“Zəlzələnin dalğası bizim ərazilərimizə zəif çatıb”

Təkanların İranla sərhəddə yerləşən Azərbaycan ərazilərində hiss olunması normal haldır



Son vaxtlar dünyada seysmoloji zonaların aktivliyi müşahidə olunur. Azərbaycana qonşu olan İran və Türkiyə kimi ölkələrdə təkanların baş verməsi Azərbaycana da təsirsiz ötüşməyib. Sərhədə yaxın bölgələrdə qısa təkanlar müşahidə olunub.

Dekabrın 4-də Türkiyənin şərqində, Bingöl vilayətinin Kığı şəhərində baş verən Rixter şkalası üzrə 4,0 bal gücündəki zəlzələdən sonra qonşuluğumuzda yerləşən İranda da zəlzələ qeydə alınıb. Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ yanvarın 12-də saat 06:38-də Yardımlı rayonundan 20 km şimalda, İran ərazisində baş verib. Yeraltı təkanın maqnitudası 4.6, dərinliyi 27 km olub. Zəlzələ Azərbaycan ərazisində, episentrə yaxın yaşayış məntəqələrində 3.0 bala qədər hiss olunub.

Bu barədə danışan AMEA nəzdində Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli İranda baş verən zəlzələnin həmçinin Lerik, Cəlilabad, Lənkəran rayonlarında da hiss olunduğunu deyib. Q.Yetirmişlinin sözlərinə görə, təkanların İranla sərhəddə yerləşən Azərbaycan ərazilərində hiss olunması normal haldır: "Dalğa bizim ərazimizə çox zəif çatıb. Biz yeraltı təkanları üç bala qədər qiymətləndirdik. Ciddi zəlzələ olmadığı üçün hər hansı tədqiqatlar aparılıb, xəritə qurulmasına ehtiyac yoxdur. Hiss olunan zəif təkanlardır”.

Aysel Aslan