Yeniyetmə yaşına çatmayanlar niyə cinayət törədir?

İlqar Altay: “Bu gün ailələrin başı pul qazanmağa elə qarışıb ki, uşaqlarının tərbiyəsinə vaxt ayıra bilmirlər”
Kəmalə Ağazadə: “Ən əsas amillərdən biri nəzarətin zəifliyidir”



Hər gün insanlar müxtəlif cinayət hadisələri ilə bağlı çoxsaylı xəbərlərə rast gəlir və bu artıq adi hala çevrilib. İnsanların biri-birinin canına qəsd etmələri, ərin arvadı, qardaşın bacını və ya qardaşını, qohumların bu və ya digər səbəblərdən öldürülməsi, kimlərinsə özlərini yandırması və ya digər intihar halları ilə bağlı məlumatlar həyatımızın ayrılmaz parçası olub.

Əsasən bu cinayət hadisələri gənclər və orta yaş təbəqəsində müşahidə edilir. Bununla yanaşı, həm də 18 yaşa qədər uşaqların cinayət hadisələrində iştirakı halları da olur ki, bu gün cəmiyyətimiz tərəfindən bu məqamlar həssaslıqla qarşılanır. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2015-ci ilin birinci yarısında cinayət törətmiş 14-18 yaşadək olan uşaqların sayı 239 olub ki, bunun 232 nəfəri oğlanlar, 7 nəfəri isə qızlardır.

18 yaşa qədər uşaqların cinayət törətmə səbəblərinin müxtəlif olduğunu vurğulayan "İctimai Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri, kriminalist-ekspert İlqar Altay deyib ki, bu cür hadisələrə hüquqi yox, ictimai baxımdan yanaşmaq lazımdır: "Əsas səbəblərdən biri valideynlərin uşaqların tərbiyəsi ilə lazımi səviyyədə məşğul olmaması ilə bağlıdır. Bu gün ailələrin başı pul qazanmağa elə qarışıb ki, uşaqlarının tərbiyəsinə vaxt ayıra bilmirlər. Yaxud da kasıb ailələrdə uşaqlar işləməyə məcbur olur, kriminal insanların əhatəsinə düşürlər. Uşaq cinayət törədirsə, onun məsuliyyəti valideynin üzərindədir. Uşağa ailədə daim nəzarət olmalıdır. Ata da, ana da uşaqlarının küçədəki digər uşaqlarla münasibətlərindən, davranışlarından xəbərdar olmalıdırlar”.

İ.Altayın sözlərinə görə, uşaqların cinayət törətməsinə səbəb olan amillərdən biri də ümumilikdə təhsil sahəsindəki uğursuzluqlardan irəli gəlir. Azərbaycanda təhsil yoxdur, təhsil böhran içindədir. Uşaqlar normal təhsil ala bilmir, məktəbdən yayınır, zorakılıqlara məruz qalır və müxtəlif cinayət əməlləri törədirlər. Məktəblərdə uşaqlara nə təhsil keçirlər, nə də tərbiyə verirlər. Ölkədə normal təhsil olsaydı, uşaqlar da belə cinayət əməllərinə sürüklənməzdilər.

Kriminalist deyib ki, əvvəllər polis şöbələrində uşaqlarla iş üzrə xüsusi əməkdaşlar ayrılırdı. Amma indi bu sahəyə diqqət çox azdır.

Uşaqların cinayət törətməsində daha çox cəmiyyətin günahkar olduğunu vurğulayan İ.Altay deyib ki, hüquqi cəhətdən 18 yaşına qədər olan uşaqları məsuliyyətə cəlb eləmək çox çətin məsələdir: "Yeniyetmələrin əsas tərbiyəçisi ailə, məktəb və cəmiyyət olmalıdır. Bunlar 20-25 yaşlı gənc deyil ki, törətdiyi cinayətin cəzasını dərk edib, dövlətin hüququnun tam nəzarəti altına keçsin. Onu da deyim ki, son zamanlar mətbuat da uşaqların tərbiyəsi, asudə vaxtlarının təşkili ilə bağlı mövzulara toxunmur. Sanki uşaqlar ümumilikdə cəmiyyətin diqqətindən kənarda qalıb. Əvvəllər yerli icra orqanlarında azyaşlı uşaqlarla bağlı şöbələr olurdu və onlar valideynlərlə, məktəblə, polisin uşaq bölmələri ilə əməkdaşlıq edirdilər”.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə də hesab edir ki, son vaxtlar yetkinlik yaşına çatmayanların cinayət və cinayət xarakterli əməllər törətməsinin bir sıra səbəbləri var.

Onun sözlərinə görə, ailə daxilində valideynlərin zorakılığı uşaqların bu kimi vərdişlərə yiyələnmələrinə səbəb olur. Adətən, zorakılıqla qarşılaşmış uşaq bir qədər böyüdükdə özü də zorakılıq törətməyə meyilli olur: "Ən əsas amillərdən biri nəzarətin zəifliyidir. Bəzən yeniyetmələr etinasızlıq üzündən müxtəlif təsirlərə düşür və çətin tərbiyə olunan uşaq imici qazanırlar. Belə yeniyetmələrlə daha çox polis orqanları məşğul olur və onların xeyli hissəsinin cəmiyyətə qovuşaraq sağlam həyat tərzi keçirmələri çətinləşir. Özünü aktuallaşdırmaq istəyi - yeniyetmələrin ünsiyyət ehtiyaclarının ödənilməsi və onların özlərini aktuallaşdırmaq üçün imkan və şəraitin yaradılması və onların kənar təsiri özündə əks etdirən qruplara daxil olmaqdan imtina etməsini nəzərdə tutur. Bəzən yeniyetmələr ünsiyyət tələbatının və özünü aktuallaşdırma tələbatının ödənilmədiyi səbəbindən qeyri-sağlam qruplara cəlb olunur və həmin qruplar da onların bu istəklərini özlərinə lazım olan istiqamətə yönəltməklə reallaşdırmağa çalışırlar”.

AİB sədri onu da qeyd edib ki, adətən uşaqlar böyüklərdən nümunələr götürməyə çalışırlar: "Belə nümunələrin içərisində bəzən zərərliləri də yer alır. Siqaret çəkmə, alkoqollu içkilərə meyil və s. bu kimi adətlər də bəzən yeniyetmələr üçün cəlbedici olur. Böyükləri təqlid edərək və adətən bunun nə ilə nəticələnəcəyini bilməyərək onlar da bu kimi zərərli vərdişlərə aludə olurlar. Bu kimi vərdişlər zaman-zaman daha da inkişaf edir. Narkomaniya, toksikamaniya kimi bəlalara yoluxmaya, bu ehtiyacları ödəmək üçün hüquq pozuntularına meyillənməyə səbəb olur. Digər amillər kimi daxili eqodan yaranan bəzi xüsusiyyətlər - münaqişəyə meyillilik, paxıllıq və s. bu kimi hallar da göstərmək olar ki, bunları da düzgün tərbiyə vasitəsilə yönləndirmək mümkündür”.

Şəymən