Badamdarda daim sürüşmə olacaq - Mütəxəssis səbəbləri İZAH etdi

“Badamdarda daim sürüşmələr baş verəcək”.  Bunu Sherg.az-a açıqlamasında Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira Budaqova deyib. 

Tanınmış memar bildirib ki, Badamdar sürüşmə zonası olduğu üçün orada bu halın davamlı yaşanacağı şübhəsizdir: 

“Badamdarda çoxmərtəbəli, ağır binalar tikilməməlidir. Orada ancaq teras evləri tikilə bilər. Həmin ərazidə indiyə qədər dəfələrlə sürüşmə baş verib. Bundan sonra da olacağı istisna deyil. Oranın torpağı binaların ağırlığına dözmür. 



Zemfira Budaqova: “Oranın torpağı binaların ağırlığına dözmür. Əfsuslar olsun ki, üzərində bina inşa edilən torpağın xüsusiyyətlərini araşdırmırlar”


Əfsuslar olsun ki, üzərində bina inşa edilən torpağın xüsusiyyətlərini araşdırmırlar. Torpaq 50 metr dərinliyə qədər dəqiq tədqiq edilməlidir. Tikililərin təməli ana torpağa otuzdurulmalıdır. Əgər qazıntı zamanı 50 metrə qədər ana torpaq qatına rast gəlinmirsə, orada qətiyyən ağır və hündür binalar tikmək olmaz. Çünki belə ərazilərdə sürüşmə riski yüksəkdir. İndi bina tikənlər 4-5 metr dərinliyə enən kimi bununla kifayətlənir və tələsik rəy verirlər. Savadlı, təcrübəli geoloqlarımız da yoxdur. İşi bilən azsaylı geoloqların çoxu artıq yaşlaşıb, onların da məsləhətlərinə qulaq verən tapılmır”.