Aliment məsələsi cəmiyyətimizdə problemli sahələrdən biri olaraq qalmaqdadır. Aliment təkcə valideynlərin uşaqlarına görə ödəməli olduğu pul öhdəliyi deyil, həm də 18 yaşına çatmış övladların valideynlərinin saxlanması üçün ödəməli olduğu pul vəsaitləri ilə bağlı öhdəlikdir. Təəssüf ki, bu öhdəlikdən yayınmağa çalışanlar hələ də var. Aliment verməmək üçün müxtəlif yollara əl atan əksər kişilər bir vaxtlar evliykən hüquqlarını pozduqları qadınların haqlarını boşanandan sonra da tapdamaqda davam edirlər. Qeyd edək ki, cəza qanunvericiliyinə edilən son dəyişikliklərlə alimenti ödəməkdən boyun qaçıranların cəzaları sərtləşdirilib. Belə ki, alimentin ödənilməsi barədə məhkəmə qərarının icra edilməməsinə görə min manatdan üç min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulur.
Həmçinin son dəyişikliklərdən sonra borclunun ölkədən getmək hüququ məhdudlaşdırılıb. Ancaq təcrübə göstərir ki, bu dəyişiklik alimentlə bağlı məhkəmə qərarlarının icrasında müsbət dəyişikliklərə səbəb olmaq əvəzinə, vəziyyəti daha da qəlizləşdirib.
Ağsu rayon sakini 32 yaşlı Şirinov Kabus aliment ödəmədiyi üçün onu məhkəməyə verən keçmiş həyat yoldaşını bıçaqlayaraq qətlə yetirib. Məlumata görə, K.Şirinovla Elnurə Eyyubova 3 il əvvəl boşanıb. Onların nikahından 2 azyaşlı körpəsi qalıb.
Boşandıqdan sonra onlar arasındakı münasibətlərdə gərginlik davam edib. Hətta E.Eyyubova keçmiş həyat yoldaşının aliment ödəməməsinə görə məhkəmə qarşısında iddia qaldırıb və məhkəmənin hökmü ilə 32 yaşlı Kabus 20 sutka müddətinə inzibati həbsə məhkum edilib. Oktyabrın 21-də həbsdən çıxan Kabus yenidən qonşu kəndə, keçmiş həyat yoldaşının evinə gedib. Uşaqlarını görmək üçün E.Eyyubovanın evinə gedən K.Şirinov burada onunla dalaşıb və münaqişə zəminində bıçağa əl atıb.
Qətlə yetirilən qadın rayonun Hacıqədirli kəndində yerləşən 4 illik orta məktəbin direktoru olub, Baş verən hadisəni çox dəhşətli faciə kimi dəyərləndirən "Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, bir çox hallarda kişilər sonradan aliment problemi yaranmasın deyə rəsmi nikahdan belə yayınırlar. M.Zeynalova deyib ki, bəzi hallarda imkanları olduğu halda kişilər keçmiş həyat yoldaşından qisas almaq, onu aşağılamaq məqsədi ilə alimenti ödəməkdən imtina edir: "Belə təfəkkür sahibi olan kişilər anlamır ki, onlar alimentdən yayınmaqla təkcə keçmiş həyat yoldaşının yox, öz övladının da gələcəyini məhvə sürükləyir”.
Təşkilat rəhbəri hesab edir ki, qadınları psixoloji və iqtisadi zorakılığa məruz qoyanların məhkəmənin qərarı ilə cərimələnməsi barədə qanunvericilikdə öz əksini tapan maddə effektsizdir. Onun sözlərinə görə, belə adamlar cəriməni ödədikdən sonra daha da aqressivləşir və mütləq şəkildə qadından qisas almağa cəhd edir: "Deməli, bu cür qanunların icrası zamanı ilk növbədə qadınların təhlükəsizliyini təmin etmək lazımdır. İstisna deyil ki, həmin kişi aliment tələb etdiyi üçün dəfələrlə qadını hədələyib. Hesab edirəm ki, bu məsələ araşdırılmalı və qadının hədə-qorxu ilə bağlı polisə müraciət edib- etmədiyi aşkar olunmalıdır. Əgər qadının keçmiş həyat yoldaşı tərəfindən təhdid və təzyiqlərə məruz qalmasına dair müraciətləri olub və bu istiqamətdə heç bir tədbir görülməyibsə, onun ölümündə hüquq-mühafizə orqanları da məsuliyyət daşıyır”.
Qanunun özündə polisin rolunun vacib amil olduğunu vurğulayan M.Zeynalova deyib ki, mövcud qanunvericilikdə bu səlahiyyətlər icra strukturlarının əlindədir. Onlar da problemin qarşısını ala bilmir: "Alimentdən yayınan kişilərin həyat yoldaşlarına mühafizə orderi verilməlidir. Təhdid və təzyiqlərə məruz qalan qadınlar təhlükəsizliklərinin təminatı üçün səlahiyyətli qurum tərəfindən sığınacaqlara yerləşdirilməlidir. Sığınacaqlar isə dövlət tərəfindən maliyyələşdirilməlidir. Bu addımlar atılmadığı müddətdə qadınların haqlarının pozulması və onların öldürülməsi kimi cinayətlər davam edəcək. Ədliyyə Nazirliyinin "qaynar xətt”inə edilən müraciətlərin əksəriyyəti alimentin ödənilməməsi ilə bağlıdır. Amma buna rəğmən heç bir effektiv addım atılmır. Hesab edirəm ki, məsələ daha qabarıq şəkildə işıqlandırılmalı və dövlət proqramına salınmalıdır”.
Şəymən