Yeni Komitələr: günün tələbidir
QMİ-ni səliqə-səhmana salmaq lazımdır
Beşinci çağırış Milli Məclisin ilk iclasında parlamentin 4 yeni komitəsi yaradılıb. Yeni yaradılan Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Ailə, qadın və uşaq komitəsinin sədri Aqiyə Naxçıvanlı, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Gənclər və idman komitəsinin sədri isə Fuad Muradov seçiliblər. Mütəxəssislər və ekspertlər tərəfindən yeni partiyaların yaradılması müsbət hadisə kimi dəyərləndirilib. Müsahiblərimizin hər biri öz sahəsinə uyğun yaradılan Komitənin fəaliyyətinin yüksək gözləntiləri olduğunu dilə gətirib.
Konkret komitənin yaranması bu işi asanlaşdıracaq
Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib ki, Milli Məclisdə konkret istiqamətlər üzrə yeni komitələrin yaranması dövlət qurumları, müvafiq nazirliklərin qanunvericilikdə müvafiq dəyişikliklər edilməsi, qanunların təkmilləşməsi istiqamətində işlərini rahatladacaq: "Qanunvericiliyin təkmilləşməsi, yeni qanunlarla bağlı sənədlərin Milli Məclisdən keçirilməsi zamanı kiçik problemlər yaranırdı. Sənəd Sosial siyasət komitəsinə veriləndə deyirdilər ki, onlara aid deyil, Hüquq siyasəti komitəsinə göndərin. Amma indi konkret komitələrin yaranması bu işi asanlaşdıracaq. Hesab edirəm ki, Ailə, qadın və uşaq məsələləri üzrə komitənin yaradılması və Aqiyə Naxçıvanlının sədr seçilməsi ilə bizim yaxşı əməkdaşlığımız yaranacaq. Ailə, qadın və uşaq məsələləri, bu istiqamətdə aparılan dövlət siyasəti və problemlər hər zaman ictimaiyyətin diqqət mərkəzində olub, həmişə müzakirə edilib, yollar axtarılıb”. Onun fikrincə, Milli Məclisdə bu komitənin yaranması ölkədə bu sahədəki problemlərin aradan qaldırılmasına böyük təkan verəcək: "Bizi narahat edən problemlər, qanunlar, yeni qanun layihələrinin hazırlanması - həddindən artıq məsələlər var - bunların üzərində mütəxəssislər işləməlidirlər və bu istiqamətdə islahat getməli, ölkədəki problemlərin həlli ilə bağlı konkret tədbirlər görülməlidir. Milli Məclis elə bir orqandır ki, orada problemlərin həlli istiqamətində konkret tədbirlər görülür. Düşünürəm ki, əməkdaşlığımız nəticəsində ölkədə ailə, qadın və uşaq məsələləri ilə bağlı problemlərin həllində müsbət irəliləyişlər əldə edə bilərik”. S.Qəhrəmanova gələcəkdə müvafiq komitə ilə hansı istiqamətdə əməkdaşlığın reallaşa biləcəyini qeyd edib: "Qadınların əmək hüquqları ilə bağlı xeyli məsələ var, bunlar öyrənilməli, tədqiqat aparılmalı və yeni sənədlər, aktlar qəbul olunmalıdır. Beynəlxalq Əmək Təşkilatının Konvensiyasını imzalamışıq, bu istiqamətdə işləməliyik, deməli, konvensiyadakı şərtləri yerinə yetirmək üçün də yeni qanunların qəbuluna, yaxud mövcud qanunlarda müvafiq dəyişikliklərin edilməsinə ehtiyac var. Bizim Milli Məclisin müvafiq komitəsi ilə əməkdaşlığımız bu istiqamətdə çox böyük dəstək olacaq”.
Dəfələrlə Siyavuş Novruzovun çıxışlarında Qafqaz Müsəlmanları İdarəsi ilə bağlı iradlarını eşitmişəm
İlahiyyatçı-alim Elşad Miri də Milli Məclisdə İctimai birlik və dini komitə yaradılmasının tərəfdarı olduğunu deyib: "Azərbaycanda din faktoru kifayət qədər ciddidir və bu məsələnin araşdırılmasına və Milli Məclisdə bu barədə müzakirələrin aparılmasına ehtiyac var. Bu günə qədər Milli Məclisdə dini sahədə heç bir polemika açılmayıb. Dini məsələyə diqqət çəkən və bu sahəni işıqlandırmağa çalışan yeganə millət vəkili Fazil Mustafadır. Ancaq o, məsələləri obyektiv qiymətləndirməklə öz çıxışlarında bu məsələni gündəmə gətirə bilir”.
