"Onlar Azərbaycanda keçirilən şəffa və demokratik seçkilərə kölgə salmaq üçün müxtəlif yollara əl atırlar"
"Seçkilərin nəticəsi bir daha sübut etdi ki, Azərbaycanda xalqla iqtidar arasında çox böyük birlik var"
"Azərbaycanın dinamik və sürətli inkişafı, regionda böyük söz sahibi olması, dünya ölkələri içərisində nüfuzunun yüksəlməsi müəyyən beynəlxalq təşkilat və dairələri narahat edir".
Bunu "Sherg.az"a ATƏT-in Parlament Assambleyasının, Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun və Avropa Şurası Parlament Assambleyasının aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı qərəzli hesabatına münasibət bildirərkən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.
Onun sözlərinə görə, aprelin 11-də ölkəmizdə baş tutan prezident seçkiləri çox möhtəşəm, şəffaf, demokratik mühitdə həyata keçirilib:
"ATƏT-in Parlament Assambleyasının, Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun və Avropa Şurası Parlament Assambleyasının bu nailiyyətləri görməməsi, görməzdən gəlmək bəsit və ya piyada təfəkkürün məhsuldur. Amma seçkilərlə bağlı həqiqətə söykənməyən hesabatla çıxış edən beynəlxalq təsisatlar bilməlidirlər ki, Azərbaycan müstəqil ölkədir və müstəqil siyasət yürüdür. Ölkəmiz özünün iqtisadi gücünü artırır və əhalinin sosial şəraiti ilbəil yaxşılaşır. Azərbaycan dövlətinin apardığı siyasət birmənalı şəkildə müstəqil Azərbaycanın qorunmasına xidmət göstərir. Təsəvvür edin ki, dünyanın əksər ölkəsi Azərbaycanın seçki təcrübəsindən faydalanmaq haqqında düşünür. Hətta bu istək və düşüncələrini açıq şəkildə etiraf edirlər. Bu mənada bəzi beynəlxalq təşkilatların seçki ilə bağlı ədalətsiz və haqsız hesabatları qərəzdən başqa bir şey deyil. Biz onların cavabını həmişə vermişik. Bəyan etmişik ki, Azərbaycanın müstəqilliyi əbədidir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi mütərəqqi və proqressiv yol bu gün də uğurla, ləyaqətlə davam etdirilir. Seçkilərin nəticəsi bir daha sübut etdi ki, Azərbaycanda xalqla iqtidar arasında çox böyük birlik var. Bu birlik də bədxah emrəniləri və onların havadarlarını narahat edir. Amma Azərbaycan xalqı öz yolunu davam etdirib yeni uğurlara imza atacaq. Onların məkirli niyyətləri ürəklərində qalacaq".
Azərbaycanın islam dünyasının ən qabaqcıl ölkələrindən biri olduğunu vurğulayan Z.Səmədzadə qeyd edib ki, ölkəmizdə İslam Həmrəylik tədbirlərini keçirilməsi, Azərbaycanın ən mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi Ermənistanın havadarlarını qıcılandırır:
"Onlar Azərbaycanda keçirilən şəffaf və demokratik seçkilərə kölgə salmaq üçün müxtəlif yollara əl atırlar. Ancaq Azərbaycan cəmiyyəti, eləcə də dünyanın müxtəlif ölkələrindən təşrif buyurmuş xadimlər birmənalı şəkildə bəyan etdilər ki, 11 aprel seçkiləri Azərbaycanda sivil və demokratik cəmiyyətin qurulduğunu bir daha sübut etdi. Bütün bunlar eməyə əsas verir ki, gərək adıçəkilən təşkilat öz əsassız ittihamlarından əl çəksin. Bu beynəlxalq təşkilatın ölkəmizə münasibətdə sərgilədiyi ikili stardartlar onun dar düşüncə və bəsit təfəkkürlərindən irəli gəlir. Bütün hallarda Azərbaycan uğurla inkişaf edir, edəcək də".
Qeyd edək ki, bu il aprel ayının 11-də Azərbaycanda tam demokratik və şəffaf mühitdə prezident seçkiləri keçirilib. Azərbaycan xalqı sərbəst şəkildə səsvermə prosesində iştirak edərək böyük iradə nümayiş etdirib. Nəticədə dövlət başçısı İlham Əliyev 86, 03 faiz səs toplayaraq Prezident seçilib. Lakin ATƏT-in Parlament Assambleyası, Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Avropa Şurası Parlament Assambleyası bu seçkilərlə bağlı qərəzli hesabatla çıxış edib və bu hesabat Azərbaycan ictimaiyyətinin haqlı narazılığına səbəb olub.
Ayyət Əhməd