Yeni il bayram yox, bahalıq gətirir

Oyuncaqların, ərzağın qiymətində artım varNatiq Cəfərli: “İş adamları, sahibkarlar ölkəyə yeni məhsul gətirdikcə, qiymətləri də qaldırmağa məcburdurlar”
Paytaxtda bayram ab-havası var və bu, "yolka”ların səkilərə düzülməsində, "şaxta baba”ların, "qar qızları”n, şam ağacı bəzəklərinin, cürbəcür işıqların, həmçinin oyuncaq meymunların (2016 Meymun ilidir, ondan. Red.) piştaxtalara çıxarılmasında özünü göstərir. Satışda nə istəsən var. Təki pulun olsun. Hazırda hər addımbaşı satış nöqtələri fəaliyyət göstərir. Xüsusən də, metrostansiyaların qarşısında, əhalinin sıx gediş-gəlişi olduğu yerlərdə. Belə yerlərdə daha çox gözə dəyən valideynlər və uşaqlardır. Uşaqlar ata-analarını "yolka”lara tərəf dartır, valideynsə artıq pul xərcləməmək üçün çarə arayır. Bir-iki yerdə "yolka”ların və oyuncaqların qiyməti ilə maraqlandıq. "İnşaatçılar” metrostansiyasının yaxınlığında təşkil olunmuş bayram bazarında "yolka”ların qiyməti boyuna, ölçüsünə görə idi. 5 manatdan 25-30 manatadək "yolka”lar vardı. Təbii ki, 5 manatlıqlarla müqayisədə 30 manatlıq "yolka”lar daha uca, daha təmtəraqlıdır. Hətta elə "yolka”lar var ki, oyuncaqları da üzərindədir. Par-par parıldayır, "alışıb-yanırlar”. Binəva uşaq, belə "yolka”dan gözünü necə çəksin?! Oyuncaqların çeşidi isə ümumiyyətlə, saya gəlməz. Nələr tökməyiblər piştaxta üzərinə... Əksəriyyəti də, Çin istehsalı, keyfiyyətsiz oyuncaqlardır. Bilmək olmur, nədən, hansı materialdan hazırlanıb. Üz maskaları, fişənglər, "benqal” atəşləri... "Şaxta baba”ların qiyməti 7 manatdan başlayır. Kiçiyi 7 manat, böyüyü 20 manat. "Qar qız”ın qiyməti də eynən bu cürdür. "Şaxta baba” maskaları 2-3 manat. Ən ucuz divara yapışdırılan "Şaxta baba” şəklidir - 1 manat. Maraqla soruşdum ki, bu nə üçündür, hara yapışdırırlar, necə? Yanımda dayanmış yaşlı qadın heyrət etdi: "Necə yəni, hara yapışdırırlar? "Nakleyka”dır də, divara vururlar, uşaqların xoşu gəlir...” Əhalimizin yad ideologiyanın təqdim etdiyi bir bayrama bu şəkildə canfəşanlıqla hazırlaşması və uşaqları "qırmamaq” üçün dəridən-qabıqdan çıxması, ayrıca bir mövzudur. Hələlik bayram hazırlıqlarına xərclənən pullardan danışaq.
Satıcılar da etiraf edir ki, ötən illə müqayisədə qiymətlərdə artım var. Məsələn, "yolka”ların qiymətində aşağısı, 5 faiz artım müşahidə olunur. 20-30 manat nədir ki, elə "yolka” var qiyməti 1000 manatdır!..
Orta ölçüdə "yolka”nı bəzəmək üçün azından 40-50 manat xərcləməlisən.
"Şaxta baba”lar da müxtəlifdir. Var "sovetdənqalma” köhnə "Şaxta baba”lar, bir də var, müasir "Şaxta baba”lar - Santa-Klauslar. "Snata-Klaus”la şəkil çəkdirmək istəyənlər qarşısına keçir və bunun üçün 1-2 manat ödəmə edirlər. İndi əksəriyyət şəxsi mobil telefonu ilə foto çəkir axı. Nə matah şeymiş bu "Santa-Klaus”...
