Zəlimxan Məmmədli və Akif Nağı hələ də Gürcüstana gedə bilmir

Qonşu ölkənin rəsmiləri problemi həll etmək niyyətində deyillər



Bir müddətdir ki, Qarabağ Azadlıq Təşkilatının (QAT) rəhbəri Akif Nağı və "Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Gürcüstana buraxılmırlar. Onlara tətbiq olunan yasaqlanmanın səbəbi isə açıqlanmır. Doğrudur, təşkilat rəhbərləri məlum qadağanın səbəblərinin öyrənilməsi və ya aradan qaldırılmasına dair çox cəhdlər göstərirlər.

Məsələn, "Borçalı” Cəmiyyətinin sədri Z.Məmmədli ötən günlərdə Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevlə görüşüb, problemi rəisin diqqətinə çatdırıb. Əvəzində isə məsələnin yoluna qoyulacağı vədini alıb. Bundan başqa, A.Nağı isə ona qoyulan yasaqlanma ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) müraciət edib, lakin hələ ki, real nəticə yoxdur. Bu məsələləri nəzərə alıb, XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevlə əlaqə saxladıq. Qurum sözçüsü "Şərq”ə söylədi ki, Azərbaycan Respublikası vətəndaşı A.Nağı mətbuat vasitəsilə XİN-ə müraciət etmişdi və nazirlik həmin müraciətlə tanış olub: "Ölkə ərazisinə giriş və çıxışı tənzimləmək hər bir ölkənin öz suveren qanunları əsasında tənzimlənir. Azərbaycanın da buna dair öz mexanizmi var. Məsələn, XİN ölkəmizin ərazisinə bir qrup şəxslərin daxil olması ilə əlaqədar arzuolunmaz şəxslər siyahısı tərtib edib. Bir sıra əcnəbi ölkə vətəndaşları var ki, onların Azərbaycana girişinə qadağa qoyulub. Bu işdə hər bir dövlət öz milli qanunvericiliyinin tələblərindən çıxış edərək, müəyyən qaydalar tətbiq edir. Amma hər halda A.Nağının məsələsi Gürcüstanla müzakirə ediləcək”. Millət vəkili Aqil Abbas bildirib ki, Z.Məmmədli Gürcüstan azərbaycanlılarının lideridir: "Bu, Gürcüstanda da belə qəbul edilir. O adam öz dədə-baba torpağında böyük söz və hörmət sahibdir. Bu səbəbdən onu Gürcüstana buraxmırlar. Amma əslində yanılırlar. Çünki Z.Məmmədli Gürcüstana gedərsə, orada Gürcüstan dövlətinin mənafeyinə toxunacaq addım atmaz. Biz heç vaxt başqa bir dövlətin daxili işlərinə qarışmırıq. İstər A.Nağı, istərsə də Z.Məmmədli Gürcüstanın keçirdiyi hansısa tədbirdə bu ölkənin milli maraqlarına və milli təhlükəsizliyinə zidd heç bir söz deməyiblər. Deməzlər də. Ona görə ki, Gürcüstanla Azərbaycan arasında heç bir narazılıq və qarşıdurma yoxdur. Əslində Z.Məmmədlinin belə çıxışları var ki, birbaşa Gürcüstanın dövlət maraqlarına xidmət göstərir. Məsələn, Z.Məmmədli deyir ki, Gürcüstandakı azərbaycanlılar gürcü dilini öyrənməlidirlər. Bir sözlə, Z.Məmmədli və A.Nağının Gürcüstana buraxılmaması bu ölkənin səhvidir”.

Ayyət Əhməd