Yardım dini icmalara göstərilib

Mollalara ayrılıqda avtomobillərin verilməsi yanlış məlumatdır
"Bunun nəyi pisdir ki? Ruhani, dindar və cəmiyyət arasında özünə nüfuz qazanmış bir şəxsin xidməti maşınının olmasında qəbahət yoxdur"


Bakıda və bölgələrdə aktivliyi ilə seçilən dini icmalara avtomobil verilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun hazırladığı siyahıda 14 icmanın adı qeyd olunub və hər icmaya 1 avtomobil təqdim edilib. Noyabr ayında daha 7 dini icmaya avtomobillərin verilməsi nəzərdə tutulur.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov bildirib ki, avtomobillər şəxslərə deyil, 14 dini icmaya təqdim olunub. Dini icmalar hüquqi şəxslərdir və hər icma ən azı 50 nəfəri özündə birləşdirir.

Xatırladaq ki, baş verənlər isə sosial şəbəkələrdə söz-söhbətlərə səbəb olub. Məsələni müzakirə edən bir qrup şəxsin mollalara avtomobil verilməsinə münasibəti birmənalı deyil.

Cəmiyyətin dini, mənəvi tələbatının ödənilməsi də vacib məsələlərdəndir. Məscidlərə yüzlərlə, bəzən minlərlə insan gəlir. Ayin və mərasimlərin təşkili heç də kiçik məsələlər deyil. Dini icmalar, demək olar ki, ianələr hesabına maliyyələşir. Məscidlərə isə böyük məbləğdə ianələr verilmir. Bu reallığı nəzərə alsaq, dini icmalara, məscidlərə və din xadimlərinə xalqa xidmət göstərilməsi müqabilində maaşların ayrılması ilə bağlı məsələ gündəmə gəlir.

Dini icmalara avtomobillərin verilməsini müsbət dəyərləndirən ilahiyyatçı Hacı Atif İsmayılov "Şərq”ə bildirib ki, bu günə qədər Azərbaycanın din tarixində belə addımlar atılmayıb. Onun sözlərinə görə, dini icmalara avtomobillərin verilməsində müəyyən məqsədlər nəzərdə tutulub: 

"Dini icmaların aktiv fəaliyyət göstərməsi və digər işlərin aparılması üçün nəqliyyat vasitələrindən istifadə edilir. Avtomobillərin ayrılıqda mollalara verilməsi yanlış məlumatdır. Lakin belə bir ideya varsa da, bunun nəyi pisdir ki? Ruhani, dindar və cəmiyyət arasında özünə nüfuz qazanmış bir şəxsin xidməti maşınının olmasında qəbahət yoxdur. Bu, məscidlərin balansında olan dini icmaların inkişafı üçün dəstəkdir. Hər dini icmanın üzvləri və özünəməxsus fəaliyyətləri var. Həmin fəaliyyətlər üçün verilən maşınlardan istifadə edilməsi məqsədəuyğundur. Lakin cəmiyyətin bunu necə qiymətləndirməsi vacib deyil. Əsas odur ki, hazırda milli-mənəvi dəyərlər var. Məscidlərin təmiri, dini icmaların balanslaşması və maliyyələşməsi din sahəsinə göstərilən qayğının nəticəsidir. Ümid edirəm ki, Azərbaycanda belə addımların davamı olacaq. Ölkəmizdə dini icmalar maddi və mənəvi olaraq təmin olunacaq, yüksək xidmətlər ortaya qoyulacaq”.

Ölkəmizdə dövlət və din münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini deyən Hacı Şahin Həsənli də dini icmalara yardım göstərilməsinin zəruri olduğunu vurğulayıb:

 "Azərbaycanın özünəməxsus dini modeli var. Avtomobillərin verilməsi və digər tədbirlərin görülməsi dini dəyərlərimizin yaşamasına, dövlətçilik ənənələrimizin möhkəmlənməsinə xidmət edir. Hər zaman olduğu kimi, yenə də din sahəsində tədbirlərin görülməsi kimlərisə qıcıqlandırır. Belə reaksiyalar həmişə olub”.

Din xadimlərinə əhaliyə xidmət qarşılığında maaşların ayrılmasına gəlincə, ilahiyyatçı bildirib ki, Dəyərlərin Təbliği Fondu tərəfindən mütəmadi olaraq maddi vəsait ayrılır: "Getdikcə bölgələrdəki din xadimlərinə də fondun maliyyə yardımı şamil edilir. Bu vəsaitlər "maaş” adlanmasa da, ayda bir dəfə davamlı olaraq ödənilir”.

Yeganə Bayramova