Təcili yardım maşınları üçün xüsusi zolaqlar salınmalıdır
“Bu metoddan xəstəxanaların, klinikaların yerləşdiyi ərazilərə yaxın küçələrdə tətbiq etmək olar”
Təcili yardım maşınlarının tıxac problemi, təəssüf ki, həll edilməmiş qalır. Tıxaclar meqa-polislərin reallığıdır. Ancaq nə qədər "reallıqdır” desək də, məhz təcili yardım maşınlarına münasibətdə bu reallıqla barışmaq mümkün olmur. Digər vaxtlarda sürücülərə dözümlü olmaq, səbir nümayiş etdirmək məsləhət görülür. Təcili yardım maşınlarına isə belə məsləhətlər keçərsizdir. Çünki məsələ insan həyatıdır. Təcili yardım ağır vəziyyətdə olan insanı xəstəxanaya çatdırmağa çalışır.
Srağagün axşam saatlarında paytaxtın Cəlil Məmmədquluzadə küçəsi ilə Bakıxanov küçəsinin kəsişməsində yaranmış tıxacda təcili yardım maşını da varmış. Verilən məlumata görə, irəliləməyin qeyri-mümkün olduğunu görən təcili yardım briqadasının həkimi maşından düşərək sürücülərdən yol vermələrini istəyib. Həcəyan içində olan həkim, "ölən var, yol verin” deyə qışqırıb. Lakin həkimin cəhdi uğursuz olub. Çünki yol avtomobillərlə doluymuş, heç birinin kənara çəkilmək imkanı yoxmuş.
Bu günlərdə eyni mənzərə qardaş Türkiyədə də yaşanmışdı. Türkiyə teleefirində yayımlanan süjetdə yeraltı tuneldə hərəkət edən və həyəcan işıqlarını yandırmış təcili yardım maşınına digər avtomobillərin necə yol açdığı görünürdü. Avtomobillər bir-bir kənara çəkilir, orta xətti təcili yardım üçün açırdılar. Avtomobillərin sürücülərinə bu xeyirxah əməllərindən ötrü xüsusi təşəkkür də edildi.
Təbii ki, imkan olsa, yəqin bizim sürücülər də təcili yardım maşınının yolunu açar. Lakin bu, çox zaman mümkün olmur. Yolun hərəkət zolağı hər tərəfdən dolubsa, avtomobillərin kənara çəkilməsi, artıq qeyri-mümkündür.
Nəqliyyat problemləri üzrə ekspert İlqar Hüseynli vəziyyətdən çıxış yolunu təcili yardım, yanğınsöndürən kimi fövqəladə hallarla bağlı nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının yaradılmasında görür:
- Düzdür, bu, heç də asan deyil. Bakının yolları köhnə üslubda tikilib. 30-40 il əvvəl salınmış yollardır. O zamanlar şəhərdə nə bu qədər avtomobil vardı, nə də bu qədər tıxac yaşanırdı. Tıxac da son 10-15 ilin problemidir. Bunun da başlıca səbəbi avtomobillərin hədsiz çoxluğudur. Həmçinin, bir sıra hallarda yol infrastrukturunun da düzgün qurulmaması tıxacların yaranmasına səbəb olur. Paytaxtın əksər yolları dar olduğundan orada 2-3 hərəkət zolağı tətbiq etmək də mümkün deyil.
Dünyanın inkişaf etmiş ölkələrində təcili yardım, polis, yanğınsöndürən, həmçinin, ictimai nəqliyyat üçün xüsusi hərəkət zolaqları təyin edilir. Bu zolaqlara artıq digər nəqliyyat vasitələrinin girişi qadağandır. Bizdə son illər salınan yeni yollar genişliyi ilə fərqlənir, hərəkət zolaqlarının sayı da çox olur. Lakin bu, yeni salınan yollarda mümkündür.
Ötən əsrdə salınmış yollarda bunu etmək çox çətindir, bəzənsə mümkün deyil. Onda gərək bütün yollar yenidən qurulsun. Amma belə etmək olar ki, hərəkət zolaqlarından biri, daim ekstremal vəziyyətlər üçün nəzərdə tutulsun və hərəkət zolağında avtomobillərin yalnız ard-arda və məsafəli hərəkətinə icazə verilsin, avtomobillərin yanaşı hərəkət etməsi qadağan olunsun.
Belə olarsa, irəlidə hərəkət edən avtomobillər yolun kənarına çəkilməklə arxadan gələn təcili yardım maşınına yol verə bilər. Hansı yolda ki, imkan, şərait var, orada bir hərəkət zolağının nisbətən boş saxlanmasına çalışılmalıdır. Bu metoddan xəstəxanaların, klinikaların yerləşdiyi ərazilərə yaxın küçələrdə tətbiq etmək olar. Düşünürəm ki, yaxın illərdə Bakıda da xüsusi zolaqlı yolların sayı çox olacaq. Görünür ki, yeni yollar salınarkən bu məsələyə önəm verilir.
Məlahət Rzayeva