Vəziyyət ciddidir: Gürcüstandakı soydaşlarımızın tələbi haqlıdırlar

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Qaçağan kəndinin sakinləri yerli polis şöbəsinin qarşısında etiraz aksiyası keçiriblər. Kənd sakinləri son zamanlar kənddə mal-qara oğurluğunun artmasına etiraz ediblər. Aksiyaçılar bildiriblər ki, son 4-5 ay ərzində kənddə 100-ə yaxın mal-qara oğurluğu hadisəsi baş verib və bunların əksəriyyətinin üstü açılmayıb. 

Sakinlər polisin məsələyə laqeyd yanaşdığını və oğurluq faktı ilə bağlı müraciət edənlərə alçaldıcı davrandığını bildiriblər. Aksiyada müxalif “Vahid Milli Hərəkat” partiyasının Marneuli təşkilatının sədri Aqil Mustafayev və Marneuli bələdiyyə məclisinin üzvü Azad Kərimov da iştirak ediblər. Qaçağan inzibati ərazi vahidliyinin deputatı Hüseyn Hüseynov aksiyanın keçirildiyi əraziyə gəlib. Etirazçılar problem həll olunmayacağı təqdirdə daha geniş miqyaslı aksiya keçirəcəklərini bildiriblər.



Zəlimxan Məmmədli: “Oğurluq kütləviləşirsə, cinayətkarlar tapılmırsa, təbii ki, müvafiq orqanlar məsuliyyət daşıyırlar”


Soydaşlarımızın etirazı ilə bağlı “Şərq”ə danışan “Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədli deyib ki, əgər yerli camaatın mal-qarası kütləvi oğurlanırsa, hüquq-mühafizə orqanları hadisəyə ciddi yanaşmalı, oğruları vaxtında tapmalıdır. 

Qurum sədrinin sözlərinə görə, müvafiq orqanlar açıqlamaları zamanında verməlidir: 

“Soydaşlarımız nə etdiklərinin fərqindədir. Əgər etiraz aksiyası təşəbbüsü göstərirlərsə, deməli, vəziyyət ciddidir, onlara reaksiya da ciddi olmalıdır. Yaxşı olar ki, hüquq-mühafizə orqanları ittihamlarla bağlı vaxtında açıqlama yaysınlar. Camaat da bilsin ki, polis oğruları axtarırmı, hadisə ilə bağlı cinayət işi açılıbmı, hansı tədbirlər görülüb? Çünki bu işlərlə məşğul olmaq yerli hüquq-mühafizə orqanlarının vətəndaş qarşısında birbaşa məsuliyyətidir. Oğurluq kütləviləşirsə, cinayətkarlar tapılmırsa, təbii ki, müvafiq orqanlar məsuliyyət daşıyırlar. Yerli sakinlər öz hüquqları uğrunda mübarizə apardığı üçün əlavə şərhlərə ehtiyac görmürəm. Lakin bütün hallarda hakimiyyətdəki mənfi tendensiyaların olması faktını zaman-zaman gündəmə gətirmişəm”.