Yaradılan yeni Komitəyə Siyavuş Novruzovun sədr təyin olunmasına gəldikdə isə ilahiyyatçı deyib ki, bunun nə dərəcədə uğurlu seçim olduğunu zaman göstərəcək: "Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı Dini Qurumlarla İş üzrə dövlət Komitəsinin sədri, həmin partiyanın başqa bir funksioneri də Milli Məclisdə yaradılan dini komitəyə rəhbər təyin edilib. Bu mənada hər iki qurumun əməkdaşlığının müsbət effekt verəcəyinə ümid edirəm. Dəfələrlə Siyavuş Novruzovun çıxışlarında Qafqaz Müsəlmanları İdarəsi ilə bağlı iradlarını eşitmişəm. Ona görə də, bu komitənin ölkəmizdə din sahəsindəki boşluqların aradan qaldırılmasına xidmət edəcəyini, QMİ-nin yenidən formalaşdırılmasına və özlərini səliqə- səhmana salacaqlarına səbəb olacaqlarına inanmaq istərdim”.
E.Mirinin sözlərinə görə, dinlə bağlı qanunların hazırlanması və bu sahədəki problemlərin gündəmə gətirilməsi üçün Milli Məclisdə belə bir Komitəyə ehtiyac vardı: "Dini Komitədə işlədiyim vaxtlarda şahidi olmuşam ki, Milli Məclisdə bu məsələ ilə adətən İnsan Hüquqları Komitəsi məşğul olurdu. Çox təəssüf ki, hansısa məsələlərin müzakirəsi zamanı QMİ-nin araya girməsi qərarların gecikməsinə və yanlış yönləndirilməsinə səbəb olurdu. Ümid edirəm ki, bu addım xalqın rifahı, dini məsələlərdə daha düzgün maarifləndirilməsi üçün bir təkan olacaq.
Milli Məclisdə komitələrin sayının çox olmasının heç bir ziyanı yoxdur
Tibb elmləri doktoru, professor Adil Qeybulla hesab edir ki, Milli Məclisdə belə bir komitənin yaradılması səhiyyə islahatlarının aktuallaşması ilə bağlı olub: "Əhliman müəllim uzun müddət tibb ocaqlarında çalışıb və kifayət qədər təcrübəyə sahib biri olduğu üçün onun həmin Komitəyə sədr təyin olunmasını məntiqi bir qərar hesab edirəm”. Milli Məclisdə komitələrin sayının çox olmasının heç bir ziyanı olmadığını vurğulayan tibb eksperti müəyyən qərarların qəbulu, bəzi məsələlərin həllində bu Komitəyə ehtiyac yarandığını güman edir: "Milli Məclisdə də məhz mütəxəssislər oturmalıdır və onların məhsuldar işləməsi üçün də bu cür komitələrin vacib olduğunu düşünürəm”.
Əgər onun bu bilik və bacarıqlarından maksimum dərəcədə istifadə etmək həvəsi olsa...
Azərbaycan Avropa Hərəkatının rəhbəri, gənc fəal Ramin Hacılı da parlamentdə Gənclər və İdman Komitəsinin yaradılmasının müsbət bir addım olduğunu deyib: "Görünür, gənclərin rastlaşdıqları əsas problemlərin, xüsusən də ipoteka və təhsil məsələlərinin həlli istiqamətində hansısa işlərin görülməsi, qanunvericilik bazasının daha da təkmilləşdirilməsinə ehtiyac var. Biz bu komitəyə ancaq sonrakı müddətdə necə işləməyindən asılı olaraq qiymət verə bilərik. Əgər bu komitə gənclərlə bağlı həqiqətən də gərəkli addımların atılmasına dəstək verəcəksə, bu komitənin yaradılmasını müsbət hal kimi dəyərləndirmək olar. İndiki halda isə yaradılmasını təqdirəlayiq hesab edirəm. Ümidvaram bu komitə gənclərin işlə təminatı baxımından böyük işlər görəcək”.
Sədr seçiminə gəldikdə R.Hacılı deyib ki, Fuad Muradovun daha öncəki fəaliyyətində gənclər təşkilatları ilə uğurlu layihələri olub və onun bu istiqamətdə yetəri qədər təcrübəsi var. Əgər onun bu bilik və bacarıqlarından maksimum dərəcədə istifadə etmək həvəsi olsa, bu Komitənin fəaliyyətindən hansısa effekt gözləmək olar.
Şəymən