Bazarda qiymətlər arta-arta "gedir”
Oyuncaq bazarından sonra ərzaq bazarındakı vəziyyətə də nəzər saldıq. Onu da deyək ki, bayram bazarlığı o qədər də qızğın getmir. Əsl bayram bazarlığı dekabrın 20-dən sonra başlanacaq. İndidən ərzaqları alıb xarab edəsi deyillər. Hazırda bazarda qiymətlər belədir:
Banan 2 manat - 2 manat 30 qəpik, pomidor 80 -1,50, naringi 1-1 manat 50 qəpik, nar 1 manat, üzüm 1,50 qəpik, alma 50 qəpikdən 2 manatadək, portağal 1,30 - 1,40 qəpik, limon 5 ədədi 1 manat, soğan 50-60 qəpik, kartof 60 qəpik - 1,40 qəpik, ananas 4 manat, armud 2-3 manat, xurma 50 qəpik - 1 manat, göyərti dəstəsi 15 qəpik, şokoladların qiyməti 3 manatdan başlayır, konfetlər 1 manat 50 qəpikdən başlayan qiymətlərlə 20 manatadək, xiyar 2-2 manat 50 qəpik, kök 80 qəpik.
Qoz ləpəsi 12-20 manat, ərik qurusu 4-5 manat, gavalı qurusu 4-7 manat, yerbadamı 3 manat, kişmiş 5-8 , aş üçün turşu 4-6 manat, şabalıd 5-7 manat, badam 10 manat.
Hind toyuğunun kiloqramı 8-10 manat, qaz 17 manat, fərə 10 manat. Mal, qoyun əti 11 manatdan 14 manatadək.
Pis ənənə formalaşıb
İqtisadçı Natiq Cəfərli Azərbaycanda bayram bazarı ilə bağlı pis ənənə yarandığını bildirdi:
- Həmişəki kimi bayramqabağı bazarda qiymət artımı hiss olunur. Xüsusən də ərzaq məhsullarının qiymətində. Dövlət Statistika Komitəsi qiymət artımı ilə bağlı rəqəmləri açıqlayıb. Və aşkar görünür ki, ötən ayla müqayisədə qiymətlərdə artım var. Xüsusilə də, süd məhsulları, yumurta, yağ, kartof-soğanın, tərəvəzlərin qiymətində. Bayramqabağı bizdə həmişə belə olur. Amma bu dəfə qiymət artımının 3 səbəbi var. Birincisi, əlbəttə ki, ölkədə formalaşmış pis bir ənənədir ki, bayramqabağıdırsa, qiymətlər mütləq qalxmalıdır. İkinci səbəb, mövsümlə bağlıdır. Bu da ənənəvidir. Üçüncü səbəb isə, bildiyimiz devalvasiyadır. İş adamları, sahibkarlar ölkəyə yeni məhsul gətirdikcə, qiymətləri də qaldırmağa məcburdurlar. Başqa ölkələrdə isə bayramqabağı tamam fərqli vəziyyət olur. Bayramqabağı adətən qiymətlərdə endirimlər edilir, məxsusi endirim kampaniyaları təşkil edilir. Əhali bəlkə də bir il gözləyir ki, Yeni il yaxınlaşsın və bayram öncəsi satış mərkəzlərində həyata keçiriləcək endirim kampnaniyalarından bəhrələnsinlər. İnsanlar ən zəruri malları məhz yeni il öncəsi almağa üstünlük verirlər, çünki məhz bu zaman ucuzluq olur. Amma bizdə vəziyyət tamam əksinədir. Tələbatın artdığı nəzərə alınmayaraq qiymətlərdə bahalaşma gedir. Əslində isə, tələb təkliflə bir addımlamalıdır. Tələbat varsa, ölkəyə daha çox mal gətirilməsinə şərait yaradılmalı və nəticədə qiymətlərin ucuzlaşmasına nail olunmalıdır. Məsələn, elə ölkələr var ki, bayram öncəsi gömrük rüsumlarında endirim edir və bununla da ölkəyə daha çox mal gətirilməsini təmin edirlər. Bizdə belə deyil və ona görə də hər dəfə bayram öncəsi bazarlarda qiymət artımının şahidi oluruq. Doğrudur, hökumət bayram yarmarkaları təşkil edir, yarmarkalara bol çeşiddə məhsulların çıxarılmasına çalışır, amma bilirik ki, bu yarmarkalarda alıcılar ehtiyaclarını tam ödəyə bilmir. Bəzən ucuz, lakin keyfiyyətsiz məhsullar satışa çıxarılır. Bəzən də digər bazarlardakı qiymətlərlə elə də böyük fərq olmur.
