Aydın Mirzəzadə istənilən nazirlə görüşüb, seçicilərinin problemini çözürSahib Alıyev isə “mən dövlətin əsgəriyəm” deyib gördüyü işləri sadalamaq istəmir
Ötən günlərdə nəqliyyat naziri Ziya Məmmədov Neftçalada qəbul keçirib. Məlumata görə, nazir Salyan, Biləsuvar və Neftçala rayonlarından olan vətəndaşları qəbul edərək onların müraciətlərini, şikayət və təkliflərini dinləyib. O, vətəndaşların səsləndirdikləri müraciət və şikayətlərlə əlaqədar nazirliyin struktur rəhbərlərinə göstərişlər verib.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. Burada diqqətçəkən məqam odur ki, sözügedən rayondan seçilən millət vəkili Arif Rəhimzadə də nazirin qəbuluna gəlib və nazirdən Neftçala-Salyan yolunun əsaslı təmir olunmasını xahiş edib. Nazir isə bildirib ki, yaxın vaxtlarda beynəlxalq təşkilatların maliyyə dəstəyi ilə 83 kilometrlik Şirvan-Salyan-Neftçala yolunun tikintisinə start veriləcək. Maraqlıdır, görəsən, digər millət vəkilləri də, seçicilərinin problemlərinə dair analoji addımlar atıb, onların qayğılarının həllinə nail olurlarmı?
Bu sualla parlamentarilər arasında sorğu keçirdik. Mingəçevirdən seçilən millət vəkili Aydın Mirzəzadə "Şərq”ə söylədi ki, seçicilərinin problemi ilə bağlı bir dəfə deyil, dəfələrlə nazir və ya yüksək vəzifəli şəxslərin qəbulunda olub: "Mingəçevirdə bir qrup sakinin şəhərətrafı bağ sahələrinin su qiymətləri ilə bağlı aidiyyəti şəxslərlə görüşlər keçirmişəm. Sovet dövründə inşa olunan binaların lift probleminə dair Baş nazirin müavini Abid Şərifovun qəbulunda olmuşam. Bir neçə dəfə telefon əlaqəsi saxlamışam. Bir müddət əvvəl Mingəçevirdən bir ailənin övladı qaraciyər serrozundan əziyyət çəkirdi. Səhiyyə naziri ilə danışdım və onun əməliyyatının yarısını nazirlik öz üzərinə götürdü. Əməliyyata girməzdən öncə məlum oldu ki, onun digər bir orqanında da problemlər var. Artıq yenidən nazirliyə müraciət edərək onun başqa bir xəstəxanada müalicəsi məsələsini həll etdim. "Qaçqınkom”un sədri Əli Həsənovla dəfələrlə görüşmüşəm. Mingəçevirdə məktəblərdə yaşayan qaçqınların köçürülməsi ilə bağlı təkidli müraciət ünvanlamışam. Bundan sonra onlar üçün şəhər yaxınlığında iki böyük qəsəbə salındı və məktəblərdən köçürüldü. Həmin məktəblər təmir edildi”. Aydın Mirzəzadə söyləyir ki, təhsil naziri ilə də görüşləri baş tutub: "Mingəçevirdə orta məktəblərin təmiri, yeni məktəblərin tikilməsi və yeni universitetin açılması ilə bağlı bir neçə dəfə nazirin qəbulunda olmuşam. Daxili işlər naziri Ramil Usubovun qəbulunda olmuşam, telefon əlaqəsi yaratmışam. Penitensiar Xidmətin sabiq rəhbəri Mədət Quliyevə bir neçə dəfə telefon zəngim olub. Ümumən götürdükdə, hökumət üzvlərilə, eyni zamanda Prezident Administrasiyasının şöbə müdirləri ilə vaxtaşırı telefon söhbətlərimiz olur. Məsələləri qaldırırıq və onların həllinə çalışırıq. İqtisadi inkişaf və sənaye naziri Şahin Mustafayevlə görüşlərim olub. Mingəçevirdə yeni iş yerlərinin açılması haqda müəyyən işlər görmüşüəm. Qeyd edim ki, bütün bunlar təbii məsələlərdir, bunları reklam etməyə dəyməz”.
Digər Milli Məclis üzvü Sahib Alıyev də söyləyib ki, son büdcə müzakirələrində yalnız parlament kürsüsündən deyil, ayrıca 3 nazirə yaxınlaşıb, konkret olaraq Tərtərin problemlərinə dair məsələləri diqqətlərinə çatdırıb: "Köməklik göstərmələrini xahiş etdim. Belə məsələlər bizim gündəlik işlərimizdir”.
Parlamentari ötən 5 il ərzində seçicilərinin problemlərinə dair gördüyü tədbirlərin təbliğatını aparmaq istəmədiyini bildirib: "5 il əvvəl seçki kampaniyası aparanda dedim ki, mən bura cənab Prezidentin əsgəri olaraq gəlmişəm. Bu 5 il müddətində hər nə etmişəmsə, buna dair mətbuata heç bir informasiya verməmişəm. Çünki mən xalqa, vətənə, dövlətə xidmətimlə əsgər olaraq öz vəzifə borcumu yerinə yetirmişəm. Əsgər gördükləri işin təbliği ilə məşğul olmaz. Bunu edənlərə də hörmətim var. Siyasətlə məşğul olurlar. Bu da lazımdır. Amma mən bu yolu tutmamışam. Etdiklərimi açıqlamıram, təbliğ etmirəm. Nə etmişəmsə, camaat bilir. Bütövlükdə Tərtər üçün də, ayrı-ayrı şəxslər üçün də vəzifə borcumu necə yerinə yetirdiyimi də parlamentdə təmsil olunan jurnalist həmkarlarım da görüblər. Mən yalnız bunu deyə bilərəm. Detallara varmaq istəmirəm”.
Ayyət Əhməd