Seyid Camal Əzimbəyli: “Dini Komitənin həmin icmanı qeydiyyata almaması onların təhlükəli olduğundan xəbər verir”
Elşad Miri: “Onların aktivləşməsinin qarşısını almaq lazımdır”
Gəncədə qanunsuz dini məclis təşkil edən şəxslər saxlanılıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri tədbirlər nəticəsində saxlanılan şəxslər Polis İdarəsinə gətirilib.
Komitənin dini təhsil sektorunun müdiri Anar Əlizadə bildirib ki, "Yehova Şahidləri” adlı icma 2002-ci ildə Dövlət Komitəsində qeydiyyata alınıb. Ancaq 2009-cu ildən sonra yenidən dövlət qeydiyyatından keçməyib: "Qanunvericiliyin tələblərinə əsasən, qeydiyyatdan keçmiş dini icma yalnız hüquqi ünvanında fəaliyyət göstərə bilər. Deməli, 2002-ci ildə Bakıda qeydiyyatdan keçmiş həmin dini icmanın paytaxtdan kənar digər şəhərlərdə fəaliyyəti qeyri-qanunidir”.
Xristian missionerlərin fəaliyyəti ilə bağlı "Şərq”ə açıqlama verən Qarabağ Seyid Ocaqlarının təmsilçisi, ilahiyyatçı Seyid Camal Əzimbəyli deyib ki, "Yehova Şahidləri”nin Azərbaycandakı fəaliyyəti həm ideoloji, həm də dini və tarixi ənənələrin zədələnməsi baxımından yolverilməzdir: "Dini Komitənin həmin icmanı qeydiyyata almaması onların təhlükəli olduğundan xəbər verir. Dövlətimiz milli maraqlarımıza və suverenliyimizə ziyan vuran istər xristian, istərsə də islam dininə məxsus bütün radikal təriqətlərin üzərinə getməlidir. Çünki istənilən radikal dini ideoloji inqilablar sivil həyat üçün təhlükəlidir. Biz digər ölkələrdən dərs götürməliyik”.
İlahiyyatçı-alim Elşad Miri də bildirib ki, "Yehova Şahidləri” təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində fəaliyyəti qadağan olunan bir sektadır: "Onlar xristianlığın protestant mənsəbinə mənsubdur. "Yehova Şahidləri” dövlətin bəzi atributlarını qəbul etmirlər. Hərbi xidmətdən yayınırlar. Təbii ki, dövlət bu məsələyə təhlükəsizlik baxımından da yanaşa bilər. Onların aktivləşməsinin qarşısını almaq lazımdır. Nəzərə almalıyıq ki, həmin şəxslər insanlara yanaşarkən din məsələsini qabartmırlar. Məsələn, qadınlara yemək hazırlanması ilə bağlı müəyyən məlumatlar verərək onları özlərinə cəlb edirlər. Daha sonra müəyyən jurnallar verirlər. Həmin jurnallar kulinariya ilə bağlı olsa da, öz təriqətlərinin müəyyən məqamları orada əksini tapır. Sonradan isə özlərinin əsas məqsədlərini təbliğ edirlər. Sekta üzvləri inanırlar ki, bunu etsələr, sabah İsa Məsih gələndə onlar xilas olan qrupdan olacaqlar”.
Ekspertin sözlərinə görə, insanlar dinlə bağlı doğru məlumatlara sahib olsalar, bu təriqətlərə maraq göstərməzlər: "İnsanlar həmin təriqətlərlə bağlı məlumat ala bilmədiklərinə görə, təriqətlərin özlərinə tərəfdar toplaması asanlaşır. İndiki mollaların əksəriyyəti nəinki xristian dini təriqətlərinin zərəri, heç islam dini ilə bağlı düzgün məlumata malik deyillər. Əksinə, dini təriqətlər insanlara çox "mədəni” şəkildə yanaşır və öz ideyalarını təbliğ edirlər”. E.Mirinin sözlərinə görə, "Yehova Şahidləri”nin təbliğatçıları üçün maliyyə məsələsi də önəmli deyil: "Mən bir neçə universitetdə din tarixindən dərs deyirdim. Həmin universitetlərin birində dərs zamanı məlum oldu ki, mənim tələbələrimdən biri "Yehova Şahidləri” təriqətinin üzvüdür. Mən həmin tələbənin vasitəsi ilə onların içərisinə daxil olub fikirlərini öyrəndim. Məlum oldu ki, burada maliyyə məsələsinin heç bir rolu yoxdur. Sadəcə, insanlar dini boşluqların olmasından istifadə edib bu təriqəti özünə yaxın buraxıb. Bir çox insanlar isə bunu səmimi qəbul edib”.
İsmayıl