Yaşar Nurinin həyat yoldaşı gözlərinə inana bilmədi

Milli Dram Teatrının 10-dan çox əməkdaşı onların evinə gəlibBu yaxınlarda mənə teatrdan bildirdilər ki, tamaşaçılardan biri Yaşarın oynadığı son tamaşanın premyerasını həvəskar kamera ilə lentə alıb. Həmin kadrları da teatrın direktor müavini Elxan müəllimə çatdırıblar
Azərbaycan teatr və kino tarixində adlarını sözün böyük mənasında yaddaşlara yaza bilən karifeylərimiz olub. Onların yaratdığı ayrı-ayrı obrazlar, bu obrazların dili ilə səslənən sözlər el deyimlərinə, məsəllərə, aforizmlərə çevrilib. Demək, onlar həqiqi sənətkar ömrü yaşaya biliblər. Azərbaycanın Xalq artisti, Azərbaycan Dövlət Mükafatı laureatı Yaşar Nuri də məhz yaddaşlarda iz buraxan sənətkar ömrü yaşayıb. Bu gün yaşasaydı, 65 yaşını qeyd edəcəkdi. Amma ömür vəfa etmədi. Doğum günündə Xalq artistinin ömür-gün yoldaşı Rəhimə xanımla əlaqə yaratdıq. "Şərq”ə müsahibəsində Rəhimə xanım maraqlı məlumatlar verdi:
"Yaşarın ad günü ərəfəsində həmişə bir az gərgin, bir az başım qarışıq olur. İstəyirəm ki, onun ad günündə yaradıcılığı ilə bağlı işlər görülsün. Çünki Yaşar həqiqətən ölməz sənətkarlardan idi”.
Maraqlandıq ki, 3 il əvvəl Yaşar Nurinin ev muzeyini açmaq niyyətində olan Rəhimə xanım bunu bacara bildimi? O, bu sualımıza təəssüflə cavab verdi:
"Bəli, 3 il əvvəl bir neçə planlarım var idi ki, onları həyata keçirməyi düşünürdüm. Bunlar Yaşarın yaradıcılığı ilə bağlı idi. 3 il əvvəl elə ilk dəfə "Şərq” qəzetinə müsahibəmdə bildirdim ki, Yaşar Nurinin ev muzeyini yaratmaq niyyətim var. Amma deyim ki, bu planlarımı həyata keçirə bilmişəm, yalan olar. Düzdü, ev muzeyi ilə bağlı lazım olan yerlərə müraciət etdim. Amma mənə bildirdilər ki, bunun üçün rəsmi təsdiq lazımdı. Yəni ev muzeyi rəsmi təsdiq olunmalı, o ev muzeyində kimisə oturdub ona maaş vermək lazımdı. Mən bildirdim ki, mən evimdə ev muzeyi hazırlamaq istəyirəm. Dedilər belə ola bilməz. Nə isə, bu niyyətimdən vaz keçdim. Amma teatr muzeyi ilə danışdım. Bir çox Yaşarla bağlı arxiv materiallarını teatr muzeyinə təqdim etdim. Teatr muzeyində Yaşar Nuriyə həsr olunan ayrıca bir bölmə, guşə var. Teatr muzeyinin Yaşara aid guşəsi zəngin arxiv materialları ilə maraq yarada bilib. İlk gündən Yaşar Nuriyə aid bölümə maraq hiss olundu. Çox maraqlı bir təqdimat keçirildi. Təqdimatdan da maraqlı şəkillərim var. Maraqlı foto arxiv, arxiv materiallarını teatr muzeyinə təqdim etdim. Bu mənə bir təsəlli oldu. Onun çəkildiyi filmlərdən olan maraqlı epizodları disk şəklində toplamışdım. Onları da teatr muzeyinə təqdim etdim. Bir nüsxəsini də özümdə saxlamışam. Onun bütün arxiv şəkilləri albom şəklinə salınıb. Bir də inşallah, Mədəniyyət və Turizm Nazirliyi ilə danışmışam. Yaşar haqqında sənədli film çəkiləcək. Çox güman ki, oktyabrın ortalarında Yaşarın xatirə gecəsi keçiriləcək. Elə yəqin film də hazırlanacaq. Akademik Milli Dram Teatrında Yaşar Nurinin 65 illik yaradıcılıq gecəsi keçiriləcək. Elə həmin xatirə gecəsində də 15-20 dəqiqəlik sənədli film hazırlanıb təqdim olunacaq. Bu işləri Mədəniyyət və Turizm Nazirliyi öz üzərinə götürüb”.
