10 ildən çox təcrübəsi olan jurnalistlər mükafatlandırılacaq
Redaksiyalarda toplantılar keçirilib, siyahılar müəyyənləşdirilib
Azərbaycan Prezidenti İlham Əliyevin milli mətbuatın 140 illik yubileyi ilə bağlı imzaladığı sərəncama əsasən, jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında milli mətbuatın inkişafında xidmətləri olan jurnalistlərə mükafatlar veriləcək. Jurnalistlərin mükafatlandırılması ilə bağlı media rəhbərləri və Mətbuat Şurası tərəfindən hazırlanan siyahı Prezidentə təqdim ediləcək. Kimin mükafatlandırılması ilə bağlı son qərarı da ölkə başçısı verəcək.
Mükafatların, orden və medalların verilməsi məsələsində isə müəyyən standartlar olacaq. Məsələn, hansısa bir jurnalistin "Tərəqqi” medalı ilə təltif olunması üçün ən azı 10 illik təcrübəyə malik olması lazımdır. Seçim edərkən Mətbuat Şurasının "qara siyahı”sı da nəzərə alınacaq. Mükafata təqdim olunan jurnalistlərlə bağlı siyahıların hazır olub-olmadığını öyrənmək üçün bir neçə redaksiya ilə əlaqə saxladıq. Bu barədə sualımızı cavablandıran əksər baş redaktorlar seçilmiş jurnalistlərin adlarını və saylarını açıqlamasalar da, siyahıların hazır olduğunu və müvafiq quruma təqdim edildiyini dedilər.
"Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev siyahının MŞ-yə təqdim olunduğunu bildirib: "Jurnalistikada uzun illər təcrübə qazanan, eyni zamanda "Bakı-Xəbər” qəzetinin çap olunmasında xidmətləri olan, milli mətbuatımızın inkişafında özünəməxsus rol oynayan jurnalistlərin adlarını siyahı formasında təqdim etmişəm. Əlbəttə, deyə bilmərəm, dövlət başçısının qərarı necə olacaq. Amma biz siyahıya ən azı 10 ildən yuxarı stajı olan məhsuldar jurnalistlərimizin adlarını salmışıq. Ümid edirik ki, onlar mükafata layiq görüləcək”.
"Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu da jurnalistlərin seçildiyini deyib: "Siyahını təqdim etmişik. Jurnalistlərin müəyyən edilməsi ilə redaksiyamızda iclas keçirilib. İclasda əsas kriteriyalara, müəyyən olunmuş tələblərə cavab verən əməkdaşlarımızın adı dəqiqləşdirilib və Mətbuat Şurasına təqdim olunub. Onların kimliyi və sayı barədə məlumat vermək istəmirəm. Amma qərarımız artıq onlara açıqlanıb və özləri bu barədə məlumatlandırılıb”.
"Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan isə siyahını hazırlamaq üçün kifayət qədər zaman olduğunu söyləyib: "Prezident sərəncamı yeni imzalayıb. Biz yaxın günlərdə mükafata təqdim olunan jurnalistlərin adlarını müəyyən edərək konkret siyahını hazır edəcəyik. Ondan sonra mətbuat da, ictimaiyyət də onların adlarını və sayını dəqiq biləcək. Hələlik müəyyənləşmədiyi üçün konkret nəsə deyə bilmərəm”.
"İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə mükafatla bağlı siyahının təqdim olunduğunu bəyan edib: "Çalışmışıq ki, ən təcrübəli, peşəkar, öz işinin öhdəsindən layiqincə gəlməyi bacaran və 10 ildən artıq "İki Sahil” qəzetinin redaksiyasında çalışan jurnalistlərin adlarını həmin siyahıya salaq. Redaksiyamızın toplantısında bununla bağlı konkret qərar verilib və seçilmiş əməkdaşlarımız mükafata təqdim olunub”.
İsmayıl