Təftiş həyata keçirən qurumların sayı 15-ə yaxın idi
"Biz çalışmalıyıq ki, büdcəmizin ən azı yarısı kiçik və orta sahibkarlığın fəaliyyəti hesabına doldurulsun"
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyində geniş kollegiya iclası keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev bildirib ki, iclasda insanların həyat və sağlamlığının qorunması halları ilə bağlı zəruri nəzarət tədbirləri istisna olmaqla, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən sahibkarlıq subyektlərində aparılan bütün yoxlamaların dayandırılması qərara alınıb.
Tanınmış iqtisadçı Natiq Cəfərli deyib ki, yoxlamaların dayandırılması haqqında deyilən sözlər yerinə yetirilsə, bu, sahibkarlar üçün çox pozitiv addım olacaq: "Dəfələrlə Prezident öz çıxışlarında deyib ki, əsassız və qanunsuz yoxlamalar dayandırılmalıdır. Əslində nazirliyin belə bir açıqlama verməsi o deməkdir ki, deməli, yoxlamalar dayandırıla bilərmiş və bu əsassız yoxlamalar az olmalıymış. Əgər beləymişsə, nəyə görə çıxışı gözləyirdilər və nəyə görə sahibkarların problemlərini artırmaqla məşğul idilər? Nazirlik bu məsələyə də aydınlıq gətirməlidir ki, hansı əsasla bu qədər yoxlama həyata keçirirdilər. Təbii ki, sahibkarlar üçün çox pozitiv bir addım olacaq. Tək İqtisadiyyat və Sənaye Nazirliyi deyil, vergilər, gömrük, eyni zamanda tikinti ilə məşğul olan və nəzarəti həyata keçirən qurumlar da oxşar addımlar atmalıdırlar. Azərbaycanda yoxlama həyata keçirən qurumların sayı 15-ə yaxındır. Əsassız yoxlamalar dayandırılsa, vahid registr üzrə yoxlamalar aparılsa və hər bir sahibkarı ən azından iki, yaxud üç ildən bir yoxlamağa qanun icazə versə, bu, təbii ki, çox gərəkli addım olacaq”.
İxracat potensialı olan sahələrin inkişafından danışan ekspertin fikrincə, bu sahəyə ciddi dövlət dəstəyi lazımdır: "Elə addımlar var ki, mütləq atılmalıdır: bu, vergi və gömrük güzəştlərindən başlayaraq subsidiyaların və faizsiz kreditlərin verilməsinə qədər getməlidir. Bu, Azərbaycan üçün çox aktualdır. Çünki iqtisadi aktivliyin çox böyük bir hissəsi Bakıya və Abşeron yarımadasına yığılıb, regionlarda bununla bağlı çox ciddi problemlər var. Dünya praktikası onu göstərir ki, regionları inkişaf etdirmək üçün sahibkarlara həm vergi güzəştləri tətbiq olunur, sıfır faizlə uzunmüddətli kreditlərlə təmin olunur ki, bu da bir stimul yaradır. Sahibkarların daha çox regionlarda işləməsini, orada istehsalla məşğul olmasını stimullaşdırmaq lazımdır. İxracat potensialı olan sahələrin inkişafına ciddi dövlət dəstəyi lazımdır. Yaxud da gömrükdə yaşıl xətt prinsipi həyata keçirilə bilər ki, xarici ticarətlə məşğul olan insanların gömrük prosedurlarından asanlıqla və tez keçməsinə imkan yaradılsın”.
Müsahibimizin sözlərinə görə, biz çalışmalıyıq ki, büdcəmizin ən azı yarısı kiçik və orta sahibkarlığın fəaliyyəti hesabına doldurulsun: "Ümumiyyətlə, dünya praktikasında kiçik və orta sahibkarlıq hər bir dövlətin vergi sisteminin bel sütununu təşkil edir. Avropa ölkələrində kiçik və orta sahibkarlardan gələn verginin büdcədə payı 60-80 faiz arası dəyişir. Amma bizdə bu, çox aşağı səviyyədədir. Fiziki şəxslərdən gələn gəlir cəmi 750 milyon manatdır. Kiçik və orta sahibkarlıqdan gələn rəqəm də çox aşağıdır. Bu çox aşağı göstəricilərdir, yəni büdcənin heç 10 faizə qədəri də etmir. Buna görə çalışmaq lazımdır ki, büdcəmizin ən azı yarısı kiçik və orta sahibkarlığın fəaliyyəti hesabına doldurulsun”.
Ayyət Əhməd