Zəvvarlarımız sağ-salamatdır

Ziyarətçilərin ilk qrupu artıq Həcc əməllərinə başlayıb



Azərbaycanlı zəvvarların demək olar ki, artıq hamısı Həcc ziyarətinə yola salınıb. Sonuncu təyyarə reysi sentyabrın 5-də yola salınacaq və bununla da azərbaycanlı zəvvar qrupu Səudiyyə Ərəbistanına yetişəcək.

İlk dəfə olaraq azərbaycanlı zəvvarlar Həccə yalnız biometrik pasportla gedirlər. Bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötənilkindən az - 1500 nəfər müəyyənləşsə də, sonradan bu rəqəm, 1050 nəzərdə tutulub. Ziyarət zamanı daha yaxşı şəraitli otellərdə qalmaq, bahalı yeməklərlə təminat, o cümlədən otellərdə 4 nəfərlik otaqlarda yerləşmək 4500 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlarda qalmaq isə 3500 dollardır.

Sentyabrın ilk günləri Səudiyyə Ərəbistanına yola salınmış azərbaycanlı zəvvarların ilk qrupu isə artıq Həcc əməllərinə başlayıb.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvlərindən biri hacı Həmdulla Babayev məlumat verib.

H.Babayevin sözlərinə görə, zəvvarlar artıq ümrə ziyarətini yerinə yetiriblər. Onlar hazırda yerləşdikləri otellərdə istirahət edirlər və vəziyyətləri normaldır.

Həcc ziyarətinə gedən zəvvarlar sentyabrın 11-də Ərəfat dağında vuquf edəcəklər. Bu, Həcc əməlləri sırasında vacib olanlardandır. Ertəsi gün isə zəvvarlar Qurban kəsib ehramdan çıxacaqlar. Qurban bayramı - Zilhiccə ayının 10-u miladi təqvimlə 12 sentyabrda qeyd olunacaq. Həcc əməlləri yerinə yetirildikdən sonra zəvvarlar Mədinəyə yollanacaq və həzrəti peyğəmbərin (s.ə.s) məscidini ziyarət edəcəklər. Sentyabrın 19-dan isə geri dönüş olacaq.

Məlahət