Zahid Oruc: “Dövlətdən 20 milyon dollar oğurlanıbsa, bu 20 milyonluq zərbədir”
İki gün əvvəl mətbuatda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Əsaslı Kapital Qoyuluşları İdarəsinin rəis müavini Qiymət Mehdiyevin həyat yoldaşının 20 milyon dollara Bodrumda 16 villa və hektarlarla torpaq sahəsi almasına dair məlumatlar yayılıb. Təbii olaraq, heç bir vəzifəsi və işi olmayan xanımın - Könül Mehdiyevanın külli miqdarda vəsaiti necə əldə etməsi ilə bağlı suallar əlbəttə ki, gözləri onun vəzifəli həyat yoldaşına dikir. Sosial mediada hər kəs vəsaitlərin Qiymət Mehdiyev tərəfindən neft pulları hesabına əldə olunduğundan yazır. SOCAR isə Q.Mehdiyevin həyat yoldaşının xaricdə villalar alması barədə KİV-də yer alan məlumatların hazırda şirkət tərəfindən araşdırıldığını bəyan edib. Qurumdan verilən məlumata görə, bu məsələ şirkətdə mövcud olan korrupsiyaya qarşı mübarizə və şəffaflıq standartlarına uyğun olaraq araşdırılır, nəticəsi barədə ictimaiyyət məlumatlandırılacaq.
SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev mətbuata açıqlamasında deyib ki, SOCAR-ın Əsaslı Kapital Qoyuluşları İdarəsinin rəis müavini Qiymət Mehdiyevin xanımının Türkiyədə 20 milyon dollara 16 villa almasını özü təkzib edib: "Bu gün (dünən) Qiymət Mehdiyev işdə olub və hamının qarşısında barəsində yayılan məlumatların yalan, əsassız olduğunu deyib”. N.Quliyev bu məsələnin SOCAR-a aidiyyəti olmadığını da vurğulayıb.
Məsələ ilə bağlı "Şərq”ə danışan millət vəkili Zahid Orucun sözlərinə görə, 20 milyon dollarlıq mülkün aşkarlandığı dövr bizi 3 sual ətrafında düşünməyə vadar edir: "Birincisi, hökumət tərəfindən fəal və kəskin hərəkətlər həyata keçirilməyə çalışılır ki, Azərbaycandan xaricə pul kütləsinin çıxarılmasının qarşısı alınsın. Həmin vəsaitlər ümumi dövriyyədə ölkəmizin iqtisadi həyatına, sosial sferaya, texnoloji avadanlıqlar və innovativ proqramlara yatırıla bilərdi. Deməli, həmin pulların ölkədən çıxarılması bizim mənafelərimizə ziyan vurur. Artıq Azərbaycanda hər kəs dərk edir ki, bu ölkənin içərisində əldə olunmuş qanuni və ya qeyri-qanuni vəsaitlərin dövriyyədən çıxarılması çox ciddi sıxıntılara yol açır. Dövlət qarşıdakı illərdə qeyri-neft sektorunu xarici investisiyanı cəlb eləməyə çalışır. Belə olan halda isə milyonlarla, hətta milyardlarla vəsaitin ölkədən çıxarılmasını biz necə rahat qarşılaya bilərik?
Zahid Orucun sözlərinə görə, ikinci mühüm problem məsələnin 3 gündür sosial mediada geniş müzakirə aspektinə çevrilməsi fonunda əsas narahatedici hal hansı vəzifə sahibi olmasından asılı olmayaraq, konkret şəxs ətrafında cərəyan edən məsələyə dövlətin adının qarışmasıdır: "Orta vəzifəli bir məmurun ələ keçirdiyi vəsaitlər bu qədərdirsə, maraqlıdır, görəsən, SOCAR-dakı digər yüksək vəzifə sahibləri hansı xarakterli əməliyyatlara sahibdir? Məncə, bu sual da bizi narahat etməlidir. Çünki SOCAR Azərbaycanı beynəlxalq aləmdə təmsil edən böyük bir brend, nəhəng iqtisadi maşındır. Bu cür informasiyalar isə SOCAR-ın mənafeyinə və maraqlarına ziyan vurur”.
Z.Oruc deyib ki, əgər sözügedən şəxs bundan əvvəlki dövrdə böyük imkanlara, biznes sahəsinə sahib olubsa və ailə üzvü vasitəsilə qazandığı vəsaitin bir qismini Türkiyədə əmlaka yatırıbsa, bununla bağlı rəsmi açıqlama versin. Belə deyilsə, Azərbaycanın sosial mediasında, informasiya vasitələrində Azərbaycan dövlətinin əleyhinə yazılan minlərlə, on minlərlə ittihamın cavabdehliyi olmalıdır. Bu adamlar fərqindədirlərmi ki, hər bir yazı cəmiyyətdə müəyyən əhval-ruhiyyələr, diskussiyalar doğurur?
Neft şirkətinin mühüm bir təmsilçisinin ailə üzvünün adına bu cür sanki bir villa şəhərciyinin alınması hansı adla izah olunur?
