
Yazıçı ilə kulturoloq ÜZ-ÜZƏ... - "BATTLE" DARTIŞMASI - VİDEO
Aydınxan Əbilov: "Söyüşbütün dünyada ayıb sayılır, bizdə isə daha çox ayıb sayılır"Kəramət Böyükçöl: "Dilin söyüşə ehtiyacı var "
Son illərdə Azərbaycanda gənclər arasında "battle” deyilən musiqi janrına maraq artıb. Sosial şəbəkələrdə yayılan videolardan görünür ki, bir qrup gəncin bir yerə yığışıb, söyüşlər formasında söz savaşı aparması "baatle"ın əsas xüsusiyyətini təşkil edir.
Məlumat verək ki, "battle” ingilis dilindən tərcümədə döyüş deməkdir. Həmin musiqi janrı ilə məşğul olan gənclər bunu söz döyüşü adlandırır. Bətl rep musiqi janrının daha çox küçə mədəniyyəti formasında olan nümunəsidir. "Battle"çılar deyir ki, küçədə necə danışırıqsa, "battle"da da o cür danışırıq.
Yeni yaranmış bu rep nümunəsinin Azərbaycan mədəniyyətinə təsirlərini Sherg.az-a şərh edən kulturoloq Aydınxan Əbilov "battle”ın alternativlikdən çıxa bilmədiyini, məhdud kütlənin marağında olduğunu söyləyib.
O bildirib ki, dünyanın hər yerində olduğu kimi Azərbaycanda da müxtəlif sənət növləri var:
"Bu, həm incəsənətə, həm də mədəniyyətin müxtəlif sahələrinə aiddir. Bununla bərabər, qeyri-formal, alternativ sənət sahələri deyilən, mədəniyyətin, incəsənətin müxtəlif növlərində inkişaf edən müəyyən sənət növləri var. Bunlar isə daha çox rok və repdə inkişaf etdirilir. Azərbaycanda meyxana, hərbə-zorba, açıq döyüşü və s. kimi formalarda vaxtilə olub. Amma müasir dövrün incəsənətində bunlar əsasən rep və rok kimi müxtəlif musiqi formalarında özünü göstərir. Daha çox meydan, küçə sənəti nümunəsi kimi qeyd olunurdu. Əvvəl bunlar incəsənətin sahəsi kimi subkulturanın, müəyyən bir qrupun yaratmış olduğu sənət kimi qəbul edilirdi. Amma getdikcə bunların bir çoxları alternativlikdən çıxıb, daha ciddi bir sənət növü kimi inkişaf etməyə başladı. Postmodern incəsənətdə bunların bir çoxu artıq özünü qlobal maştabda haqq qazandıra biliblər. Bir çox nümunələr də var ki, onlar alternativlikdən çıxa bilmədi. Zirzəmi, küçə, yaxud meydan sənət növləri deyilən formalar keçmişdə folklorun müxtəlif növlərinə aid olsa da, indi daha çox bəzi gənclərin istifadə etdiyi incəsənətin bir forması kimi qəbul edilir. "Battle"dakı söyüş, ritmik cümlələrdən istifadə etməklə, müxtəlif ritmlərin təsiri altında deyişmələr bu növlərdən birinə çevrilib”.
Qərbdə Pop musiqisinin iki variantı olduğunu diqqətə çatdıran A.Əbilovun sözlərinə, görə biri rəsmi göstərilən, telekanallarda nümayiş olunan musiqi növləri, kliplər, digəri isə qeyri-rəsmi, gecə klublarında, yaxud hansısa maraq klublarında istifadə olunan formadır:
"Bu, yalnız yaş senzi qoyulmaqla, müəyyən qapalı məkanlarda istifadə olunan sənət növləridir. Burada artıq intim görünüşlərdən, sözlərdən bəzən istifadə olunur. Hətta onların bəzi məşhur musiqi qruplarına alternativ, açıq-saçıq, erotik və pornoqrafik elementlərdən istifadə olunan video klipləri də var. Bunlar gizli şəkildə yayılır. Bilirsiniz ki, Azərbaycanda harada mənfi tendensiyalar var, onları mənimsəməkdə "ustayıq". Bizim gənclərimiz də son vaxtlar Qərbdə olan tendensiyanın təsiri altında özlərini daha mədəni, sivil, liberal, qərbpərəst göstərmək üçün onların mənfi tərəflərini götürüb, Azərbaycanda yeni, bir qədər də mənfi formada nümayiş etdirməyə çalışırlar. O cümlədən, söyüşlə bağlı olan forma, hətta gündəlik həyatda istifadə olunan elementə çevrilib. Əvvəl "emo”lar var idi. İndi "emo"lar deyil, ayrıca struktur daşıyıcıları olan gənclər var, saçı uzun, saqqallı, Don Kixota oxşayan bəzi gənclər hətta ailədə belə söyüşlə danışırlar.
