"Azərbaycan Silahlı Qüvvələri ordunun 100 illiyi münasibətilə keçirilən paradda hərbi arsenalımızın gücünü nümayiş etdirəcəyik”.
Bunu "Sherg.az”a millət vəkili Elman Məmmədov söyləyib.
Onun sözlərinə görə, ermənilər o zaman ordunun tam formalaşmadığından istifadə edərək Azərbaycan torpaqlarını işğal edib, indi isə ordumuzun gücünə şahid olub, qorxuya düşəcəklər:
"Bu gün Azərbaycan ordusunun nəyə qadir olduğunu nümayiş etdirməklə biz düşməni və onun havadarlarını məntiqli düşünməyə dəvət edirik. Ermənistan işğalçılıq siyasətindən əl çəkmədikcə ən müasir silahlara, təcrübəli şəxsi heyətə malik olan güclü ordunun qarşısında tab gətirə bilməyəcək. 2016-cı ilin aprel döyüşləri, son ayda Azərbaycan ordusunun Naxçıvan istiqamətində əldə etdiyi uğurlar qüdrətimizi sübut edir. Müdafiə naziri Zakir Həsənovun da qeyd etdiyi kimi, Azərbaycan ordusu Ermənistandan Laçına gələn magistral şose yolunu da nəzarətə götürüb. Bütün bunlar düşmənin istənilən istiqamətdə zərbə altında qala biləcəyini sübut edir.
Amma Ermənistan yolun sonunda olduğunu dərk etmir. Ona görə, biz 26 iyunda hərbi gücümüzü bir daha dünyaya nümayiş etdirəcəyik. Bu dəfə düşmən məhv ediləcəyini anlayıb, işğal olunmuş torpaqlarımızdan çəkilməsə, gücümüzü cəbhə xəttində göstərəcəyik. Yaxın gələcəkdə belə möhtəşəm paradları Qarabağda keçirəcəyik”.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi ilə bağlı iyunun 26-da Azadlıq meydanında keçiləcək hərbi parada hazırlıq işləri sürətlənib. İyunun 18-i, səhər saatlarından meydanın ətrafında yerləşən yollar və küçələrdə avtomobillərin və ictimai nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Ərazidə Azərbaycan ordusunun paradda iştirak edəcək canlı qüvvəsi və hərbi texnikasınının yerləşdirilməsi üçün rəngləmə və xətləmə işləri aparılıb.
Parad və iştirakçılar barədə plakatlar asılıb. Meydanda məşqlərin isə iyunun 24-dən başlayacağı bildirilir. O zamanadək hərbi texnikanın əraziyə gətiriləcəyi gözlənilir. Azərbaycan ordusunun Hərbi Hava Qüvvələri artıq məşqlərə start verib. Mətbuatda və sosial şəbəkələrdə yayılan görüntülərdə helikopter və təyyarələr Bakı buxtası üzərində uçuşlar həyata keçirdiyi görünür. Döyüş təyyarə və helikopterlərinin bayram tədbirində nümunəvi çıxışlar edəcəyi gözlənilir.
Aysel Aslan