Oyuncaq və hədiyyələr alarkən diqqətli olun
N.Cəfərli qeyd etdi ki, o da bir ailə başçısı kimi bayram bazarlığı etməyə hazırlaşır. "Yolka” oyuncaqlarına xeyli vəsait xərcləyəcəyini də bəri başdan bilir:
- Ötən il oyuncaqlar almışdım. Yadımda qalan, 30-40 manat xərcləmişdim. Bu il hələ almamışam, amma bilirəm ki, bir az da artıq xərcim çıxacaq. Baxmayaraq ki, çeşid bolluğudur, qiymətlər yüksəkdir. Sahibkara kiçik partiya ilə mal gətirmək sərf etmədiyindən bacardıqca daha çox mal gətirməyə çalışır. Bir konteyneri icarəyə götürür, böyük həcmdə malla doldururlar. Bayramqabağı olduğundan malların ölkəyə keçirilməsində də növbəlilik yaranır. Bu zaman da sahibkar müxtəlif qeyri-qanuni üsullara əl atır. Sonra bunu da gətirdiyi malın qiymətinin üzərinə əlavə edir. Bahalıq belə yaranır. Amma oyuncaqlar və hədiyyələr alarkən valideynlər xüsusilə diqqətli olmalıdır. Ucuz oyuncaqlar adətən Çindən gətirilir. Mənbəyi məlumdur. Amma tərkibi məlum deyil. Çoxu kimyəvi materiallardan, müxtəlif tullantılardan hazırlanır.
Məlumdur ki, hazırda satışda istifadə müddəti bitmiş şirniyyatlar, konfetlər, peçenyelər çoxdur. Bunların çoxunu hədiyyə paketi şəklinə salıb satışa qoyurlar. Yeni il şənliklərində uşaqlara verilən hədiyyə qutularından içinə vaxtı ötmüş ərzaqlar qoyulduğu haqda çox deyilib. Fikir vermisinizsə, mağazalarda, marketlərdə indi hazır hədiyyə qutuları da satılır. Valideynlər bunlara diqqət etsin. Uzaqbaşı hədiyyə qutusunu alıb, özləri içərisinə keyfiyyətli şirniyyatlar qoya bilər. Bu da sərfəli və ən əsası, təhlükəsizdir. Valideynlər mənzildə "yolka” quraşdırarkən, onu işıqlarla bəzəyərkən də ehtiyatlı olsunlar. Bütün təhlükəsizlik tədbirlərinə riayət etsinlər.
Oyuncaqları özünüz də hazırlaya bilərsiniz
"Yolka”lar da, elə onları bəzəmək də kifayət qədər pul tələb edir. Amma ailə büdcəsinə qənaət etməyin yolları var. Canlı şam ağacının bir neçə budağına rəngsiz dırnaq boyası çəkəndə bərkiyib dağılmayacaq. Ağac budaqlarını divarın bir küncünə yapışqanla, ya da başqa bir yapışdırıcı vasitə ilə bərkidin, olsun, sizin üçün "yolka”. "Yolka” ağacını ev şəraitində, rəngli kağızdan hazırlamaq da çətin deyil. Eləcə də istənilən formada oyuncaq da hazırlamaq olar. Təki buna istək və bir az əl qabiliyyəti - bacarıq olsun. Ən yaxşısı budur, uşaqları kiçik yaşlarından əl işlərinə alışdırasan. Yeni il "yolka”sı və oyuncaqların hazırlanma qaydaları ilə bağlı internet saytlarında xeyli maraqlı məsləhətlər var. Bunun üçün bir qədər yaşıl rəngli kağız, yapışqan, diş çöpləri, karton və s. lazım gəlir. Küknar ağacının düzəldilmə qaydası barədə materiallara baxmaq yetərlidir. Evdə olan, lazımsız əşyalardan, parça kəsiklərindən də oyuncaqlar düzəltmək mümkündü. Ağ kağızdan qar dənəcikləri düzəltmək olar. Xanımların istifadə etdiyi dırnaq boyaları ilə oyuncaqları min-bir rəngə boyamaq olar. Unudulmuş, bir kənara atılmış süni güllərdən də zövqə uyğun oyuncaqlar, "yolka” bəzəkləri düzəltmək asandır. Cibinizə qənaət edin və ustalığınıza etibar edin.
Məlahət Rzayeva