“Bir çox sahələrdə qadınların aktivliyini müşahidə edirik” – Mütəxəssis 


Son 18 ildə Azərbaycanda elmi tədqiqatla məşğul olan qadınların sayı artıb. Belə ki, 2000-ci ildə ölkədə 3572 qadın elmi tədqiqat və işləmələrlə məşğul olub. 2010-cu ildə bu say 5096-a, 2018-ci ildə 5117 nəfərə çatıb.

Tədqiqatçı qadınların çoxu - 2037 nəfəri elmin təbiət sahəsi üzrə araşdırmalar aparır. Qadınların elmdə təbiət istiqamətindən sonra daha çox araşdırma apardıqları sahə humanitardır.

Ötən ilin məlumatlarına görə, ölkədə 832 qadın humanitar sahə üzrə tədqiqat aparır. Qadınların elmdə ən az diqqət göstərdikləri sahə tibdir. Ötən il cəmi 3 nəfər qadın tibb sahəsi üzrə tədqiqat işi aparıb. 

Vəziyyəti dəyərləndirən “Azad” Müəllimlər Birliyinin sədri, təhsil eksperti Məlahət Mürşüdlü “Sherg.az”a açıqlamasında deyib ki, son zamanlar xanımlarımızın sosial həyatda fəallığı artıb. 

Ekspert bildirib ki, bunu elm sahəsində də müşahidə edirik:

“Bu onu göstərir ki, qanun qəbul edildikdən sonra qadınlarımızın gender bərabərliyi təmin olunub. Beləliklə, xanımlar özləri üçün nəticə çıxarıblar və daha çox humanitar sahələrə meyl ediblər.

Ümumiyyətlə, bir çox sahələrdə xanımların aktivliyini müşahidə edirik. Universitet və orta məktəblərdə qadınlar çoxluq təşkil edir.

Onların say baxımından müəyyən fakültələr üzrə üstünlüyünü müşahidə edirik. Elm sahəsində çalışdıqlarına görə və elmi tədqiqatlar apardıqları üçün yaranmış şərait tələb edir ki, qadınlarımız bu sahədə fəallıq göstərsinlər. Lakin arzu edirəm ki, texniki sahələrdə də qadınlarımızın tədqiqat işlərinin şahidi olaq”.