Məktəblərdə müəllimlər şikayət edirlər ki, uşaqlar söyüş söyür. Amma bilmək lazımdır ki, uşaqlar, yeniyetmələr təsir altında qalaraq, kinolarda, televiziya filmlərində, oyunlarda olan söyüşlər onların düşüncəsinə, əxlaqına mənəviyyatına təsir edib. Gənclər söyüş söyməklə bir növ özlərini fərqləndirmək istəyirlər. Həmin gəncləri kütləvi şəkildə məhv edə, basdıra və ya həbsxanaya sala bilmərik. Sadəcə məsləhət edə bilərik ki, onlar milli ənənələrimizə, mənəviyyatımıza yad olan söyüşlərdən, ümumiyyətlə, intimlə bağlı olan bir çox terminlərdən heç istifadə etməsinlər. Bütün dünyada bu ayıb sayılır, bizdə isə daha da ayıb sayılır. Hətta bizdə ailədə belə ata-ana və uşaqlar arasında müəyyən hədd var ki, onu keçmək olmaz. Ata-ananın yanında siqaret çəkmək, söyüş söymək olmaz və s. Bu adət-ənənələri, dəyərlərimizi gənclərimizə çatdırmalıyıq. Gənclər bütün gün xarici filmlərə, seriallara baxırsa, sözsüz ki, onların təsiri altında bu günə düşməli idilər. Mədəniyyət və Turizm Nazirliyi və digər qurumlar həmin məsələ ilə bağlı xüsusi layihələr işləməlidirlər. Xüsusilə, Təhsil Nazirliyinin missiyası burada çox böyükdür. Nazirlikdə bununla bağlı axsamalar müşahidə olunur, indiyə qədər heç bir layihə işlənməyib. Bunları dövlət və cəmiyyət birlikdə işləməlidir. Uşaqlar hər birimizin evində var. Onların pozulması həm də cəmiyyətin pozulması deməkdir”.

"Youtube” sosial şəbəkəsində yayımlanan "battl"larda münsif kimi iştirak edən yazıçı Kəramət Böyükçöl isə bətllərin öz tamaşaçısı olduğunu deyir. Yazıçı münsif olduğu "küçə döyüşü"nün ona maraqlı gəldiyini söyləyib:
"Çünki qarşılıqlı şəkildə, şərtlər məlum olmaqla söyüşləri sənət nümunəsinə çevirməyə çalışırlar. Onların məqsədi bir-birinin şəxsiyyətini alçaltmaq, təhqir etmək deyil. Üz-üzə dayanırlar və maraqlı deyişmələr aparılır. Gənclərə xas üslubda, düşüncə tərzinə uyğun şəkildə onlar replikalar atırlar. Daha istedadlı, hazırcavab gəncləri tək münsif deyil, tamaşaçı özü də görür.
Söyüşün sənət nümunəsi olmasını dedikdə söhbət anti-estetik sənətdən gedir. Mən də tələbəliyin ilk illərində söyüşlərlə ifadə olunan şeirlər yazırdım. Onlar əsasən anti-estetik şeirlər idi. Burada anti-estetik sənətdən söhbət gedir. Bu insanlara maraqlı gəlir. "Battle"ların tamaşaçıları, gənclər çoxdur”.
Kəramət Böyükçöl dilin söyüşə ehtiyacı olduğunu deyib. Onun sözlərinə görə, onsuz da dilə gətirməsək də, əsəbiləşəndə və başqa hallarda söyüş söyürük:
"Qadınlar da, kişilər də cəmiyyətdə baş verən hər hansı hadisəyə, məişətdə olan hadisələrə münasibət bildirərkən, ürəyində söyüş söyür. Amma bunu dilə gətirmək, ifadə etmək lazımdır. Söyüş sadəcə insan aqressiyasının kobud şəkildə ifadəsidir.
Məsələn, Rasim Qaracanın "Arqodeyimlər” adlı kitabı var. Söyüşlər həmin kitabda nümunələrlə ifadə olunub. Söyüş mətnin içində çiy qalmamalıdır. Ən murdar, kobud şəkildə söyüş bəzən görürük ki, mətnin içində elə həzm olur ki, yerinə düşür. Amma yeri gəldi-gəlmədi qarşısına çıxanı söyməkdən söhbət getmir.Bunu ustalıqla yaza bildikdə daha gözəl olur. Əkrəm Əylislinin əsərlərində o qədər söyüşlər var ki. Amma o yazıçı ustalığı ilə onların hamısını mətnin içərisində əridə bilib”.
Hazırladı: Ayyət ƏHMƏD