Rəhimə xanım bizimlə söhbəti zamanı bir maraqlı etirafını da dilə gətirdi. Akademik Milli Dram Teatrı Xalq artistinin həyat yoldaşını əməlli-başlı təəccübləndirməyi bacarıb. Bu barədə danışan
Rəhimə xanım "Ayın 2-də "Space” kanalının rəhbəri Vaqif Mustafayev dəvət etdi, Yaşar haqqında çox maraqlı veriliş hazırlandı. Ayın 3-də isə Akademik Milli Teatrdan Elnur mənə zəng vurdu ki, bəs sizə gəlirik. Sözün düzü sevindim ki, Yaşarı yad edirlər. Gözlərimə inana bilmədim. Yalan olmasın, ən azı 100-dən çox teatrın əməkdaşı bizə gəlmişdi. Bu məni həm çox təsirləndirdi, həm də sevindim. Azərpaşa Nemətov başda olmaqla kollektivin bütün nümayəndələri gəlmişdi. Mən Azərpaşa Nemətova və bütün kollektivə təşəkkürümü bildirirəm. Mən mətbuatdan həmişə razıyam. Həm telekanallar ad günündə Yaşarı yad etdilər, filmlərini verdilər, həm də mətbuat yazdı. Yəqin ki, bu hörməti özünə qazanıb ki, bu gün də onun şəxsiyyətinə diqqət hiss edirəm. Mən teatrdan zəng gələndə düşündüm ki, bir neçə nəfər gələr. Amma elə böyük kollektivlə Yaşarın həmin gün yad edildiyini görəndə çox kövrəldim. O, sənətində sözünü deyə bilən şəxsiyyət idi. Bunun bir daha şahidi oluram” söylədi.
Ən maraqlı məlumatlardan biri isə odur ki, Yaşar Nurinin 2010-cu ildə son dəfə səhnəyə çıxaraq "Ər və arvad” tamaşası ilə bağlıdı. O tamaşanın premyerası telekanallar tərəfindən lentə alınmayıb. Bu barədə Rəhimə xanım maraqlı məlumat bildirdi:
"2010-cu ildə Yaşar "Ər və arvad” tamaşası ilə son dəfə səhnəyə çıxıb. Həmin premyerada mən də çox həyəcanlı idim. Mən Yaşarın bütün tamaşalarının premyeralarında iştirak etmişəm. Paralel olaraq Musiqili Komediya Teatrında "Məşədi İbad” tamaşasını oynayırdı. "Ər və Arvad” tamaşasının premyerasında mən də həmişəki kimi həyəcanlı idim. Həmin gün tamaşanı lentə ala bilmədilər. Dedilər sabah tamaşanı lentə alarıq. Qismət elə oldu ki, Yaşar premyeranın sabahı günü ağır vəziyyətə düşdü. O tamaşanı lentə almaq mümkün olmamışdı. Bu yaxınlarda mənə teatrdan bildirdilər ki, tamaşaçılardan biri Yaşarın oynadığı son tamaşanın premyerasını həvəskar kamera ilə lentə alıb. Həmin kadrları da teatrın direktor müavini Elxan müəllimə çatdırıblar. Mənə həmin kadrlar verildi. Düzü, çox sevindim ki, bunu əldə edə bilmişəm. Düzdü, peşəkar çəkiliş olmadığı üçün orda müəyyən qüsurlar var. Səslərdə artıq effektlər eşidilir. Mən də o lent yazısını prodakşnlardan birinə verdim ki, bəlkə qüsurlar təmizlənə. Tam düzəldə bilmədilər. Ola bilər Türkiyədə və ya Almaniyada bu lent yazısını təmizləmək mümkün olsun. Yaşarın ifasında bu tamaşanın lent yazısı yox idi. ən azı son tamaşanın lentini əldə etmişik. Mənə elə gəlir ki, həmin tamaşa "Hicran” tamaşası qədər önəmli, maraqlı bir tamaşadı. Yaşar bu tamaşanı çox böyük həvəslə oynamışdı. Əgər qismət olsa, həmin tamaşanın lent yazısını kanallardan birinə vermək, bununla bağlı bir hazırlanmasını xahiş etmək istəyirəm. Biz dəvət olunaq, təəssüratlar, fikirlər səslənsin, həmin tamaşa da ekran vasitəsilə tamaşaçıya təqdim olunsun”.
Tahirə Məmmədqızı