Zamin duran şəxsin də öhdəliyi var

Qurban Məmmədov: “Ödəmək imkanı olduğu halda əsas borclu kənarda qalır, zaminin maaşından pul tuturlar”
Vüqar Bayramov: “Apardığımız monitorinqlər göstərir ki, əksər hallarda zamin olan şəxslər oxumadan müqaviləni imzalayıblar”


Banklardan kredit götürmək üçün müraciət edərkən tələb olunan şərtlərdən biri də zamin olan şəxsin müəyyən edilməsidir. Əksər hallarda kredit götürən şəxs zaminliyin formal olduğunu deyərək insanı cəlb edir. Bəzi hallarda isə müraciət edilən şəxs zaminlik ilə bağlı ona müraciət ediləndə utanır və "yox” demir. Nəticədə isə krediti bir şəxs götürür, xərcləyir, qaytarmır, o puldan xəbəri olmayan zamin pulu ödəməli olur.

Əlbəttə ki, zamin olmadan da kreditlər verilir, lakin bu zaman kreditin şərtləri daha da ağır və eyni zamanda faiz dərəcələri yüksək ola bilər. Zamin təqdim olunan zaman bank kreditin qaytarılması ilə bağlı belə desək zəmanət də olur və kreditin qaytarılmaması riskini azaldır. Zamin təqdim olunaraq alınan kreditlərdə, müştəri kredit borcunu geri ödəməkdən imtina edərsə, bank müştəriyə verdiyi krediti zamindən tələb edir və bu zaman da kreditin ödənilməməsinin qarşısı alınır.

Kredit alan şəxs əgər kredit borcunu geri ödəməkdə problem yaradarsa və kredit borcunu ödəməzsə, bu zaman zaminə müraciət olunur. Zaminə müraciət olunduqda isə kredit borcunun geri ödənilməsində məsuliyyət daşıyır və borcun ödənilməsi ilə bağlı bütün öhdəliklər zaminə düşür.

Əgər zamin kredit borcunu ödəmək istəməz və kredit borcunu ödəməzsə, bu zaman nə baş verə bilər? Zamin bankın tələbini ədalətli hesab etməzsə, təbii ki, buna etiraz etmək hüququ varmı?

Vəkil Qurban Məmmədovun sözlərinə görə, bu zaman əsas olan zaminin hüquqlarını bilməsidir. İlk növbədə isə zamin duran adamın qarşı tərəf dələduzluq edib, aradan çıxdığı halda öz öhdəliyini yerinə yetirmək imkanının olub-olmadığı araşdırılmalıdır.

Zaminin məsuliyyətinə gəldikdə isə Q.Məmmədov deyib ki, rəsmi məhkəmə qətnaməsi ilə borclu şəxsin öz borcunu obyektiv səbəblərdən ödəyə bilməməsi sübut olunsun. Ancaq bu halda bank öz pulunu zamindən tələb edə bilər: "Kredit götürən şəxs bilərəkdən öz borcunu ödəməkdən yayınırsa, bu zaman da zamin öz öhdəliyini yerinə yetirməlidir. Amma həmin qanun zaminə hüquq verir ki, borcluya qarşı iddia qaldıraraq dəymiş ziyanı borcludan tələb eləsin. Əsas borclunun götürdüyü krediti ödəmək imkanı, əmlakı olduğu halda bundan boyun qaçırırsa, məhkəmə isə həmin borcu ödəmək üçün zamin duran şəxsi yönləndirirsə, həmin qərar dərhal ləğv edilməlidir. Amma bunun üçün ilk növbədə zaminin yuxarı instansiyalara şikayət verməsi şərtdir”. Zaminin borcu ödəməkdən imtina haqqının olub-olmadığına gəldikdə isə hüquqşünas deyib ki, zaminin öhdəliyin icrasından imtinası nə hüquqi qanunvericiliyə, nə də kişilik qanununa uyğundur: "Kişi verdiyi sözün əri olmalıdır. Bank kiməsə kredit verəndə öhdəlik götürən şəxsə arxayın olur. Zamin duran şəxs sonradan başının ağrımasını istəmirsə, tanımadığı adama görə öhdəlik götürməsin. Son dövrlərdə problemli kreditlərlə bağlı mənə yüzlərlə müraciət daxil olub. Deməli, məhkəmələr, icraçılar aləmi biri-birinə qatır. Ödəmək imkanı olduğu halda əsas borclu kənarda qalır, zaminin maaşından pul tuturlar. Bu, birmənalı olaraq,

yolverilməzdir. Hesab edirəm ki, Zamin duran adam öz öhdəliyini layiqli və qanunauyğun şəkildə yerinə yetirməlidir”.

İqtisadi Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, son zamanlar ən çox müraciət edilən məsələlərdən biri kredit götürüləndə zamin olan vətəndaşlarımızın sonradan həmin borcu qaytarmağa məcbur olmasıdır: "Bəzi zamin olan vətəndaşlarımız isə hətta bankla bağlanan müqavilədə kreditin qaytarılmasında problem olduğu halda onun bankda olan kart hesabından pulun çıxılmasına da razılıq verdiyindən, sonradan borc qaytarıla bilməyəndə hesabdan vəsait azaldılır. Apardığımız monitorinqlər göstərir ki, əksər hallarda zamin olan şəxslər oxumadan müqaviləni imzalayıblar”.

V.Bayramov bu hallarla təcrübədə çox rastlaşdığını da əlavə edib: "Məsələn, bizim mərkəzə müraciət edən vətəndaşlarımızdan biri qeyd edir ki, onun əmək haqqı kartı olan bankdan başqası kredit götürüb və o da zamin durub. Cəmi 1-2 ay sonra kredit götürən borcu qaytarmaqdan imtina edib. Bəlli olub ki, zamin olan vətəndaşımızın oxumadan imzaladığı müqavilədə borc götürənin pulu qaytara bilmədiyi halda pulun onun hesabından çıxılması barədə bənd var. Borc götürən isə pulu banka ödəməkdən imtina edib. Bu isə o deməkdir ki, formal prosedura kimi bildiyi zaminlik müqaviləsi onun üçün ciddi xərc yaradıb”.

Şəymən