"Gənc memarlar şəhərsalma işində faydalı ola bilməzlər" - Zemfira Budaqova

"Mənim gəlinim, qızlarım da memardır, ancaq binaların tikilməsi ilə bağlı zəruri dərsliklərdən, memarlıqla bağlı elmi kitablardan xəbərləri yoxdur"


“Paytaxt Bakıda və digər şəhərlərdə binaların inşa edilməsində təcrübəli memarlar iştirak etməlidir, çünki gənclər bu işi bacarmayacaq”. 

Bunu Sherg.az-a açıqlamasında Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira Budaqova deyib. 

Tanınmış memar bəyan edib ki, gənc mütəxəssislər memarlıqla bağlı sirrləri mənimsəyə bilməyiblər: 

“Mənim gəlinim, qızlarım da memardır, ancaq binaların tikilməsi ilə bağlı zəruri dərsliklərdən, memarlıqla bağlı elmi kitablardan xəbərləri yoxdur. İndi tikinti ilə bağlı yeni kitablar çıxarıblar, 10-15 manata zorla tələbələrə sırıyırlar. Memarlığın vacib qanunlarını öyrənmək lazımdır. Bunları bilməyən gənc memarlar şəhərsalma işində faydalı ola bilməzlər. Bununla yanaşı, icra hakimiyyətləri, bələdiyyələr vətəndaşlardan müəyyən məbləğdə pul alaraq, harada gəldi tikintiyə icazə verirlər. Ona görə də şəhərdə arzuolunmaz mənzərə yaranır. Prezidentin göstərişinə əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində yaradılacaq monitorinq qrupuna memarlığı dərindən bilən, çoxillik təcrübəyə malik kadrlar cəlb olunmalıdır. Şəxsən, monitorinqlərə məni dəvət etsələr, canla-başla çalışmağa və bütün bildiklərimi tətbiq etməyə hazıram. Böyük məmnuniyyətlə, təklifi qəbul edərəm. İnanın, Bakıdakı binaların qarşısından keçəndə iyrənirəm. Bir binada az qala 200 memarlıq üslubundan istifadə edilib, aləmi bir-birinə qatıblar. Nəticədə eybəcər bir tikili alınıb. Binalar adamın üstünə gəlir. Bir sıra tikililər üzərində isə ümumiyyətlə heç bir memarlıq üslublarından istifadə etmirlər, binalar daş yığınından ibarət olur. Ona görə də hər tikilinin üzərində təcrübəli konstruktorlar və memarlar çalışmalıdır”. 

Z.Budaqova geoloji baxımdan olduqca təhlükəli sayılan ərazilərdə çoxmərtəbəli binaların tikilməsinə də etiraz edib: 

“Xeyli vəsait sərf edib körpü tikirlər, bir neçə ildən sonra çat verir. Çünki yerin alt qatında çay kimi axan sulardan, torpağın təbəqələrindən xəbərləri yoxdur. Təsəvvür edin, torpaqdakı problemdən dolayı bəzi yerlərə sular yığılır və süni göl yaranır. Bəzi işbazlar isə həmin göllərin ətrafında restoranlar tikirlər. Fərqinə varmırlar ki, orada göl niyə yaranıb, suyu haradan yığılıb?! Avtovağzal tərəfdə bataqlığın üzərini torpaqla dolduraraq binalar tikdilər, indi həmin binalarda çatlar əmələ gəlib. Bataqlığın suyu başqa bölgəyə axıdılmalı və ərazi ondan sonra qurudulmalı idi. Bir də görəcəklər ki, o boyda kompleks çöküb. Bayıl sürüşkən zonadır, orada hündür və ağır binaları niyə tikirlər, onlara kim icazə verir? İcra hakimiyyətlərində, bələdiyyələrdə oturanlar pul yığmaqla məşğuldur. Onları insanların təhlükəsizliyi, şəhərdəki tikililərin memarlıq üslubları maraqlandırmır. Paytaxtda münasib yerdə və düzgün qaydada tikilmiş bir bina yoxdur ki, onu misal göstərəsən”. 

Qeyd edək ki, Prezident İlham Əliyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevi qəbul edərkən bir sıra mühüm məqamlara toxunub. Dövlət başçısı paytaxt Bakıda və digər şəhərlərdə şəhərsalma qaydalarının bəzi hallarda kobud şəkilsə pozulduğunu söyləyib. Dövlət başçısı bu kimi halların yolverilməz olduğunu deyib: “Əfsuslar olsun ki, əvvəlki dövrlərdə şəhərsalma qaydaları bəzi hallarda kobudcasına pozulurdu. Bakının müxtəlif yerlərində tarixi keçmişimizə zidd olan, heç bir memarlıq standartına uyğun olmayan yöndəmsiz və eybəcər binalar tikilirdi. O binalar elə tikilirdi ki, həm ümumi mənzərəyə ziyan vururdu, həm də orada heç bir şəhərsalma əmsalı nəzərdə tutulmurdu”. Prezident bildirib ki, son vaxtlar göstərişi ilə, xüsusilə Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərliyinin dəyişilməsi nəticəsində artıq bu qaydalara riayət edilməyə başlanıb: “Bakı şəhəri bundan sonra ancaq Baş Plan əsasında inkişaf etməlidir. Baş Plana uyğun olmayan heç bir bina Bakıda tikilməməlidir. Sizin nəinki Bakıda və böyük şəhərlərdə, bütün ölkə üzrə monitorinq qruplarınız olmalıdır. Çünki bəzi hallarda torpaqlar zəbt olunur və tələm-tələsik binalar tikilir. Sonra da bu binalar, evlər hansısa qanunsuz yollarla sənədləşdirilir və biz artıq fakt qarşısında qalırıq. Ona görə monitorinq qrupları olmalıdır”.