Biabırçılıq: avtobusun yanacağı qurtardı,sərnişinlər yolda qaldı – Fotolar + Video


 7 avqust 2019-cu il saat 21:45 radələrində hərəkətdə olan 96 nömrəli avtobus İctimai Televiziya və Radio Yayımları Şirkətinin qarşısında birdən-birə dayanıb. Avtobusun dayanmasına səbəb isə yanacağın bitməsi olub. 

Əməkdaşımızın da olduğu nəqliyyatda bütün sərnişinlər düşərək təxminən 25-30 dəqiqə ərzində növbəti marşrut avtobusunun gəlməsini gözləyiblər. Sürücü isə maşının dayanmasının səbəbini benzinin qurtarması ilə izah edib. Onun dediyinə görə, avtobus gecə qarajda olduğu üçün kimlərsə benzini çəkirlər.

Təbii ki, ictimai nəqliyyatın bu cür fəaliyyət göstərməsi heç də xoşagələn deyil. Ümumiyyətlə, qarajda olan hər bir avtobus xəttə çıxmazdan öncə dəqiq yoxlanışdan keçməlidir. Nəqliyyatın istər texniki vəziyyəti, istərsə də benzin sərfiyyatının olub-olmaması araşdırılmalıdır.

Maraqlıdır, həqiqətən də ictimai nəqliyyatların saxlandığı qarajlarda bu cür oğurlanma halları baş verirmi?



“Avstosfer.az” saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı “Sherg.az”a açıqlamasında sürücünün “qarajda benizini çəkirlər” deməsinin sadəcə bir bəhanə olduğunu vurğulayıb.

Ekspert bildirib ki, hətta ictimai nəqliyyatların əksəriyyətinin öz qarajı yoxdur:

“Ona görə də onlar qaraja getmədən avtobusları yaşadıqları ərazidə yol kənarlarında saxlayırlar. Yəqin, qaraja getməmək üçün də bir bəhanə tapıblar ki, guya kimsə benzini çəkir. Qarajlarda benizini kimlər çəkə bilər ki? Orada xüsusi nəzarətçi olmalıdır. Onlar texniki müayinə aparırlar ki, avtobus səhəri gün xəttə çıxanda saz vəziyyətdə olsun. 

Qaydalara görə, hər bir marşrutun özünün qarajı olmalıdır. Xidmət başa çatdıqdan sonra avtobusların hamısı bir qayda olaraq qaraja yığılmalı, orada texniki müayinə edilməli, qüsurlar aradan qaldırılmalıdır.

Sürücü də sabahı gün gəlib avtobusu götürəndə tibbi müayinədən keçib sonra yola çıxmalıdır. Amma vəziyyət elə gətirib ki, sürücülər avtobusu evinin yanında saxlayır.

Nə avtobus texniki müayinədən, nə də sürücü tibbi müayinədən keçir.

Sonra da sərnişindaşıma fəaliyyəti ilə məşğul olur. Yoxlama zamanı isə məlum olur ki, ya sürücü sərxoşdur, ya da sükan arxasında yatır. Necə ki, sükan arxasında siqaret çəkən, yatan sürücülər görmüşük. Avtobus sürücülərinin səhlənkarlığından bu cür xoşagəlməz mənzərə ortaya çıxır”.