakin GK öz ekspert qrupunu yaradıb və maşının ilindən, mühərriki və görünüşündən asılı olaraq ona gömrük rüsumu qoyur. Şübhəsiz ki, bu, tamamilə yanlış yanaşmadır. Bazar iqtisadiyyatı qanunları mövcuddur. Nəyə görə, ucuz aldığım maşına daha baha rüsum ödəməliyəm? Bu məsələyə ciddi diqqət yetirilməlidir. Bizdə də dünyada qəbul olunduğu kimi, rəsmi orqanların verdiyi hesab fakturaları əsasında vergi və gömrük tarifləri hesablanmalıdır. Azərbaycanda gec-tez bu təcrübəyə keçmək lazımdır. Ona görə ki, indiki durum sui-istifadə hallarına və subyektivliyə yol açır. GK-nin işçiləri maşınlara öz istədikləri qiymətləri qoya bilirlər”.
Müsahibimiz qonşu ölkələrdən ərzaq məhsullarının alış-verişindən də danışıb: "Bu, çox aktual məsələdir. GK-ya bununla bağlı kifayət qədər müraciətlər olunub. Amma konkret cavab yoxdur. Əslində qanunvericilikdə heç bir məhdudiyyətlər qoyulmayıb. Azərbaycan konstitusiyasına görə, vətəndaşlar ölkəyə girib-çıxmaqda sərbəstdir. Giriş-çıxışlar yalnız məhkəmə qərarı ilə məhdudlaşdırıla bilər. Bu, qanunda təsbit olunubsa, heç kim məhdudiyyət qoya bilməz ki, sən ölkədən ayda bir dəfə çıxa bilərsən. Çıxdıqdan sonra hansısa məhsulu gətirməsinə də limit yoxdur. Məhdudiyyət GK-nin qanunvericilikdə nəzərdə tutulmuş aktlara görədir. Yəni vətəndaş öz istifadəsindən artıq saytda ərzaq məhsulunu ölkəyə gətirərsə, bu artıq kommersiya fəaliyyəti kimi sayılır və qarşısı alınır. Amma sərhəd bölgəsində yaşayan insanlar həftədə bir dəfə Rusiya, Gürcüstan və yaxud İrandan gedib, özlərinə bazarlıq edib gətiribsə, buna görə, gömrük əməkdaşları onları incidirsə, bu, tamamilə qanun pozuntusudur. Bir daha təkrarlayıram ki, bununla bağlı qanunvericilikdə heç bir məhdudiyyət nəzərdə tutulmayıb”.
Ayyət Əhməd