Alimdən mühüm təklif: "Azərbaycanda da atalıq məzuniyyəti labüddür !"    

"Hazırda Azərbaycan cəmiyyəti atalıq məzuniyyətinə hazır deyil". 

Bunu "Sherg.az"a atalıq məzuniyyəti haqda danışarkən sosioloq-alim Əhməd Qəşəmoğlu bildirib.

Onun sözlərinə görə, bu məsələ ətrafında çox müzakirə aparıb:

"Cəmiyyətimiz getdikcə mürəkkəbləşir, həssaslaşır. Yəni, insanlar arasında münasibətlər dəyişir. Müzakirə etdiyimiz atalıq məzuniyyəti elə cəmiyyətin bu həssaslığından irəli gəlir. Xaricdə bu praktika çox geniş yayılıb.



Demək olar ki, adi hal alıb. Ana iş yerindən icazə ala bilmədikdə, evdə uşaqlarla ata məşğul olur. Eyni zamanda təzə ata olan bir şəxsin müəyyən müddət ailəsinin yanında olması da vacibdir. 

Elə bu faktorlardan dolayı Azərbaycanda da atalıq məzuniyyətinin tətbiqi labüddür. Ölkəmizdə bu sahədə qanunvericilik bazası hazırlanmayıb. Atalıq məzuniyyəti ilə bağlı hüquqi qərar yoxdur. Fikrimcə, ictimai rəy də buna hazır deyil.

Çünki bəzi insanlara atalıq məzuniyyəti dedikdə bu ifadəyə gülür. Bu sahədə hər hansısa bir iş görüldükdə öncə cəmiyyətə rəy formalaşmalıdır. Həmçinin atalıq məzuniyyəti qabardılmalıdır ki, bu məsələ Milli Məclisin gündəminə daşınsın və müəyyən ölçülər götürülsün".