Yeni Açıq Hökumətin Milli Fəaliyyət Planının hazırlanması müzakirələri davam edir 


Açıq Hökumətin Təşviqi üzrə yeni Milli Fəaliyyət Planı layihəsinin hazırlanması üzrə İşçi Qrupun növbəti iclasında vətəndaş cəmiyyətinin fəaliyyəti üçün əlverişli mühitin yaradılması və təhsil sektoru ilə bağlı hazırlanan təkliflər müzakirə olunub.

İşçi qrupun toplantısı 19 iyul 2019-cu il tarixdə Dövlət Miqrasiya Xidmətində keçirilib. İclasda AR Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası Katibliyinin, dövlət orqanlarının təmsilçiləri, Azərbaycan Açıq Hökumət Platformasının koordinatoru və üzvləri, Milli QHT Forumu təmsilçiləri, özəl sektor nümayəndələri iştirak ediblər.
Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın əməkdaşı Nurlan Həsənov gündəlik və müzakirə olunacaq məsələlər barədə məlumat verib. Müzakirələrdə ilk dəfə iştirak edən QHT təmsilçilərinı Açıq Hökumətin Təşviqi üzrə yeni Milli Fəaliyyət Planı layihəsinin hazırlanması prosesi haqda məlumatlandırıb.
Təhsil Nazirliyinin nümayəndələri Zöhrab Kəlbəliyev, Yaşar Zeynalov Nazirlik tərəfindən hazırlanan təklifləri təqdim ediblər. Təkliflər Təhsil Nazirliyinin fəaliyyəti ilə əlaqədar şəffaflıq və hesabatlılığın artırılması, elektron xidmətlərin təkmilləşdirilməsi və yaradılması ilə bağlı tədbirləri əhatə edib. 
Müzakirələr zamanı Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev, QHT təmsilçiləri Mehriban Zeynalova, Osman Gündüz, Hafiz Həsənov, Əhməd Abbasbəyli, Samir Əliyev və digərləri öz irad və qeydlərini bildiriblər. Təhsil Nazirliyinin fəaliyyətində ictimai iştirakçılığın genişləndirilməsi, müəllimlərin işəqbulu, diplomların tanınması, orta məktəblərə şagird qəbulu, ali məktəblərdə və digər sahələrdə şəffaflığın artırılmasıyla bağlı təkliflərini irəli sürüblər. 
Təhsil Nazirliyi əməkdaşları sualları cavablandırıblar və təklifərlə bağlı rəylərini bildiriblər.
Vətəndaş cəmiyyətinin fəaliyyəti ilə bağlı Açıq Hökumət Platformasının digər QHT ekspertləri ilə birgə hazırladığı təklifləri Əliməmməd Nuriyev təqdim edib. O, qeyd edib ki, təklifər əvvəlcədən QHT-lərə, İşçi Qrup üzvlərinə təqdim edilib, Açıq Hökumət Platformasının saytında yerləşdirilib, ölkədə fəllaiyət göstərən QHT platformaları və birliklərlərinə təqdim edilib. Təkliflər həmçinin OGP tövsiyyələrini də nəzərə alır. 
Vətəndaş cəmiyyəti nümayəndələri bir daha öz mövqelərini dövlət orqanları nümayəndələrinin diqqətinə çatdırıblar. 
Qeyd edək ki, Açıq Hökumətin Təşviqi üzrə yeni Milli Fəaliyyət Planı layihəsinin hazırlanması ilə bağlı İşçi Qrupun növbəti toplantısı 26 iyul 2019-cu il tarixdə saat 15.00-da Dövlət Miqrasiya Xidmətində keçiriləcək. 
Maraq göstərən QHT-lər, müstəqil ekspertlər, vətəndaşlar [email protected] e-mail ünvanına yazmaqla 25 iyul 2019-cu il saat 13.00-dək iştiraklarını təsdiq edərək müzakirələrdə iştirak edə bilərlər.