Millət vəkili hesab edir ki, həm neft şirkətinin rəhbərliyi, o cümlədən mətbuat xidməti bununla bağlı dolğun açıqlama verməlidir. Özü media qarşısına çıxıb deməlidir ki, ya özü bunun əvvəlki fəaliyyəti zamanında hansısa digər sahibkarlıq vasitəsilə qazanıb, bunun da deklorasiyasını, mənbəyini, sübutunu təqdim etməlidirlər. Yox əgər belə deyilsə, bununla bağlı da cavabdehlik olmalıdır. Dünyada neftin qiymətinin ən aşağı qiymətlərlə ölçüldüyü bir vaxtda neft şirkətinin təmsilçisinin bu addımını biz hansı ada yazmalıyıq?”.
Millət vəkili bu məsələdə dövlətin mənafeyinin də ciddi zədə gördüyünü deyir: "Məni daha çox dövlətimin mənafeyi qayğılandırır. Düşünürəm ki, bu məsələlərlə bağlı həm Neft Şirkətinin rəhbərliyi, o cümlədən Respublika Prokurorluğu mediadakı məlumatı əsas götürməlidir və ona yönəlik təhqiqat işlərini həyata keçirməlidir. Əlbəttə ki, biz onun fərqindəyik ki, Azərbaycanda da qoy 100 milyon dollarlara sahib olan insanlarımız olsun. Milli burjuaziyanın təmsilçilərinin olmasını hamı arzulayır. Amma bu vəsaitlər qanuni əsaslarla əldə edilsin. Çox arzu olunur ki, ölkə rəhbərliyinin bəyan etdiyi kimi, Azərbaycanda xarici investisiyaya, qeyri-neft sektorunda ehtiyac duyulduğu halda adamların bu şəkildə guya, qardaş ölkə deyibən külli miqdarda vəsaiti ölkədən çıxarması heç bir halda nə mənəvi qanunlarla əsaslandırıla bilməz, nə də hüquqi nöqteyi-nəzərdən buna bəraət vermək mümkündür”.
Millət vəkili Q.Mehdiyevin müəllim işlədiyi vaxtlardakı sosial durumu ilə SOCAR-a keçdikdən sonra varlanması məsələsinə də toxunub: "Bu insanın külli miqdarda pul kütləsi əldə etməsinin bir zaman ardıcıllığı var. Əgər o, loto yarışlarında, dünya miqyasında 100 milyonlar əldə etməyibsə, ölkə içərisində ani qaydada hansısa bir tədbirdə o vəsaitləri qazanmayıbsa, bunu məhkəmə qarşısında ortaya qoymalıdır ki, həmin villaların vəsaitini haradan əldə edib. Mən biznes fəaliyyətini ona görə əsas seçdim ki, çox mümkündür ki, iddia edə bilər ki, burada müəllim çalışmaqla bərabər Rusiyada və ya haradasa pullarını dövriyyəyə qoyub, müxtəlif beynəlxalq qurumların səhmlərini alıb, hansısa birjada brokerlərin işində iştirak edib, o cümlədən böyük səhmlərə malik olub və gəlir əldə edib. Ona görə də bütövlükdə danışdığımız hadisə bir fakt üzərindən qiymətləndirilməlidir. Bizim üçün isə önəmli olan Azərbaycan dövlətidir. Sosial mediadakı fikirləri izləyəndə görürsən ki, əsas hədəf budur - Azərbaycan necə olub ki, bu kimi oğurluq halını nəzarətdə saxlaya bilməyib? Nə üçün Neft Şirkətinin xərclənmələrinin auditi olmayıb. Həyata keçirilən tikinti işlərinin tenderləri hamısı qeyri-şəffaf formada ayrı-ayrı qurumlara verilib. Bu halların hamısının səbəbi Qiymət Mehdiyevdir. Bu informasiyanın ortaya çıxması ilə heç bir dolğun və normal açıqlamanın verilməməsi sualları daha da böyüdür. Onlar dövlətin mənafeyini beləmi düşünür? O şəxs 20 milyon dolları oğurlayıbsa, bu, 20 milyonluq zərbədir. Amma ölkəyə vurulan mənəvi zərbəni, siyasi nüfuz itkisinin konkulyasiyası yüz milyonlarladır. Mənəvi itki dövlət üçün daha böyükdür”.
Deputat külli miqdarda vəsaitin ölkədən çıxarılması məsələsində günahkar olanların ittihamları öz üzərinə götürmələrinin vacib olduğunu dilə gətirib: "Azərbaycan dövlətini, onun adını, etibarını, bütövlüyünü ölkə başçısının elan etdiyi kursun önəmini hər kəs dərk etməlidir və bu məsələyə yönəlik ittihamları öz üzərinə götürməlidir. Cinayət törədibsə də, qoy, o adam özü cavab versin. Bu məsələlərin üzərindən bütöv bir struktur, iqtisadi sistem, nəzarət orqanları və bütün təsisatların hamısını zərbə altında qoyurlar və fərqində deyillər ki, bir adamın əməli hökuməti nə qədər ciddi tənqidlərə məruz qoyur”.
Digər vəzifəli şəxslərin bu cür mülkləri olub-olmadığına dair SOCAR-da araşdırmaların başlanılmasına gəldikdə isə millət vəkili deyib ki, bu məsələ dövlətin kəşfiyyat strukturlarının səlahiyyətində olan məsələdir: "Amma mənim fikrimcə, ölkədə elə bir mexanizm formalaşmalıdır ki, kiminsə 20 milyon dollara 16 villa alması kimi xəbərlər inandırıcılıq kəsb eləməsin. İnsanlar audit yoxlamalarına etibar etmədiyi üçün bu cür maxinasiyalar heç kəsdə şübhə doğurmur”.
Şəymən