Nadir İsrafilov: “Özbaşına qoyanda yaşlı kadrlar öz xoşu ilə getmirlər”
Bu ildən yaşı 65-ə çatmış ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, xarici dil müəllimləri ilə müddətli əmək müqaviləsinin bağlanılması ərazi maliyyə-hesablaşma mərkəzləri (ƏMHM) və rayon, şəhər təhsil şöbələrinin birgə razılığı əsasında həyata keçiriləcək.
Təhsil Nazirliyindən qeyd edilib ki, bu məsələ Nazirliyin 2 aprel 2018-ci il tarixli müvafiq əmrində öz əksini tapıb.
Yaşı 65-ə çatmış müəllimlərin işdən kənarlaşdırılması bir sıra söz-söhbətlər və narazılıqlar yaratsa da, görünür, bu sahəyə gənclərin gəlməsi üçün addımlar atılır. Xüsusilə humanitar fənn müəllimləri ilə müqavilə bağlanması diqqət çəkən məqamlardandır.
Təhsil üzrə ekspert Nadir İsrafilov "Şərq”ə bildirib ki, ölkəmizdə 65 yaşa çatmış müəllimlərin işdən kənarlaşdırılması böyük narazılıqlara səbəb oldu. Ölkəmizdə elə xidmət, idarəetmə sahələri var ki, orda 80-90 yaşlı işçilər çalışır:
"Bu hal ziddiyətli bir məsələdir. Müddətli əmək müqaviləsinin bağlanmasının hər iki orqan tərəfdən razılaşdırılması ağlabatan məsələdir. Həmişə tərəfdarı olmuşam ki, hər hansı bir qərar qəbul ediləndə yerli orqanların da əlaqəsi olmalıdır.
Elə məktəblər var ki, orda hansısa ixtisas üzrə müəllim çoxdur, ona görə vəziyyəti normallaşdırmaq üçün bu addımı atırlar. Lakin hansısa ixtisaslar üzrə müəllim çatışmazlığı olan məktəblərimiz də var. Ona görə də müəllimlərin ixtisaslar üzrə balanslaşdırılması üçün müddətli müqavilələr imzalanır.
Qərar çıxandan 65 yaşı tamam olan kimi müəllimi işdən azad edən və 67-68 yaşı olmasına baxmayaraq müəllimi işdə saxlayan məktəblərimiz də oldu. Bu birmənalı yanaşma deyil. Əgər hər hansı bir qayda tətbiq olunursa, ögey-doğmalıq münasibəti olmamalıdır”.
Ekspertin sözlərinə görə, müəllimlərlə müddətli müqavilənin imzalanması məktəblərdə mövcud kadr sıxlığını aradan qaldıran və balanslaşdırmaya xidmət edən məsələdir:
"Bizdə yaşlı və gənc nəsli ayırırlar. Belə iradlar irəli sürülür ki, "yaşlı adamlar kök salıblar, gənclərə yer yoxdur”. Hazırda ölkəmizdə tələb-təklif prinsipi nəzərə alınmır. Pedaqoji kadrların sayı mövcud tələbatdan iki dəfə artıqdır. Ona görə də müəyyən gənclər var ki, ali məktəbləri bitiriblər, onlara yol açmaq lazımdır. Özbaşına qoyanda yaşlı kadrlar öz xoşu ilə getmirlər. Ona görə müqavilə imzalanması gənc nəslə yol açılmasına xidmət edir. Şübhəsiz ki, bu, fərdi yanaşma tələb edən məsələdir. Elə yaşlı müəllim var ki, nə qədər qoca olsa da, min cavana dəyər. Bizim elə müəllimlərimiz var ki, püxtələşib və neçə ilin müəllimidi. Yaşlı nəslə "yaşın tamam oldu, getməlisən” demək düzgün deyil”.
Yeganə Bayramova